“Polis rəisi məni təhqir etdi və hədələdi” - Nigar Köçərli

Gündəm 16 Fevral 2016 17:51 Oxunub 3325
“Polis rəisi məni təhqir etdi və hədələdi” - Nigar Köçərli
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Mən kömək üçün polisə müraciət edirəm, əvəzində isə məni təhqir edirlər, qorxudurlar və incidirlər!"

“Əli və Nino” kitab mağazaları şəbəkəsinin sahibi Nigar Köçərli Nəsimi Rayon Polis İdarəsinin rəisi, polis-polkovniki Musa Musayev tərəfindən təhqir olunub, hədə-qorxuya məruz qalıb. 

Avtosfer.az aznews-a istinadən xəbər verir ki, bu barədə məlumatı sahibkar özünün Facebook hesabında yazıb. Onun sözlərinə görə idarəyə 2015-ci ilin sentyabrında “Əli və Nino” ofisindən oğurlanan 13.216 manatla bağlı açılan işə görə çağırılıb. İdarədə isə ona qarşı tərbiyəsizlik edilib. Məsələ ilə bağlı N.Köçərlinin statusunu olduğu kimi təqdim edirik: 

"2015-ci il sentyabrın 26-da “Əli və Nino”nun “Qanun” nəşrlər evində yerləşən ofisində oğurluq hadisəsi baş vermişdi. Naməlum şəxslər əməkdaşların əmək haqqı və nəşriyyatlara olan borcun yerləşdiyi seyfi (13216AZN) oğurlamışdılar. Bu, bizim üçün böyük məbləğdir və onun itməsi mənim üçün həm maddi, həm də mənəvi cəhətdən ağır zərbə oldu (Axı aydındır ki, cinayətkar seyfdə böyük miqdarda nağd pulun olmasından xəbərdar olub). 

Mən dərhal hadisə yerinə polis çağırdım, cinayət işi başladıldı. Lakin sonradan hər şey sakitləşdi. 5 ay ərzində mən dəfələrlə Nəsimi Rayon Polis İdarəsinə sorğuyla müraciət etmişəm. Lakin idarənin rəis müavini Nadir Aslanov və cinayət axtarış şöbəsinin rəisi Orxan Axundzadə ilk vaxtlar cavab verməkdən yayınırdılar. Sonra isə onlar açıq şəkildə mənə bildirdilər ki, bizim sizə vaxtımız yoxdur, bu iş bizə maraqlı deyil. 

Bundan sonra mən məcburən Nəsimi rayon Prokurorluğuna, Baş Prokurorluğa, DİN-ə, Prezident Aparatına yazmalı oldum. Mən bu işdə mütəxəssis deyiləm. Lakin hətta mənə də aydındır ki, heç bir iş aparılmayıb. Yeri gəlmişkən, bu günlərdə Baş Prokurorluqdan mənim şikayətimə cavab gəlib - hadisə yerində tapılan barmaq izlərinə əsasən cinayətkarın kimliyini müəyyən etmək mümkün olmayıb, odur ki, iş dayandırılıb. Əlbəttə, cinayətkarı müəyyən edə bilməyəcəklər, axı heç kim şübhəlilərdən barmaq izi götürməyib!

Dünən məni Nəsimi rayon polis idarəsinə çağırdılar (bu zaman məndən niyə Prezident Aparatına şikayət etdiyimi soruşdular. Axı orada cinayət işinin araşdırılması ilə məşğul olmurlar). Öncə mən getmək istəmədim. Axı mən niyə görə şikayət etdiyim insanlarla görüşməliyəm? Lakin sonra düşündüm ki, getmək lazımdır. Bəlkə işlə bağlı hansısa detallar aşkarlanıb. Bu gün 11:15-də görüşə gəldim. Mənə dedilər ki, mənimlə idarənin rəisi, polis polkovniki Musa Musayev görüşmək istəyir. Düşündüm ki, əladır. Axı mən şikayətləri yazana qədər israrla onunla görüşməyə çalışırdım. Kabinetdə idarə rəisindən başqa idarənin rəis müavini Nadir Aslanov, şöbə rəisi Oruc Rzayev də var idi. Sonra isə cinayət axtarış şöbəsinin rəisi Orxan Axundzadəni də çağırdılar. 

Bundan sonra dəhşətli bir şey baş verdi. İdarə rəisi Musa Musayev kobud tərzdə məndən soruşdu ki, niyə onlardan şikayət etmişəm. Mənə xas olan nəzakətli tərzdə izah etdim ki, mənim başqa yolum yox idi. Buna cavab olaraq Musa Musayev üstümə qışqırmağa və məni təhqir etməyə başladı. Mən onun qışqırıq və söyüşlərindən şoka düşmüş halda otaqdan çıxmaq üçün ayağa qalxdım. Çıxışıma mane olaraq yolumu kəsdilər. Musa Musayev dəhşətli sözlərlə təhqir edərək və hədələyərək məni kabinetə qaytarmağa çalışdı. Çətinliklə idarədən çıxa bildim. 

15 ildən artıqdır ki, mən kitab fəaliyyətilə məşğul oluram, ölkədə təhsili və oxumağı təbliğ edirəm. 7 il əvvəl mən ölkədə ən böyük ədəbi layihə olan Milli kitab mükafatını təsis etdim. Bütün 15 illik fəaliyyətim ərzində mən ölkəmin layiqli vətəndaşı olmağa çalışıram: müntəzəm olaraq vergi ödəyirəm, ictimai və sosial fəaliyyətdə iştirak edirəm. Baş verənlər məni sadəcə bir vətəndaş kimi şoka salmadı. Başa düşürsünüz, bu, sadəcə, nəsə. inanılmaz dərəcədə dəhşətli bir hadisədir - mənim beynimə sığmayan bir hadisə. Məni - nəşriyyatçını, namuslu insanı qarət edirlər. Mən kömək üçün polisə müraciət edirəm, əvəzində isə məni təhqir edirlər, qorxudurlar və incidirlər!".

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə “Qafqazinfo”ya açıqlamasında bu məlumatın tamamilə yalan olduğunu bildirib: ““Əli və Nino” kitab mağazaları şəbəkəsinin sahibi Nigar Köçərlinin fevralın 16-da Nəsimi RPİ-də İdarənin rəisi, polis polkovniki Musa Musayev tərəfindən guya təhqirə məruz qalması barədə iddiaları həqiqətdən uzaqdır, böhtan xarakterlidir, baş vermiş hadisənin mahiyyətinin təhrif olunmuş, özünə sərf edən formada təqdimatından və qabaqdangəlmişlikdən başqa bir şey deyil. Həqiqətən də ötən il sentyabrın 26-da “Əli və Nino” mağazaları şəbəkəsinin ofisində oğurluq baş verib, seyfdə saxlanılan 13.216 manat naməlum şəxslər tərəfindən aparılıb. Bu barədə məlumat daxil olan kimi dərhal polis əməkdaşlarından ibarət qrup hadisə yerinə gedib, zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib, həmin tədbirlər bu gün də davam etdirirlməkdədir. Faktla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq gedir. Bu kontekstdə Nigar Köçərlinin də şübhələndiyi, oğurluq baş verən zaman ofisdə olan bir neçə şəxs də polis tərəfindən dindirilib. Lakin görülən bütün tədbirlərə rəğmən, hələlik cinayəti açmaq mümkün olmayıb.

Məsələ ilə əlaqədar adıçəkilən xanım dəfələrlə İdarəyə dəvət olunub, burada onunla əməliyyat işləri üzrə rəis müavini Nadir Aslanov və digər məsul şəxslər tərəfindən cinayətin açılması istiqamətində müvafiq söhbətlər aparılıb, istintaq-əməliyyat tədbirlərinin gedişi barədə zəruri məlumatlar da verilib. Lakin bu iddialı xanım hər dəfə az qala ultimativ formada izahat tələb edərək İdarənin məusl əməkdaşlarını təxribata çəkmək istəyib, buna nail olmadıqda isə onları guya oğurluğu açmaqda maraqlı olmadlqları barədə şantaj edirmiş. N.Köçərli İdarənin rəis müavini Nadir Aslanovun və cinayət-axtarış şöbəsinin rəisi Orxan Axundzadənin cinayətin açılmasında guya maraqlı olmadıqlarını deyərkən, əlbəttə, yalan danışır və polis əməkdaşlarına qarşı qərəzini büruzə verir. Adi məntiq də deyir ki, rəis müavini və CAŞ-ın rəisi rayon ərazisində baş verən istənilən cinayətin açılmasında öz vəzifə borclarına görə ən çox maraqlı şəxslərdir. Göstərilən istiqamətdə zəruri tədbirləri həyata keçirdiklərinə görə onların bu məsələdə laqeydlik göstərməsi heç mümkün də deyil. Sözügedən cinayət işinin icraatının guya dayandırılması barədə xanımın iddiaları da həqiqətdən uzaqdır. Digər tərəfdən, məhz adları çəkilən şəxslərin də daxil olduğu istinntaq-əməliyyat qrupu ötən ilin əvvəllərində paytaxtın mərkəzində-"Nizami" küçəsində “Əli və Nino”nun mağazasında baş vermiş oğurluğu açaraq, təqsirkar şəxsləri məsuliyyətə cəlb ediblər".

Orxan Mansurzadə N.Köçərlinin fevralın 15-də məsələnin geniş formatda müzakirəsi üçün Nəsimi RPİ-yə dəvət edildiyini amma bundan imtina etdiyini deyir: “Və nəhayət, N.Köçərli ilə söhbət bir gün sonra rəis müavini, İdarənin İstintaq və Cinayət axtarışı şöbələri rəislərinin iştirakı ilə Nəsimi RPİ-nin rəisi, polis polkovniki Musa Musayevin kabinetində baş tutub. İndi bilərəkdən özünü ictimai rəyə mədəni, İdarə rəhbərliyini guya kobud şəkildə təqdidm etməyə çalışan xanım öz əsassız və məntiqsiz ittihamları ilə növbəti dəfə əsib-coşub və belə "mədəni" davranışı ilə təcrübəli polis əməkdaşlarını, sözün həqiqi mənasında, şoka salıb. Söhbət əsnasında N.Köçərli özünə nəzarəti itirib, səsinin tonunu qaldıraraq rəis müavini N. Aslanov barəsində etikadan kənar, normal, mədəni davranışla bir araya sığmayan təhqiramiz ifadələr işlədib və beləliklə, hansı səviyyənin yiyəsi olduğunu ortaya qoyub. İdarənin rəisi isə bu xanımı etikaya, intizama dəvət etməyə çalışsa da N.Köçərli yenə öz ampluasında olub, sayğısızcasına, nümayəşkaranə şəkildə kabineti tərk edib. Ona görə N.Köçərlinin Nəsimi RPİ-də guya təhqirə məruz qalması, təhdid olunması barədə söylədiklərinin heç bir əsası yoxdur Onun qabaqdangəlmişlik edərək məlum görüş barədə həqiqəti təhrif etməsi də ictimai rəyi aldatmağa hesablanıb”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh