Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Avtosfer.az xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli həmvətənlər!
Sizi dünya müsəlmanlarının müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm.
İlahi hikmətlər xəzinəsi Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı insanların qəlbini və təfəkkürünü nurlandıran, onları əmin-amanlığa, vəhdətə, əxlaqi saflığa dəvət edən mübarək aylardandır. Müsəlmanlar bu ayda Allah və din qarşısında borclarını yerinə yetirmək fürsəti əldə edir, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının fərəhini, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar.
Xalqımız həmişə milli-mənəvi dəyərlərə sadiqliyi ilə seçilmişdir. İslam sivilizasiyasının tarixi-mədəni mərkəzlərindən biri olan Azərbaycanda milli-dini mərasimlər, o cümlədən, Ramazan bayramı hər il böyük təntənə ilə keçirilir, xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar edilir, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman vətən övladlarının xatirəsi dərin ehtiramla yad olunur. Mübarək Ramazan günlərində xeyirxah niyyətlərinizlə həmrəy olduğumu bildirir, bütün dua və diləklərinizin Tanrı dərgahında qəbul olunmasını arzu edirəm.
Bu il Ramazan ayı ölkəmizin həyatında bir sıra əlamətdar hadisələrlə eyni vaxta təsadüf etmişdir. 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi, IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi, eyni zamanda, etnik-dini dözümlülük, dinlərarası həmrəylik və əməkdaşlıq məkanı olan ölkəmizin sivilizasiyalararası dialoq forumları kimi mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi hazırkı narahat dünyamızda Azərbaycan dövlətinin sülh və təhlükəsizlik işinə verdiyi dəyərli töhfələrdir. Biz bəşəriyyətin gələcəyini hədəf alan hər cür qlobal təhdid və təhlükələrə qarşı ardıcıl mübarizəmizi, dialoq və həmrəylik təşəbbüslərimizi bundan sonra da davam etdirəcəyik.
Əziz bacı və qardaşlarım!
Hər il Azərbaycanda böyük fərəh və könül xoşluğu ilə keçirilən orucluq mərasimləri cəmiyyətimizdə birlik və həmrəyliyin, dostluq və qardaşlıq münasibətlərinin təntənəsinə çevrilir. Bu əziz bayram günlərində bir daha hər birinizi, eyni zamanda, ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı səmimi-qəlbdən təbrik edir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram!
Ramazan bayramınız mübarək olsun!".
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












