Banner

“Ptiminutka”ların yığışdırılması dəm qazı problemini həll edəcəkmi? - AÇIQLAMA - YENİLƏNİB

Gündəm 5 Fevral 2024 15:35 Oxunub 1180
“Ptiminutka”ların yığışdırılması dəm qazı problemini həll edəcəkmi? - AÇIQLAMA   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son zamanlar ölkəmizdə dəm qazından zəhərlənənlərin və ölənlərin sayı getdikcə artır. Dəm qazından zəhərlənmənin insan üçün çox ciddi fəsadları var. Həmçinin bunun ən təhlükəli tərəfi isə insanın dəm qazı sızmasını hiss etməməsi və asanlıqla huşunu itirməsidir. Xüsusilə də hamam otağında yerləşdirilən su qızdırıcıları ciddi narahatlıq doğurur.  

Avtosfer.az xəbər verir ki, yeni qərarlara əsasən “ptiminutka” deyilən cihazlar vanna otaqlarından məcburi şəkildə yığışdırılacaq.

Yəqin ki, problemin həllinin optimal variant kimi həmin su qızdırıcıların vanna otaqlarında quraşdırılmasına qadağa qoyulmaqda görülüb. Lakin burada “ptiminutka” deyilən cihazların “keyfiyyətsiz olması” yox, yaşayış binalarında havalandırma və tüstü bacalarının yararsız hala düşməsi ilə bağlıdır. Məsələ ciddidir. On illər ərzində mənzillərdə havalandırma və tüstü bacalarına müxtəlif müdaxilələr olunub. Kimi havalandırma bacasını ləğv edib, kimi də su qızdırıcısının “qaz çıxışı”nı tüstü bacasına yox, havalandırma bacasına qoşub və s. Bu da təhlükə mənbəyidir.

Ümumiyyətlə bacaların yolu tutulub. Təmizlənsə bacaların içindən daş və ya əski parçaları, bir tay ayaqqabı da çıxa bilər. Çünki bacalar, damlar nəzarətsiz qalıb. Söhbət çoxmərtəbəli köhnə yaşayış binalarından gedir və bunun məsuliyyəti həm sakinlər, həm də müvafiq qurumların üzərinə düşür.

Ən acınacaqlı hal isə odur ki, yeni yaşayış binalarında da qaz təhlükəsi var. Mənzil fondu yeniləndikcə bu problemin birdəfəlik aradan qalxacağını düşünülürdü. Amma yeni binalarda “qanuni otaqlar”ın yerlərinin və ya sayının dəyişdirilməsi narahatlığa əsas yaradır.

Məsələn, “qanuni bir otaqlı” mənzildə mətbəxi yataq otağına, vanna otağını mətbəxə çevirib, dəhlizin hesabına isə hamam otağı inşa edilir. Yəni 1 otaqlı mənzil 2 otaqlıya çevrilir. Yeni yaradılan mətbəx pəncərəsiz, eyvansız olur, qaz xətti isə otaqların içi ilə özbaşına çəkilir.

Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən “Azəriqaz” İstehsalat Birliyi Eldəniz Vəliyev bildirib ki, 2022-ci ildə Milli Məclisdə qaz təsərrüfatına aid qanuna əlavə dəyişikliklər olunub və bu əlavə dəyişikliklərə görə sayğacdan sonrakı mərhələyə də məsuliyyəti “Azəriqaz” İstehsalat Birliyi daşımalı olacaq: “Buna görə də dəyişikliklərdən sonra cənab Prezidentin fərmanı ilə əlavə dəyişiklər öz təsdiqini tapıb. Nazirlər Kabinetinə tapşırıq verilib ki, texniki müayinələrin qaydalarını hazırlayıb, “Azəriqaz” İstehsalat Biriliyinə təqdim etsin. Ötən ilin sonlarında Nazirlər Kabineti həmin qaydaları “Azəriqaz” İstehsalat Birliyinə təqdim edib. Biz Dövlət Xidmət sahəsi olaraq və həmin qaydalara əsaslanaraq mənzillərdə, fərdi yaşayış evlərində texniki müayinələrin icrasına yanvar ayından başladıq”.

“Azəriqaz” rəsmisi qeyd edib ki, bu texniki müayinələr zamanı texniki şərtlərdən kənara çıxma hallarının olduğu, təmir zamanı “Azəriqaz” İstehsalat Birliyininə məxsus qaz xətlərinin yerinin dəyişdirildiyi, texniki şərtdə göstərilən qaz cihazlarından əlavə qaz cihazları yerləşdirildiyi və s. kimi hallar aşkar edilir: “Bütün bunların hamısını əməkdaşlarımız texniki müayinə çərçivəsində yoxlayırlar. Əgər texniki şərtlərdən kənara çıxılması kimi hallara rast gəlinirsə, bu həmin abonentə təqdim olunan aktda öz əksini tapır. Aktın bir nüsxəsi abonentə təqdim olunur, bir nüsxəsi “Azəriqaz” İstehsalat Birliyində qalır. Həmin texniki şərtlərdən kənara çıxma hallarının aradan qaldırılması üçün abonentə 30 gün vaxt verilir. 30 gündən sonra həmin mənzilə təkrar baxış keçirilir. Aktda öz əksini tapmış nöqsanların qüsurların aradan qaldırılmadığı halda 30 gün müddətinə “Azəriqaz” İstehsalat Birliyi Nazirlər Kabinetinin 80 saylı qərarına əsaslanaraq böyük təəssüf hissi ilə abonentin qazı dayandırılır. Dediyimiz kimi bu tip hallara mütləq fikir verilməlidir”.

Eldəniz Vəliyev vurğulayıb ki, texniki müayinələr zamanı tüstü bacalarının təmizlənib, təmizlənməməsi də  təftiş olunur: “Heç olmasa ildə bir dəfə tüstü bacalarının təmizlənməsi vacibdir: “Bunu abonenti xüsusi lisenziyası olan podratçı şirkətlərlə ödənişini etməklə həmin tüstü bacalarının təmizlənməsini həyata keçirə bilər. MTK rəhbərləri isə hansısa podratçı ilə anlaşıb, öz vəsaitləri hesabına tüstü bazarlarının təmizlənməsini təmin etməlidir. Bütün texniki müayinələrin hamısı “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ödənişsiz olaraq həyata keçiriləcək. Lakin əgər texniki şərtlərdən kənara çıxma halları varsa, abonentə 30 gün verilən 30 gün müddətində öz vəsaiti hesabına həmin nöqsanların aradan qaldırılmasını icra etməlidir”.

Məhəbbət Tərlanoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh