Qatarlarda kondisionerlər niyə normal işləmir? - AÇIQLAMA
Son zamanlar ictimai nəqliyyatla bağlı müəyyən dəyişikliklər olsa da, vətəndaşların şikayəti hələ də müşahidə olunur. Xüsusilə qiymətlərin tənzimlənməsinə rəğmən, keyfiyyətin hələ də qane etmədiyi vurğulanır. Məsələn, metro vaqonlarında ya havalandırma sistemi olmur, ya da olsa belə, çox zəifdir, isti havalara görə isə əksəriyyət bundan əziyyət çəkdiyini bildirir. Eynilə avtobuslarda da vəziyyət belədir, kondisioner olsa da, zəif olur, yaxud avtobusların hərəkətində gecikmələr müşahidə edilir, sərnişinlər şikayətlərini sürücülərə bildirsələr də, “Bəyənmirsənsə, düş, başqasına min” kimi cümlələr eşidirlər.
Maraqlıdır, ictimai nəqliyyat vasitələrinin keyfiyyət göstəricisi niyə vətəndaşları qane etmir? Bu məsələlər necə tənzimlənməlidir?
Avtosfer.az-ın məlumatına görə, bununla bağlı açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, ictimai nəqliyyatda bu problemləri qısa müddətdə həll etmək mümkün deyil:
“Bunu hamımız başa düşməliyik. Çünki hər şeyi qaydaya salmaq üçün kifayət qədər yeni metro qatarları, avtobuslar alınmalıdır. Bu avtobusların ölkəyə gətirilməsi, xidmətə buraxılması, uyğun sürücü heyətinin formalaşdırılması zaman alan məsələlərdir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yeni-yeni bu məsələlərlə məşğul olmağa başlayıb. Əvvəl Bakı Nəqliyyat Agentliyi (BNA) problemləri həll edəcəyini bildirirdi, ondan qabaq Nəqliyyat nazirliyi oxşar vədlər verirdi. Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun dövründə Azərbaycana başqa ölkələrdə istifadə olunmuş, yenidən rənglənərək gətirilən avtobusları istifadəyə verirdilər. 5 ildən sonra hamısı “töküldü-dağıldı”. Daha sonra 2015-ci ildə Avropa oyunları zamanı dövlət tərəfindən “BakuBus” avtobusları alınmışdı, onları təhvil verdilər ki, “BakuBus MMC” dövlət şirkəti olaraq bunu işlətsin. BNA avtobusların böyük əksəriyyətinin hələ də xəttə çıxa bilmədiyini, bəzilərinin bərbad vəziyyət olduğunu, yaxud onlardan istifadə edə biləcək sürücü heyətinin olmadığını bildirdi. İndi bu cür böyük qüsurları AYNA öz üzərinə götürüb ki, həll edəcək. Bu gün məlum olur ki, bu qurumun da gücü çatmır, bir gecəyə bütün məsələləri həll edə bilmir”.
E.Muradlı bildirib ki, hələ də köhnə avtobuslar xətdədir, onları yığışdıranda isə vətəndaş yolda qalır:
“Bəzən vətəndaşlar da, “Eybi yoxdur, kondisioner və ya başqa şeylər olmasın, amma gəlsin ünvana çatdırsın bizi”, kimi düşünür. AYNA da köhnə avtobusların işləməsinə imkan yaradır ki, vətəndaş yolda qalmasın. Bakı şəhərinə 2600 avtobus lazımdır, onun da təxmini 2 mini mövcuddur. 2 min avtobusdan mini isə istifadəyə yararsızdır. Bunu rəsmi qaydada Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi də etiraf edib. Yararsız avtobusları çıxarıb kənara atsaq, yerdə min avtobus qalır. Bakıya isə qeyd etdiyim kimi 2600 avtobus lazımdır, əlavə 1600 avtobus və ya ehtiyac üçün 100-nü də nəzərə alsaq, 1700 avtobus edir. Yəni 1700 yeni avtobus almaq lazımdır. Digər tərəfdən elektrik mühərrikli avtobus almaq istəyirlər, onların da qiyməti 650 min manat civarındadır. Söhbət Çin istehsalı olan avtobuslardan gedir. SNC-yə yaxın durmurlar ki, qazla işləyən avtobuslar lazım deyil, dizel olmaz, ancaq elektrik mühərrikli avtobuslar olmalıdır. Onun da qiyməti bahadır, daşıyıcı şirkətlər bunu ala bilmir, imkanları çatmır, dövlət tərəfindən subsidiya, dotasiya ayrılmalıdır. Hələlik gözləyirlər”.
Ekspert qeyd edib ki, belə bir vəziyyətdə dövlət tərəfindən bu il ölkəyə 160 avtobus gətiriləcək:
“Təsəvvür edirsiniz, 1600-1700 avtobus lazımdır, amma 160-ı gətiriləcək, deməli işin 10 faizi görüləcək. Gələn il təxmini 200-300-ü gətirilsin, bəs qalanı? Yəni bu bir gecənin içində həll olunası məsələ deyil, gözləməyə də dəyməz. Hər halda dövlət burada maraqlı tərəf kimi çıxış edib birdəfəlik problemlərin həllinə çalışmalıdır. Bir gecəyə olmasa da, heç olmasa, bir ilə bunlar həll olunmalıdır. Avtobuslar alınsın, xəttə buraxılsın, normal nəzarət olsun, insanlar yolda qalmasın və.s. Yoxsa proses bu cür davam etdikcə, vətəndaş da “Bezdim ictimai nəqliyyatdan”, “Metro kondisionersiz işləyir, avtobusa minirsən yenə eyni vəziyyətdir”, “İnterval gecikir”, kimi fikirlər səsləndirir və şəxsi avtomobillərə üz tuturlar. Nəticədə küçələrdə sıxlıq yaranır”.
Bununla bağlı açıqlama verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov xatırladıb ki, Bakı Metropolitenində kondisionerli qatarların intensiv gətirilməsinə 2018-ci ildən başlanılıb.
Onun sözlərinə görə, həmin dövrdən başlayaraq bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilir:
“İlk dövrlər problemlər aşkar görünmürdü, yəni olmurdu. Əfsuslar olsun ki, pandemiya da bu istiqamətdə öz sözünü deməyə başladı. Yəni metropolitenin fəaliyyətində olan məhdudiyyətlər konkret olaraq sahənin formalaşdırılmasına müəyyən neqativ təsirlərini göstərdi. 2022-ci ilin sonundan bu sahənin – peşəkar heyətin, komandanın formalaşdırılmasına başlanıldı. Amma qısa müddətdə böyük işlər görülüb. Bununla belə, bu gün ən vacib məsələ yay fəsli başlayarkən kondisioner sisteminin müntəzəm olaraq böyük təzyiq altında çalışmasından ibarətdir. Digər fəsillərdə onların iş rejimi o qədər də intensiv olmur. Çox olmasa da, müxtəlif problemlər gün və ya həftə ərzində dövrü olaraq gündəmə gələ bilir. Bu səbəbdən yay başlayandan metropolitendə xətlər üzrə monitoriqlərin istiqaməti gücləndirilib”.
Qurum rəsmisi bildirib ki, istər sərnişinlərin şikayəti, istərsə də metropolitenin işçi qrupunun müəyyən etdiyi məsələlərin vaxtında və operativ olaraq həllini tapması istiqamətində işlər aparılır:
“Metropolitenin iki xətti – yaşıl və qırmızı üzrə bir elektrik deposu var. Hər hansı bir nasazlıq müəyyən olunarkən qatarın dövrə vurub xətdən çıxmasını təmin etmək çox vacibdir. Kondisionerlərə baxış, qulluq elektrik deposu şəraitində mümkündür. Yəni problem aşkarlanarkən qatar mütləq qaydada elektrik deposuna çıxarılır. Yay fəsli olduğu üçün kondisioner sisteminin gücləndirilmiş, sərfiyyatla çalışması təbiidir. Təsəvvür edin ki, qatar 12-20 saat ərzində xətdə olur və bu zaman davamlı olaraq təzyiq altında çalışan qurğu sistemlərə təsir edən faktorlar da kifayət qədər çoxdur. Hərçənd Bakı Metropoliteni qatarlarında quraşdırılmış kondisioner qurğuları bu gün ən optimal gücə malikdirlər. Bununla belə, hazırda bu istiqamətdə işlər aparılır. “Problemlər yoxdur” demirik, bəli, problemlər yaranır, amma onların operativ qaydada həlli istiqamətində də tədbirlər görülür”.
(sfera.az)