Onlar DYP-ni saymır; ziyan sürücülərə dəyir

Gündəm 27 İyun 2014 00:08 Oxunub 2262
Onlar DYP-ni saymır; ziyan sürücülərə dəyir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bir-birindən xəbərsiz yolları qazırlar, sonra da «alternativ yol» axtarırlar

 

 

Emil Axundov: «Tıxac yaranmaması üçün avtomobillərin hərəkəti üçün əlavə yollar ayrılmalıdır» 

 

Azərbaycanda yol tikintisi geniş vüsət alıb. Həm respublika əhəmiyyətli, həm də şəhərdaxili xeyli yollar çəkilib. Ümümilkdə, yolların çəkilməsi təqdirəlayiq olsa da, bəzən külli miqdarda dövlət vəsaiti hesabına tikilən həmin yollar qısa müddətli istismardan sonra sıradan çıxır. Həmçinin, bəzən şəhərdaxili bir neçə yolda eyni zamanda təmir işləri aparılır ki, bu da yol hərəkəti iştirakçılarının narazılığına səbəb olur. Belə ki, eyni istiqamətə aparan bir yolda «Azəryolservis» ASC təmir işləri aparır, digər yolda Bakı Metropoliteni metro inşa edir. Bir yolu «Azərsu», digərini «Bakıelektrikşəbəkə» qazaraq kommunal xətləri təmir edir. Belə olan halda onsuz da hərəkət çətin olan yollarda əlavə tıxaclar yaranar. Halbuki, bu kimi işlər aparılarkən digər yol hərəkəti iştirakçıları da nəzərə alınmalı və Dövlət Yol Polisi İdarəsi də bu barədə məlumatlandırılmalıdır. Hansısa yolun təmiri üçün icazə alınmalı olan 32 təşkilatdan biri və birincisi elə yol polisi olmalıdır. Amma yol çəkənlər bəzən bunu unudur və nəticədə bir qəsəbədə eyni vaxtda bir təşkilat yol çəkir, digəri kanalizasiya xətti çəkir. Məsələn, hazırda Bayıl qəbəsəsində, yolun 20-ci sahə yaşayış massivinə daxil olan hissəsində yeraltı piyada keçidiyi tikildiyi üçün həmin yolla əks istiqamətdə hərəkət məhdudlaşdırılıb. Maşınlar 20-ci sahə qəbəsinin içərisindən alternativ yolla hərəkət edib Bibiheybət məscidindən gələn yola çıxmaqla Bayraq Meydanına tərəf hərəkəti davam etdirə bilərlər. Amma gəlin görək, hər kəs şəhərə gəlməlidirmi? Bəs, o ərazidə yaşayan insanlar evlərinə necə getməlidir? Bunun üçün Salyan yolunda – Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin yeni binasının yanından ara yolla hərəkət edib Gülbala Əliyev küçəsindən keçməklə insanlar mənzil başına rahat çata bilirdilər. Lakin bu dəfə kanalizasiya və elektrik xətti çəkənlər heç kimə xəbər vermədən, elə «burunlarının dibində» olan Səbail DYPŞ ilə məsləhətləşmədən həmin ara yolu də kəsib qazmağa başlayıblar. İndi «Bakı gecələri» restoranı istiqamətində yaşayanlar evlərinə getmək üçün Bibiheybət yolu ilə hərəkət edib Bayraq Meydanının yanından dönüb geri qaytmaq məcburiyyətində qalıblar. Bax, əsl biabırçılıq budur. Görəsən, yol çəkənlər, su-kanal idarəsi, elektrik çəkənlər yol polisini niyə saymırlar? Niyə yol polisi ilə məsləhətləşmədən hansısa bir mühəndisin göstərişi ilə yolları qazıb insanları narahat edirlər? Yol hər tərəfdən bağladıqları halda, bəzən yol polisi sürücülərə «alternativ yollardan istifadə etməyi» tövsiyyə edir. Məgər, belə olan halda alternativ yol qalır? Əlbəttə, yox. Elədirsə, ya yol polisi yerində deyil, ya da yol qazanlar yol polisini saymır. «Yol hərəkəti haqqında» qanunda isə birbaşa yazılıb ki, yollarda təmir-tikinti işləri mütləq və mütləq müvafiq orqanlarla, ən əsası da, yol polisi ilə razılaşdırılmalıdır…

Məsələyə münasibət bildirən Əməkdar memar Emil Axundov bəzi istiqamətlərdə bir neçə yolun eyni zamanda tikilməsini düzgün hesab etmir: «Tikinti aparılacaq yollar barədə əhaliyə əvvəlcədən xəbərdarlıq edilməlidir. Avtomobillərin hərəkəti üçün əlavə yollar ayrılmalıdır. Bakıda isə bəzən eyni istiqamətdə bütün yollarda bir vaxtda təmir aparılır. Yol çəkilişi barədə heç bir xəbərdarlıq nişanları qoyulmur. Nəzərə alınmır ki, bu qədər maşın necə hərəkət edəcək. Digər tərəfdən yol tikintisində bəzən elementar məsələlər nəzərə alınmır. Hazırda dünyada qəbul olunan standartlara görə, birinci növbədə asfaltın səsboğucu xüsusiyyətinə fikir verilir. Xüsusi mateariallar var ki, şəhər yollarında maşınların səsini boğur. Buna görə də Avropa yollarında maşınların hərəkəti çox səssizdir. Digər tərəfdən yolların xüsusi işıq verən materiallardan istifadə edilir. Azərbaycanda isə hələ də bunları görmək mümkün deyil».

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov isə deyir ki, yollarda təmir işləri aparılarkən və ya kommunal xətlər yenilənərkən yolun qazılması zərurəti yarandıqda bu barədə rəsmi məlumat alırlar: «Yolda təmir işləri aparılarkən «Azəryolservis» ASC və ya Bakı şəhər İcra Hakimiyyətindən bizə məlumat verilir. Həmçinin, əhaliyə kommunal xidmət göstərən təşkilatlar tərəfindən işlər aparılarkən yolların bağlanması zərurəti yarandıqda bu barədə rəsmi məlumat alırıq. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bu barədə məlumat aldıqdan sonra dərhal ictimaiyyəti məlumatlandırır. Hazırda Həsən Əliyev küçəsi, Ziya Bünyadov prospektində təmir işləri ilə bağlı yolun bəzi hissələri bağlıdır. Bu barədə də ictimaiyyət məlumatlandırılıb».

Bəli, bunu başa düşdük. Bu küçə və yolar şəhərin mərkəzidir və geniş istifadə olunur. Bəs, ara yollar, gözdən-könüldən uzaq yollar? Orada yaşayanları düşünmək lazım deyil? Bəs, qanunda yazılanlar necə olsun? Bu suallara da cavab tapmaq, daha dəqiq desək, doğru cavab tapmaq maraqlı olardı.

Digər bir maraqlı məsələ isə budur ki, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC yol çəkir, amma sürücülər buna imkan vermir. Bir qədər gülməli səslənsə də, hər halda, ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev iyunun 17-dən Həsən Əliyev küçəsinin Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməsindən Azər Əliyev küçəsinə qədər olan hissəsində təmir işlərinə başlandığını, lakin təmirin yarımçıq dayandırıldığını bildirib: “Həmin hissədə müəyyən işlər həyata keçirilib. Digər işlərin isə 10 gün müddətində yekunlaşdırılması və yolun yenidən istifadəyə verilməsi gözlənilirdi. Lakin avtomobillərin yolu kobud şəkildə zəbt etməsi nəticəsində burada dözülməz vəziyyət yaranıb. Ərazidə təmir işləri aparmaq mümkün deyil. Məhz bu səbəbdən bu gündən etibarən işlərin aparılmasının mümkünsüzlüyünü görən "Azəryolservis" ASC-nin rəhbərliyi ərazidən bütün texnikaların çıxarılması barədə qərar verib. Ona görə də həmin ərazidə işlərin nə zaman bitəcəyi və yolun nə vaxt tam açılacağı məlum deyil. Bu səbəbdən yol elə beləcə, bərbad vəziyyətdə qalacaq".

P.Mürsəliyev sürücülərə edilən çoxsaylı xəbərdarlıqların heç bir fayda vermədiyini də qeyd edib: “Maşınları park edirlər, sonda edilən bütün xəbərdarlıqlara baxmayaraq, onları ərazidən götürmürlər. Bəziləri deyirlər ki, həyətimizdə maşın saxlamağa yer olmadığından burada saxlayırıq. Bəs maşını almamışdan əvvəl fikirləşmirlər ki, onu harada saxlayacaqlar? Ticarət obyektlərinin, ofislərin qarşısında isə vəziyyət daha acınacaqlıdır. Burada avtomobillər yolu tam kəsirlər. Ona görə də artıq bu vəziyyətdə işləmək mümkün deyil”.

Maraqlıdır, vətəndaşlar yolu kəsib yol çəkənlərə mane olursa, bunu həll etməyin yolu yoxdur? Belə çıxır ki, ya, «Azəryolservis» ASC işi düzgün təşkil, ya DYP-dən xəbərsiz iş görüb, ya DYP-dən kömək istəməyə utanırlar. Necə yəni, vətəndaşlar maşını orada saxladığı üçün yolda təmir işi aparmaq mümkün deyil? Evakuatorlar haradadır bəs? DYP-yə niyə müraciət olunmur? Hər halda, yol çəkmək uşaq oyuncağı deyil ki, küsüb atasan, kefinin yaxşı vaxtına düşəndə gəlib yenidən oynayasın. Hər bir yolun sutkalarla bağlı qalması minlərlə insana problem yaradır, əsəb gərginliyinə səbəb olur. Və ən əsasında, belə təəssürat yaranır ki, nə yol çəkənlər düzgün işləmir, nə də DYP. Bir gün bu təəssürat reallığa da çevrilə bilər…

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh