Paytaxt yolları yenidən keçilməz oldu

Gündəm 13 Sentyabr 2014 06:17 Oxunub 1662
Paytaxt yolları yenidən keçilməz oldu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol kənarlarına qoyulan parkomatlar da sürücülərə əlavə problem yaradır

 

 

Vaqif Əsədov: «Parkomatlar yerləşdirilərkən Dövlət Yol Polisi ilə razılaşdırılır»

 

 

İki gün sonra yeni dərs ili başlayır. Artıq paytaxtdan kənarda istirahət edənlərin də əksəriyyəti geri qayıdıb. Bu da şəhərdə avtomobil sıxlığı ilə müşahidə olunur və son günlər paytaxt küçələrində tıxaclar müşahidə olunur. Onsuz da sıxlıq olan paytaxt küçələri son bir həftədə əsl dəhşəti xatırladır. Bir çox yollarda səhər və axşam saatlarında tıxacda saatlarla vaxt keçirənlər var. Bu tıxacların səbəbi təkcə paytaxtda avtomobillərin sayının artması demək deyil. Həm də paytaxt küçələrində aparılan təmir-tikinti işləri, yolların bağlanmasıdır. Son vaxtlar sürücüləri daha çox narahat edən məsələlərdən biri də Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Bakıda pullu avtomobil dayanacaqlarının yaradılması və demək olar ki, hər tində bir parkomatın qoyulmasıdır. Bu gün Bakıda yaradılan parkinqlərin və quraşdırılan parkomatların sayı çoxdur. Nəzərə almaq lazımdır ki, bu parkinqlər və parkomatlar işə salınarkən məktəblər tətildə idilər. Yəni, şəhərin sıxlığı, nəqliyyat axını nəzərə alınmadan harada gəldi parkinq və parkomatlar yaradıldı. Vaxtilə DYP-nin hər dəqiqəbaşıqa avtomobil evakuasiya edərək yolda hərəkətin intensivliyini təmin etdiyi küçə və prospektlərdə bu gün Bakı şəhər İcra Hakimiyyəti parkomatlar quraşdırıb və maşınlar orada dayanır.

Məsələyə münasibət bildirən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyir ki, şəhərdə nəqliyyatın normal hərəkəti üçün tədbirlər görülür: «Yeni dərs ilinin başlanması ilə əlaqədar Bakı polisi gücləndirilmiş iş rejimində çalışacaq. Sentyabrın 15-də yeni dərs ilinin başlaması ilə əlaqədar Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrinin yerləşdiyi ərazilər ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması məqsədilə polis tərəfindən nəzarətə götürüləcək. Təhsil müəssisələrinin ətrafında tıxac yaranmaması üçün DYP əməkdaşları həmin ərazilərdə yol hərəkətini tənzimləyəcək. Hazırda qurulan parkomatlar isə hərəkətə manne olacağını düşünmürəm. Çünki həmin parkomatlar yerləşdirilərkən Dövlət Yol Polisi ilə razılaşdırılır. Amma DYP əməkdaşları parkomatlar olan ərazilərdə də avtomobilin düzgün parklanmasına diqqət yetirəcək. Qaydalara uyğun parklanmayan avtomobillər evakuasiya olunaraq cərimə meydançasına aparılacaq. Sürücü avtromolbilin yananıda olduqda isə inzibati qaydada cərimə ediləcək. Amma fürsətdən istifadə edərək sürücülərə bir daha sürücülərə müraciət edirik ki, parklanmanın qadağan olunduğu ərazilərdə avtomobil saxlamasınlar». 

Hüquqşünas Ərşad Hüseynov isə deyir ki, paytaxtda parkomatların qurulmasının yol hərəkətinə ciddi maneə yaradacağını düşünmür: «Çünki əvvəlki illərdə də həmin ərazilərdə avtomobillər saxlanılıb. Bu il isə avtomobil dayanan həmin ərazilərə parkomant qoyulub. Ərazidə nə genişlənmə işi aparılıb, nə də əlavə işlər görülüb. Sadəcə əvvəlki illər bu dayanacaqlar pulsuz idi. Bu il isə parkomant qoyularaq oradan pul yığılır. Dəyişən sadəcə budur».

Bir neçə ay bundan əvvələ kimi dayanma-durmanın qadağan olunduğu, avtomobillərin həmin ərazilərdən evakuasiya edildiyi yerlərdə bu gün parkomat qoyulub və heç bir problem yoxmuş kimi, sürücülər pul ödəyib orada maşın park edə bilirlər. Əslində, bu, bir tərəfdən yaxşı haldır. Amma həmin parkomatlardakı qiymətlər heç də sürücülərin ürəyincə deyil. Çünki bu gün şəhərin mərkəzi küçələrində maşın saxlamaq üçün hər saata görə 1 manat ödəmək tələb olunur. Bu isə bugünkü reallıqlara uyğun deyil. Həm də, şəhərin elə yerləri var ki, orada yol polisinin ürəyi istəyəndə, kefinin yaxşı vaxtına düşəndə maşın saxlamaq olar, hərdən isə evakuasiya edirlər. Sanki bir müddət göz yumub sürücülərin həmin yerlərdə maşın saxlamasına imkan verirlər. Günün birində də evakuatorlar gəlib maşınları cərimə meydançasına daşıyır. Ən yaxşı halda isə DYP əməkdaşları gəlib həmin maşınlara 20 manat cərimə yazıb, protokolu da maşının üstünə yapışdırıb gedirlər. Düzdür qayda pozanlar cəzalandırılmalıdır. Amma nəzərə almaq lazımdır ki, yaşayış yerlərinin kütləvi şəkildə söküldüyü, hər addımbaşı tikinti aparıldığı, yolların darısqal olduğu bir şəhərdə insanlar avtomobili harada və necə saxlamalıdırlar? Bəzən yol polisi rəsmiləri açıqlamalar verərkən sürücüləri ittiham edərək bu cür cümlələr işlədirlər: «Hər bir vətəndaş avtomobil alarkən ilk növbədə onu harada saxlayacağını və parkinqlərə pul verməli olacağını da düşünməlidir».

Cənablar, bu, olduqca yanlış fikirdir. Biz XXI əsrdə yaşayırıq, dünya ölkələri kütləvi şəkildə avtomobilləşməyə doğru gedir. O cümlədən, Azərbaycan da bu prosesdən kənarda qalmır. Avtoparkları, maşınları harada və necə saxlamağı sürücülər, vətəndaşlar yox, dövlət düşünməlidir. Dövlət deyərkən, Dövlət Yol Polisi İdarəsi, Nəqliyyat Nazirliyi və Bakı şəhər İcra Hakimiyyəti bütün bunları nəzərə almalıdır. Bu gün 10 avtomobil tutumuna malik hansısa səkinin kənarına parkomat qoyub «dayanacaq yaratmışıq» deməklə yaxanızı kənara çəkməyin və işi bitmiş saymayın. Hələ sizin görəcəyiniz çox işlər var. Ucnoqta.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh