Prezident İslam Həmrəyliyi Oyunlarını açıq elan edib - CANLI YAYIM

Azərbaycan Prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarını açıq elan edib. Bakı Olimpiya Stadionunun damında atəşfəşanlıq başlayıb və “Bakı-2017” yazısını formalaşdıraraq gecə səmasına işıq saçıb. Mis su qabını əlində saxlayan qadın səhnəyə qapıdan daxil olub. O, Azərbaycan komandası stadiona daxil olduğu zaman qarşıda gedən xanımdır. Atletlərin paradı zamanı 56 digər su daşıyıcısı ona qoşulub. Onlar bir yerdə İslam Həmrəyliyi İdman Federasiyasının 57 üzvünü təmsil ediblər. Qadınlar suyu siniyə töküblər və nəticədə gözəl fəvvarə alınıb İslam aləmi bununla rəmzi olaraq birləşib.
*** saat 23:09
Bütün idmançılar və hakimlər adından and içilib. “Bakı 2017” İslam Həmrəyliyi Oyunlarının bayraqları yan-yana dalğalanmağa başlayıb. “Report”un xəbərinə görə, İslam Həmrəyliyi İdman Federasiyasının bayrağı Azərbaycanın 10 çempionu tərəfindən stadiona gətirilib. İslam Həmrəyliyi İdman Federasiyasının bayrağı hərbçilər tərəfindən qaldırılıb. Daha sonra Azərbaycanın Birinci vitse-prezidenti və “Bakı 2017” Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və İslam Əməkdaşlıq Təşkilatının Baş katibi D. Yusif bin Əhməd Əl-Osaymin çıxış ediblər.
*** saat 22:56
"Bakı 2017" İslam Həmrəyliyi Oyunlarında 54 iştirakçı ölkənin rəsmi keçidi başa çatıb. "Report"un məlumatına görə, ev sahibi - Azərbaycan nümayəndə heyətinin bayraqdarı karate üzrə 5 qat dünya və 10 qat Avropa çempionu Rafael Ağayev olub. Azərbaycan komandası stadiona daxil olan kimi Natiq Şirinov və digər 19 nağaraçı ifa etməyə başlayıb. Bu qrup parad bağlanan ana qədər ifa edib.
*** saat 22:20
İslamiadanın iştirakçı ölkələrinin nümayəndələri öz ölkələrinin bayraqları ilə zala daxil olmağa başlayıb.
*** saat 22:11
Azərbaycanın Dövlət bayrağı hərbçilər tərəfindən açılış mərasiminin keçirildiyi zala gətirilib. Daha sonra Azərbaycanın Dövlət himini səsləndirilib və Dövlət bayrağı qaldırılıb.
*** saat 21:58
“Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi başlayıb. Bakı Olimpiya Stadionunda start götürən tədbirdə Prezident İlham Əliyev, İslamiadanın Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, dövlət rəsmiləri, müxtəlif beynəlxalq federasiyaların rəhbərləri, habelə idman ictimaiyyətinin nümayəndələri qatılıb.
Qeyd edək ki, mayın 22-dək davam edəcək IV İslam Həmrəyliyi Oyunlarında 54 ölkənin 3000-dək idmançısı 21 idman növü üzrə 269 dəst medal uğrunda mübarizə aparacaqlar. Yarışların proqramına bəzi yeni idman növləri də daxil edilib. Bunlar güləş, cüdo, paracüdo, paraatletika, boks, zorxana, atıcılıq, bədii və idman gimnastikasıdır. Komanda idman növlərindən 3X3 basketbol, su polosu, voleybol, həndbol və futbola yer verilib. Həmçinin, üzgüçülük, suyatullanma, stolüstü tennis, tennis, atletika, taekvondo, ağırlıqqaldırma, karate və uşu üzrə yarışlar baş tutacaq. Yarışlar 17 məkanda Bakı Olimpiya Stadionu, Bakı Su İdmanı Mərkəzi, Su Polosu Arenası, Basketbol Arenası, Bayıl Arena, AZAL Arena, Dalğa Arena, Tofiq Bəhramov adına Respublika stadionu, Ağır Atletika Arenası, Bakı İdman Zalı, Bakı Atıcılıq Mərkəzi, Bakı Tennis Akademiyası, Bakı Kristal Zalı 1, Bakı Kristal Zalı 2, Sərhədçi İdman Kompleksi, Heydər Əliyev adına İdman Arenası və Milli Gimnastika Arenasında keçirilir.
Oyunların maskotları - İncə və Cəsur Azərbaycanın milli sərvəti olan Qarabağ atlarıdır. İncə zəriflik və gözəlliyi, Cəsur isə məharət və mərdliyi təcəssüm etdirirlər.
İslamiadanın açılışı mayın 12-nə təyin olunsa da, artıq futbol, həndbol və voleybol yarışlarına start verilib. Bu da Oyunların təqviminin qısa olması ilə əlaqədardır.
Azərbaycan “Bakı 2017”yə ən böyük heyətlə - 500 nəfərlə qatılıb. Onlardan 345-i idmançıdır. İkinci ən geniş heyət isə Türkiyəyə məxsusdur. Qonşu ölkə yarışlarda 339 idmançı ilə təmsil olunacaq.
İslam Həmrəyliyi Oyunları ilk dəfə 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilib. 2009-cu ilin oktyabrında İranda reallaşması nəzərdə tutulan növbəti Oyunlar 2010-cu ilin aprelinə təxirə salınıb və sonradan ləğv olunub. Sayca üçüncü İslamiada isə 2013-cü ildə İndoneziyada baş tutub.
Azərbaycan idmançıları ilk İslamiadada 4 qızıl, 4 gümüş və 7 bürünc medal qazanıblar. Üçüncü dəfə təşkil olunan Oyunlarda isə 6 qızıl, 9 gümüş və 9 bürünc medal əldə olunub













