Reklam

"Paşinyanı hakimiyyətə gətirən dairələr Zəngəzur dəhlizin yaradılmasına imkan vermirlər"

Gündəm 22 Avqust 2024 19:57 Oxunub 298
"Paşinyanı hakimiyyətə gətirən dairələr Zəngəzur dəhlizin yaradılmasına imkan vermirlər"
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Rusiya Prezidenti Vladimir Putinin Bakıya ikigünlük səfəri Ermənistanda narahatlıqlar yaradır. Bununla yanaşı Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın Baş naziri Nikol Paşinyanı ittiham etməsi bəzi məsələlərdə narazılıqlara gətirib çıxarıb. Bunlardan biri də kommunikasiyaların, şərti adla Zəngəzur dəhlizinin açılmasıdır.

Putinin səyi ilə dəhlizin açılması tezləşdirilə bilər?

Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı "redaktor"a danışan millət vəkili, siyasi ekspert Elşad Mirbəşiroğlu dedi ki, Paşinyanı hakimiyyətə gətirən dairələr birgə bəyanatda göstərilən şərtlərə uyğun dəhlizin yaradılmasına imkan vermirlər.

"Bildiyimiz kimi, 2020-ci ilin 10 noyabr tarixində imzalanmış Birgə Bəyanatın doqquzuncu maddəsində Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında dəhlizin yaradılması nəzərdə tutuldu və Ermənistanın Baş naziri Nikol Paşinyanın da həmin o sənəddə imzası var. Ermənistan müstəqil siyasət yürütmək gücündə deyil. Ermənistan Paşinyan tərəfindən kənardan gələn təlimatlarla idarə edilir. Bunu biz çox yaxşı bilirik. Ona görə də Paşinyanı hakimiyyətə gətirən dairələr birgə bəyanatda göstərilən şərtlərə uyğun dəhlizin yaradılmasına imkan vermirlər və Paşinyan da o təlimatlardan kənara çıxa bilmir. Yəni Rusiyanın nəzarət edəcəyi bir dəhlizin yaradılmasına Ermənistan və onu dəstəkləyən dairələr imkan vermirlər".

Elşad Mirbəşiroğlunun sözlərinə görə, Azərbaycanın kommunikasiyadan imtina etməsinin xüsusi səbəbi var:

"Azərbaycanın mövqeyi ondan ibarətdir ki, nəhayət, regionda sülh əldə edilsin. Bu, regionun gələcəyi üçün təhlükəsizliyinin etibarlı təmin olunması üçün çox vacibdir. Azərbaycan növbəti dəfə praqmatik davrandı və hesab edirəm ki, həm də Azərbaycanın sərgiləmiş olduğu Ermənistanın sülh ritorikasında nə dərəcədə səmimi olduğunu müəyyənləşdirməyə imkan verəcək. Ermənistan bu günə kimi hər cür bəhanə ilə sülh sazişini imzalamaqdan yayınıb və bu gün də onun deməli, qəbul etmədiyi şərtlərdən biri də Zəngəzur dəhlizinin açılması məsələsi idi. Azərbaycan bu məsələni sonrakı mərhələyə saxlamaqla "Görək, Ermənistan bundan sonra hansı bəhanə gətirəcək?" sualını ortaya qoymuş olur.

Sözsüz ki, Azərbaycan heç bir halda regionda kommunikasiyaların açılması məsələsini arxa plana keçirmir, sadəcə olaraq, regionumuz üçün daha vacib əhəmiyyət kəsb edən sülhün əldə olunması naminə belə bir mövqedən çıxış edir. Yəni Azərbaycanın mövqeyi olduqca praqmatikdir, Cənubi Qafqaz regionuna görə bütün mənalarda məsuliyyəti öz üzərində hiss eləyən dövlətin mövqeyidir. Amma düşünürəm ki, Ermənistan bütün hallarda sülhdən yayınmaq üçün bəhanələr tapacaqdır. Biz bu günə qədər də Ermənistanın əlindən bütün manevr imkanlarını çox böyük ustalıqla çıxarmağı bacarmışıq və dəhliz məsələsində sərgilədiyimiz mövqe də növbəti dəfə Ermənistanın manevr imkanını əlindən çıxarmağa hesablanıb. Ermənistan onsuz da hər zaman nümayiş etdirib ki, o öz imzasına çox etinasız yanaşır və biz həm də, bununla bütün dünyaya haqlı mövqedən çıxış etdiyimizi nümayiş etdirmək istəyirik. Çünki Ermənistana, həqiqətən də güvənmək olmaz".

Millət vəkili qeyd etdi ki, Ermənistan tələblərimizə əməl etməməklə Azərbaycana qarşı çıxır.

"Biz tələb edirik ki, Ermənistan konstitusiyasında dəyişiklik etsin. ATƏT-in Minsk qrupunun  ləğv olunması üçün müraciətə qoşulsun. Çünki Ermənistanın bir istinad nöqtəsi qalarsa, gələcəkdə o yenidən Azərbaycana qarşı çıxacaq. Onsuz da, istəyinin də bundan ibarət olduğunu biz görməkdəyik. Rusiyanın xarici işlər naziri Lavrov da Ermənistanın dəhlizi sabotaj etdiyini açıq mətnlə bildirdi. Rusiya çox gözəl bilir ki, Zəngəzur dəhlizinin açılmasına qarşı olan tərəf məhz Ermənistandır. Ona görə də Lavrov bunu çox açıq şəkildə və sərt formada səsləndirmiş oldu. Yəni bu gün Rusiyanın da haqlı mövqeyi ondan ibarətdir ki, Ermənistan regionda olduqca destruktiv fəaliyyətlə məşğul olur. Əslində, Ermənistanın bu neqativ obrazı haqqında Rusiyanın təsəvvürlərinin möhkəmlənməsi də əhəmiyyətlidir. Azərbaycan isə hər zaman olduğu kimi Cənubi Qafqaz regionunda təhlükəsizliyin, sülhün və səmərəli əməkdaşlığın tərəfdarı olub və bu istiqamətdə də prinsipial addımları ilə seçilib", - deyə E.Mirbəşiroğlu bildirdi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh