Qanunsuz “parkovşiklər” yenə İŞ BAŞINDA – İndi də gecələr sürücülərdən pul TƏLƏB edirlər
Ötən ildən paytaxtın küçə və prospektlərində, həmçinin, yeraltı avtomobil dayanacaqlarında nəqliyyat vasitələrinin parklanması ödənişlidir. Şəhər bir neçə zonaya bölünüb və parkinq qiymətləri də buna uyğun müəyyən edilib. Müəyyən olunmayan zonalarda və həftə içi saat 22:00-dan saat 07:00-dək, həftənin bazar günü avtomobillərin parkinqi üçün ödəniş tələb olunmur.
Buna baxmayaraq, şəhərin bəzi ərazilərində bazar günü sürücülərdən parklanma üçün pul istəyən “parkovşik”lərə rast gəlinir.
Redaksiyamıza müraciət edən sürücülərin bildirdiyinə görə, həmin şəxslər hətta həftə içi, xüsusilə, axşam saat 7-dən sonra paytaxtın müxtəlif yerlərində gözə dəyirlər. Onlar sürücülərə müəyyən istiqamət göstərib, sonra da parklanmaya görə pul tələb edirlər.
Qeyd edək ki, son günlər paytaxtın bir neçə ərazisində parkinq qiymətlərinin artırılması kəskin narazılığa səbəb olub. Parklanmanın pulsuz elan olunduğu saatlarda da işbazların sürücülərdən qeyri-qanuni pul tələbi onların narazılığını daha da artırır.
Bəs bununla necə mübarizə aparılmalıdır? Bu kimi halların olmaması üçün parklanma necə tənzimlənməlidir?
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizim.Media-ya bildirilib ki, qurum bu cür hallarla mübarizə aparmır və sürücüləri parklanmaya görə nağdsız şəkildə ödəniş etməməyə çağırır:
“Parklanmaya olan tələbatdan asılı olaraq paytaxtın müəyyən hissələri 4 ödənişli zonaya bölünüb. Bakı şəhərinin mərkəzində parklanmanın 1 saatı 1 manat, digər zonalarda müvafiq olaraq 1 saatı 70, 40, 30 qəpik məbləğində müəyyən edilib. “Yol hərəkəti haqqında” Qanuna əsasən, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur.
Saat 22:00-dan saat 07:00-dək və həftənin bazar günləri parklanma ödənişsizdir. Ödənişlər mobil tətbiq və sms üzərindən yalnız nağdsız qaydada həyata keçirilir. Küçə parklanma yerlərindən istifadəyə görə sürücülərdən nağd şəkildə hər hansı bir ödəniş tələb oluna bilməz. Sürücülərə qanunsuz ödənişlər etməməyi tövsiyə edirik”.