Öldürməyən zəlzələlər - FOTO - VİDEO

Dünya Türkiyədə baş verən zəlzələnin fəsadlarından danışır. Anadolunun seysmik zonada yerləşməsini hamı bilir. Lakin dünyada daha yüksək seysmik riskə malik başqa ölkə də var. Söhbət hər gün irili-xırdalı onlarla zəlzələnin baş verdiyi Yaponiyadan gedir. Bəs orada zəlzələdə nə qədər tələfat olur? Suala cavab vermək üçün tarixə nəzər salaq.
Avtosfer.az-ın xəbərinə görə, Yaponiyada da ötən əsrin 50-ci illərinədək on və yüz minlərlə insanın ölümünə səbəb olan zəlzələlər baş verib. Həm də nəzərə alaq ki, Gündoğar ölkədə böyük zəlzələlər əksər hallarda sunami ilə müşayiət olunur.
1703-cü ildə Tokioda baş verən 8 ballıq zəlzələdə 108 min nəfər həlak olmuşdu. Onlardan 3 minə qədərini zəlzələ, qalanını isə sunami məhv etmişdi.
1 sentyabr 1923-cü ildə baş vermiş Böyük Kanto zəlzələsi Tokionu və Yokoxamanı yerlə-yeksan etdi, təxminən 150000 adam tələf oldu. Kanto zəlzələsinin episentri Tokiodan 90 km cənub-qərbdə, Osima adası yaxınlığındakı Saqami körfəzində yerləşirdi. İki sutka ərzində 356 yeraltı təkan müşahidə olunub.
Zəlzələ Tokio, Yokohama, Yokosuka və bir neçə şəhəri yerlə-yeksan etdi. 542 min nəfər itkin düşdü və bir milyondan artıq insan evsiz qaldı. Zərərçəkmişlərin ümumi sayı 4 milyon nəfər hesab olunur. Zəlzələ ardınca okeanda yaranan nəhəng dalğalar sahil boyunda yerləşən bir çox yaşayış məskənini məhv etdi.
Yaponiya tarixinin ən böyük zəlzələsi belə demək mümkünsə xalqı da silkələdi. Ölkədə böyük bünövrəli tikintilər başladı və bu da öz təsirini göstərdi. Təbii ki o dövrün texnologiyası tam dayanıqlı binalar tikməyə imkan vermirdi.
Əsas dönüş nöqtəsi 1960-cı illərdə oldu. Yaponlar elmi əsasla zəlzələyədavamlı tikililər inşa etməyə başladılar. Hazırda bu tip tikintilər üzrə onlarla elmi-tədqiqat institutu fəaliyyət göstərir, yeni material və texnologiyalar hazırlanır. Binaların bünövrəsinə amortizasiya edə bilən, oynaq, “rəqqas mexanizmli” materiallar yerləşdirilir. Bununla belə, binaların hündürlüyünə məhdudiyyət yoxdur. Kiotoda, Tokioda 200 metr hündürlükdə binalar tikilir, Tokio teleqülləsi 634 metrdir. Zəlzələdə binalar yırğalanır, lakin dağılma baş vermir. Belə demək mümkünsə, yaponlar zəlzələ ilə yaşamağa öyrəşiblər.
Şüşə qırıntıları ciddi risk yaratdığı üçün Yaponiyada yaşayış binalarında pəncərələrin sahəsinə məhdudiyyət tətbiq edilir. Şüşənin isə tərkibinə dəmir qatılır ki, qırıldıqda sərt kəsici kənar yaranmasın. Düzdür, bu halda işıqburaxma azalsa da, insan həyatı qorunmuş olur.
Yaponiyada hər yeni tikili və hər tikinti materialı xüsusi olaraq yoxlanılır. Təyinatından asılı olmayaraq 1 mərtəbədən yüksək bütün binalar tikinti zamanı zəlzələyə qarşı test edilir (eynən avtomobillərin istehalqabağı kraş testi kimi). Nəticə də göz qabağındadır. Yanvar ayında gücü 4,5 baldan yuxarı 10 zəlzələdə heç bir dağıntı və tələfat olmayıb. Halbuki Türkiyədə son zəlzələdə episentrdən kənarda da (o cümlədən Suriyada) ciddi dağıntılar müşahidə olunur. 21-ci əsrdə 4-5 ballıq zəlzələdə binanın uçması yumşaq desək cinayətdir.
21-ci əsrdə gücü 6-8 bal arası olan onlarla zəlzələlərdə ya insan tələfatı olmayıb, ya da ölənlərin sayı təkrəqəmli olub. 21 mart 2011-ci ildə saat 5.46-da baş verən 9,1 ballıq zəlzələ 16 minədək insanın həyatına son qoyub. Lakin burada birbaşa zəlzələ nəticəsində ölənlərin sayı heç 200 nəfər deyildi. İnsanların həyatına təkanlar deyil, şiddətli sunami, Hündürlüyü 40 metrə çatan dalğalar son qoyub. Zəlzələ həm də yapon mühəndislərin peşəkarlıq səviyyəsini dünyaya göstərdi.
Bəli, zəlzələnin qarşısını almaq mümkün deyil. Lakin Yaponiya təcrübəsi göstərir ki, təbii fəlakətdən minimal itki və ziyanla çıxmaq mümkündür. 5 ballıq zəlzələ isə ümumiyyətlə risk yaratmır. Bunun üçün bütün tikililər elmin son nailiyyətlərinə istinad etməli, tikinti işçlərinə ciddi nəzarət olmalıdır. Ən əsası, tikinti aparan şəxs vicdanlı olmalıdır. Çünki vicdan amilini əvəz edən bir şey hələ tapılmayıb.
Yaponlar yol tikintisinə də eyni ciddiliklə yanaşırlar. Dəmir və avtomobil yolları zəlzələyədavamlı formada tikilir. 5 baladək zəlzələdə qatarların hərəkəti ümumiyyətlə dayandırılmır.
Bir sözlə, məşhur “qum-sement-armatur” lətifəsi Yaponiya üçün keçərli deyil. Buna görə də, Gündoğar ölkədə dağılan tikintidə kərpicdən bötövlükdə qopmuş suvağa, və ya betona yapışmayan armatura rast gəlinmir.
Vüqar















