Qeyd edilən iş saatına uyğun fəaliyyət göstərməyən apteklər cərimələnəcək – RƏSMİ AÇIQLAMA
Son illər Azərbaycanda ürəktutmadan ölənlərin statistikasında artım müşahidə edilir. Mütəxəssislər bunun əsas səbəbi kimi ürək xəstəliklərindən əziyyət çəkən vətəndaşlara vaxtında ilkin tibbi yardım edilməməsini göstərirlər.
Sosial şəbəkələrdə isə ilkin tibbi yardım göstərilməsinə şəraitin olmamasının apteklərin fəaliyyətindəki qüsurlardan qaynaqlanması ilə bağlı fikirlər bildirən istifadəçilər bəzi əczaxanaların hətta axşam saat 8-dən sonra işləmədiklərini qeyd edirlər.
Avtosfer.az xəbər verir ki, paytaxtın Nizami rayonu Elşən Süleymanov küçəsində yerləşən apteklərin hər ikisinin saat 22:00-da bağlandığı ilə əlaqədar fotolar yayılıb və müzakirələrə səbəb olub.
Mövzu ilə əlaqədar sosioloq Lalə Mehralı bildirib ki, indi əczaxanalar, apteklər ərzaq dükanı qədər əhəmiyyətlidir.
“İnsan bir axşam ac yata bilər, çörəksiz qala bilər, amma dərmanı bitən xroniki xəstələr var ki, təmin edə bilməsə, ölə bilər. Ona görə apteklərin yerləşməsi, fəaliyyəti, iş saatları, təminatı vacib məsələdir. Bir neçə küçənin birləşdiyi ərazidəki yeganə aptekin üzərində elan yazıb asldığının şahidi oluruq ki, saat 20.00-dan sonra işləmir. Gecə qəfil halı pisləşən, hərarəti artan körpə, şəkəri qalxan, təzyiqi düşən xroniki xəstətə olsa, onların aqibəti necə olacaq?
Zənnimcə, əczaxanaların iş rejimi, yerləşməsi ciddi nəzarət olunmalı məsələdir. Dövriyyəsi müəyyən limiti keçən apteklərə gecə və gündüz növbəsi tətbiq olunmalıdır. Elə bir dövrdə yaşayırıq ki, insanların qidasının əsasını artıq dərmanlar təşkil edir. Gün ərzində bir neçə cür dərman içən xəstələr var ki, bəzən ehtiyat dərman alıb qoymağı unudur, bitəndə naçar qalır. Gecə yaşadığı ərazidə aptek tapa bilməyən insan nə edə bilər? Təbii ki, ya şəhərin müxtəlif yerlərindən təmin etməlidir, ya da təcili yardım çağırmalıdır”.
Lalə mehralı sonda onu da qeyd edib ki, bütün bu proseslər vaxt itkisidir və xəstənin həyatını itirməsinə səbəb ola bilər.
Apteklərin fəaliyyəti ilə əlaqədar Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən verilən məlumata görə Səhiyyə Nazirliyi kollegiyasının 11yanvar 2018-ci il tarixli 01 nömrəli qərarı ilə təsdiq edilən aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydalarına əsasən aptek tanıtma lövhəsi ilə təmin olunmalı və tanıtma lövhəsində iş saatı qeyd olunmalıdır.
“Həmin iş saatına uyğun formada fəaliyyətin göstərilməməsi adıçəkilən tələblərin pozulması kimi qiymətləndirilir və inzibati məsuliyyət tədbirlərinin görülməsinə səbəb olur. Bu hal Aptek təşkilatlarına dair tələblərin pozulması kimi qiymətləndirilərək, IXM-in 452.3-cu maddəsinə uyğun olaraq inzibati məsuliyyət tədbirlərinin görülməsi üçün əsasdır”.
Mərkəzdən bildirildi ki, burada hüquqi şəxslər olduqda min manatdan iki min manatadək, vəzifəli şəxslər olduqda isə beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə nəzərdə tutulur.
Səfər