Pullu yolda kamera və radar yoxdur: amma olacaq - RƏSMİ AÇIQLAMA - VİDEO

Bir neçə gün əvvəl (23 oktyabr) təmiri başa çatan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun açılışı oldu. Köhnə yola alternativ seçim kimi vətəndaşlara təqdim edilən yol artıq istifadəyə verilib. Lakin olduqca qısa müddətdə fəaliyyət göstərməsinə baxmayaraq artıq yolla bağlı dəqiq olmayan məlumatlar qeyd edilir. Avtosfer.az xəbər verir ki, bir sıra saytlarda və sosial şəbəkələrdə ödənişli yolla əlaqədar subyektiv yanaşmalar artmaqdadır. İddiaya görə, yeni istifadəyə verilmiş ödənişli yolda sürəti bildirən yol nişanları mövcud deyil. Nəticədə, yoldan keçən sürücülər nişanın olmaması səbəbiylə sürət həddini istədikləri kimi təyin edir. Mövcud iddiayla bağlı saytımıza Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli açıqlama verdi. “Qanunvericiliyə görə, Azərbaycanda magistral yollarda maksimal sürət 110 km/saat təyin olunub. Yeni istifadəyə verilmiş Bakı-Quba ödənişli avtomobil yolunda da eyni sürət həddi nəzərdə tutulub. Sadəcə olaraq yol yeni istifadəyə verildiyi üçün radar yoxdur. Lakin ehtiyac yarandığı zaman aidiyyəti qurumlar tərəfindən müvafiq ərazilərdə (hansı tərəfdə məsləhətdirsə) quraşdırıla bilər. Bu o demək deyil ki, yolda sürət limiti yoxdur. Həmçinin radarın quraşdırılmaması sürücülərin nəzərdə tutulan sürət həddindən yuxarı nəqliyyat vasitəsini idarə edə biləcəklərinə şərait yaratmır. Ələt-Astara magistral yolu da yeni istifadəyə verilən zaman radarlar lazımi hissələrə sonradan quraşdırıldı. Bakı-Quba ödənişli avtomobil yolunun da yeni olduğunu nəzərə alsaq radarın olmaması qəbul olunan haldır. Yoldan istifadə edən şəxslərin qovşaqlara qalxmaq, daxil olmaq üçün sürət limiti 90 km/saat olaraq tənzimlənib. İddianı irəli sürənlər nəzərə almalıdır ki, limitsiz yolda avtomobili yüksək sürətlə idarə edən sürücü anidən sürəti aşağı sala bilməz”.
Anar Nəcəfli Bakı-Quba ödənişli avtomobil yoluyla bağlı əlavə məlumat da verdi: “Artıq yol gediş-gəliş üçün açıqdır və test rejimi fəaliyyətə başlayıb. Tariflərin mövcud sistemə inteqrasiyası, reinteqrasiyası məsələləri davam edir. Lakin test rejimində bank kartıyla yaxınlaşaraq POS terminal vasitəsilə yoldan istifadə etmək mümkündür. Bank kartı olmayan şəxslər ərazidə quraşdırılmış “Milli ön” aparatlarından nağd şəkildə ödəniş edərək yoldan yararlana bilərlər. Yaxın müddətdə isə xüsusi çipli kartlardan istifadə, sistemin inteqrasiyası kimi məsələlər öz həllini tapacaq”.
Nərmin













