Paytaxt yolları bağlanacaq

Gündəm 18 Mart 2016 11:07 Oxunub 1126
Paytaxt yolları bağlanacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Artıq tədbirlərin keçirildiyi ərazilər, onlara bitişik küçə və yollar nəzarətə götürülüb

Novruz bayramı şənliklərinin keçirilməsi ilə əlaqədar olaraq, sabahdan etibarən Bakının bir sıra yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Avtosfer.az xəbər verir ki, bu barədə milli.az-ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, Novruz bayramı şənliklərinin qeyd edilməsi məqsədilə paytaxt Bakıda möhtəşəm mərasimlərin keçirilməsi nəzərdə tutulur. Bu mərasimlərin, eləcə də yol hərəkətində təhlükəsizliyin təmin edilməsi məqsədi ilə yol polisi gücləndirilmiş iş rejimində xidmətə başlayıb. Artıq tədbirlərin keçirildiyi ərazilər, onlara bitişik küçə və yollar nəzarətə götürülüb.

V.Əsədov qeyd edib ki, martın 19-u səhər saatlarından etibarən Gənclər Meydanı - Qoşa Qala Qapısı - İçərişəhər meydanı - Qız Qalasının yaxınlığı və Dənizkənarı Milli Park boyunca keçiriləcək tədbirlə əlaqədar bir sıra yollarda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq:

"Belə ki, Azneft dairəsindən, Niyazi və İstiqlaliyyət küçələrindən Azərbaycan prospekti istiqamətində hərəkət tənzimlənəcək. İstiqlaliyyət küçəsi-Azərbaycan prospekti kəsişməsindən Qoşa Qala Qapısı istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək. Tədbir bitənədək Qoşa Qala Qapısından Əziz Əliyev küçəsinə keçməklə Neftçilər prospekti istiqamətində hərəkətə tam məhdudiyyət qoyulacaq.

Eyni zamanda, Afiyəddin Cəlilov-Yusif Səfərov küçələri kəsişməsindən Cavanşir körpüsü ilə, eləcə də şəhərin mərkəzinə doğru nəqliyyatın hərəkətinə qismən fasilələrlə məhdudiyyət qoymaqla istiqamət dəyişdiriləcək. Hərəkət Yusif Səfərov və 28 May küçələrindən keçməklə Kövkəb xanm Səfərəliyeva və Rəşid Behbudov küçələri istiqamətində təşkil ediləcək.

Eləcə də Azadlıq prospektinin Zərifə Əliyeva və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsindən Neftçilər prospektinə doğru hərəkət məhdudlaşdırılacaq.

Bundan başqa, Bakı-Ələt yolunun 14-cü km-dən, 20-ci Sahə dairəsi, Bayıl qəsəbəsi və Bayraq meydanı yaxınlığından Azneft dairəsi və Neftçilər prospekti istiqamətində avtomobillərin hərəkətinə vəziyyətdən asılı olaraq fasilələrlə məhdudiyyətin qoyulması və istiqamətin dəyişdirilməsi nəzərdə tutulur".

Bölmə rəisi bildirib ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi əhali, avtomobil sahibləri və sürücülərə, bayram tədbirləri çərçivəsində keçirilən şənliklərə, konsert proqramlarına və atəşfəşanlığa qatılmaq istəyənlərə və ya adıçəkilən istiqamətlər üzrə hərəkət edənlərə şəxsi avtomobillərlə yox, ictimai nəqliyyat vasitələri ilə hərəkətə üstünlük verməyi tövsiyə edir.

Qeyd edək ki, martın 19-da Bakıda Novruz bayramı münasibətilə möhtəşəm bayram tədbiri keçiriləcək. Qız qalasından start götürəcək bayram tədbiri Dənizkənarı Milli Park boyunca davam edəcək və Muzey Mərkəzinin qarşısında sona çatacaq. Tədbir bütün gün Milli Parkda davam edəcək. Milli Parkdakı Saat Qülləsinin qarşısında saat 11:00-dan axşam saat 17:00-dək canlı konsert proqramı təşkil ediləcək. Sonda Müdafiə Nazirliyinin Hərbi orkestri, Nəfəsli alətlər orkestri, Xor Kapellasının üzvləri çıxış edəcəklər. Axşam saat 19:30-dan isə televiziya ilə canlı yayımlanacaq daha böyük bayram konserti olacaq.

Həmçinin, bayramla əlaqədar Bulvar ərazisində kənd təsərrüfatı məhsullarının yarmarkası təşkil ediləcək. "Şərq bazarı" adlı yarmarka 3 gün davam edəcək.

Bundan əlavə, bayram münasibətilə Bakı şəhərində fəaliyyət göstərən teatrlarda uşaqlar üçün maraqlı bayram tamaşaları nümayiş etdiriləcək".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh