Qazaxıstanda keçirilən ordu təlimləri kimlərə nə mesaj verir? – MÜTƏXƏSSİS RƏYİ

Gündəm 11 Sentyabr 2024 18:00 Oxunub 92
Qazaxıstanda keçirilən ordu  təlimləri kimlərə nə mesaj verir? – MÜTƏXƏSSİS RƏYİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sentyabrın 10-da Qazaxıstan Türküstan vilayətinin “Orda” poliqonunda “Sonsuz qardaşlıq-3” birgə xüsusi təyinatlı qüvvələrin təliminə başlanılıb. Eyni zamanda Rusiya və Çinin hələ tarixi dəqiqləşdirilməyən “North- Joint 2024” adlı hərbi təlimlərinin keçiriləcəyi ilə bağlı yayılan xəbərlər siyasi arenanın gündəmini zəbt edib.

Son aylarda Qərblə münasibətlərini normallaşdıran Qazaxıstan hökuməti belə bir tədbirin təşkilatını üzərinə götürməklə geosiyasi vəziyyətdə böyük dilemma yaranmasına səbəb olub. Belə ki, ölkədə daha əvvəl qəbul olunan sərt qaydaların ölkə başçısı Kasım-Jomart Tokayev tərəfindən dəyişdirilərək yüngülləşdirilməsi ölkəni Qərb ittifaqının “başbilən”ləri tərəfindən müsbət addım kimi dəyərləndirilib. 

Türkiyə və Pakistanın regiondakı təsirinin artdığı ərəfədə “Sonsuz qardaşlıq – 3” təlimləri orduların xüsusi təyinatlı qüvvələrinin daha çox əməkdaşlığa söykənən münasibətlərin möhkəmlənməsinə xidmət edəcəyinə kimsənin şübhəsi yoxdur. Lakin Qərbin öz işğalçı və seperatçı “qardaşları” ilə apardığı təlimlərlə müqayisədə, Şərqin yalnız bərabərqütblük strategiyası çərçivəsində təşkil edilən təlimlərin Avropanın müəyyən dairələrinin gözünə batdığı da dəqiqdir.

Avtosfer.az xəbər verir ki, Qazaxıstanda keçirilən təlimlər Ermənistan mediasının da gözündən yayınmayıb. Mövzu sosial şəbəkələrin Ermənistan seqmenti tərəfindən müzakirə olunub və ermənilərin narazılığına səbəb olub.

Məsələ ilə bağlı siyasi şərhçi Oqtay Qasımov saytımıza açıqlamasında deyib ki, Qazaxıstanda keçirilən hərbi təlimlər, təbii ki, sarsılmaz qardaşlıq adı ilə keçirilir.

“Adından görünür ki, bu, bir-biri ilə çox yaxın münasibətlərdə olan dövlətlərin keçirdiyi hərbi təlimlərdir. Bu təlimlər Çinlə Rusiyanın Yapon dənizində keçirdiyi təlimlərdən fərqlənir. Çin və Rusiyanın keçirtdiyi təlimlər qlobal rəqabətin təzahürü kimi qələmə verilsə də, Qazaxıstanda keçirilən təlimlər tamamilə fərqli istiqamətdə dəyərləndirilməlidir. 

Belə ki, adı çəkilən dövlətlər arasında münasibətlər ciddi şəkildə inkişaf edir. Xüsusilə də, Azərbaycan, Türkiyə və Pakistan artıq neçə illərdən bəri birgə hərbi təlimlər keçirirlər. Olduqca yaxın mütəffiqlik səviyyəsində münasibətlər qurulub. Eyni zamanda həm Azərbaycanın, həm də Türkiyənin Orta Asiyada Qazaxıstan, Özbəkistan və Qırğızıstanla bu istiqamətdə əməkdaşlıqları mövcuddur. O cümlədən, Pakistan da Orta Asiyaya yaxın dövlət olduğundan və türkdilli dövlətlərlə çox yaxın münasibətlərə malik olduğundan təbii ki, onların burda iştirakı arzuolunandır və təəccüblü deyil. O ki, qaldı, Qətərin burda iştirakına, Qətər bildiyiniz kimi Türkiyə ilə müttəfiq olan dövlətdir və Qətər ərazisində Türkiyənin hərbi bazası fəaliyyət göstərməkdədir.  Qətərin özünün də bu təlimlərdə iştirakı olduqca əhəmiyyətlidir. Çünki Qətər dünyada özünəməxsus yeri olan birçox beynəlxalq münaqişələrin həll olunması ilə bağlı diplomatik danışıqların keçirildiyi bir məkan kimi dəyərləndirilir. O baxımdan, bu təlimlər daha çox hesab edilən Türk Dövlətləri Təşkilatı üzvlərinin, eləcə də, onlara yaxın dövlətlərin münasibətlərinin bundan sonrakı inkişafına müsbət təsir göstərəcək və bu hansısa bir bloka qarşı yönəlməyib.

Oqtay Qasımov sonda onu da qeyd edib ki, Türk Dövlətləri Təşkilatı hansısa Qərb, yaxud Şərq cinahında yer almaq üçün can atmır. Əksinə, Türk Dövlətləri Təşkilatı yaxın gələcəkdə yeni yaranacaq dünya düzənində özünəməxsus sanballı yer tutacaq və qlobal siyasətin əsas aktorlarının biri olacaq.

Səfər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh