Banner

Qeyri-neft sektoru prioritet sahədir

Gündəm 29 Aprel 2014 16:41 Oxunub 2301
Qeyri-neft sektoru prioritet sahədir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azərbaycanın güclü iqtisadiyyatı, maliyyə imkanları, güclü intellektual potensialı var

Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı iki Dövlət Proqramı uğurla həyata keçirilib. Nəticədə ölkə iqtisadiyyatının şaxələnməsi, infrastrukturun yenidən qurulması, əhalinin həyat şəraitinin yaxşılaşması, yoxsulluğun səviyyəsinin azalması baş verib. Bu uğurların davam etdirilməsi məqsədi ilə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiqlənib. Uğurlar isə 21 ildir həyata keçirilən gərgin əməyin, sosial-iqtisadi tədbirlərin nəticəsidir.  Azərbaycanda həyata keçirilən iştisadi siyasətin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlü olması, habelə bütün problemlərin həllində iqtisadi aspektin mövcudluğunun ön plana çəkilməsidir. Makroiqtisadi sabitlik şəraitində iqtisadiyyatın dinamizmə əsaslanan sürətli tərəqqisi əhalinin sosial rifah halının davamlı şəkildə yaxşılaşmasını, həmçinin onun beynəlxalq standartlara əsaslanan sosial müdafiə modelinin yaranmasını şərtləndirir. İqtisadiyyatın şaxələndirmə tədbirləri, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində qeyri-neft sektorunun dinamik inkişafı davam edir və onun real artım tempi ümumi artım tempini üstələyir. Sevindirici haldır ki, qeyri-neft sektorunun inkişafında və bu sahədə istehsal olunan məhsulların həm kəmiyyət, həm də keyfiyyət etibarilə yüksəlişində sahibkarlar sinfi get-gedə daha böyük rol oynamağa başlayır. Bütün bunlar faktiki olaraq ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, bu sahəyə dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi, iqtisadiyyata yerli və xarici investisiyaların, müasir texnologiyaların cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi istiqamətində həyata keçirilən siyasətin məntiqi nəticəsidir.

Paytaxt və regionların tarazlı inkişafının təmin edilməsində mühüm rola malik  "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafi Dövlət Proqramı (2004-2008-ci illər)" da sahibkarlığın, o cümlədən qeyri-neft sektorunun inkişafına böyük töhfə verib. Ölkə başçısının 11 fevral 2004-cü il tarixli fərmanı ilə təsdiq edilən həmin sənədin əsas istiqamətlərindən biri Azərbaycanda daha əlverişli biznes və investisiya mühitinin formalaşması, iş adamlarının fəaliyyət imkanlarının genişlənməsi, bölgələrin istehsal potensialının səmərəli realizə edilməsi ilə bağlı olub. Regionların sosial-iqtisadi inkişafı ilə yanaşı, Bakı şəhərinin ətraf qəsəbələrini abadlaşdırmaq, onların resurslarından daha səmərəli istifadəni təmin etmək məqsədilə  Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 fevral tarixli 1338 nömrəli Sərəncamı ilə “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı” təsdiq olunub. Bu Proqramda hər bir qəsəbə üzrə müxtəlif sahələri əhatə edən konkret tədbirlər müəyyən edilib. Hər iki proqramda nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi nəticəsində ölkədə qeyri-neft sektorunun davamlı inkişafı, yeni müəssisələrin və iş yerlərinin yaradılması, regionlarda, eləcə də ölkə paytaxtında kommunal xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəldilməsi, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, əhalinin məşğulluq səviyyəsinin artırılması, yoxsulluğun azaldılması sahəsində əhəmiyyətli nailiyyətlər əldə olunub. Odur ki, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”, eləcə də “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı” çərçivəsində başlanmış işlərin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” hazırlanıb və həyata keçirilib.  Bu proqramın əsas məqsədi ölkədə iqtisadiyyatın diversifikasiyasına və onun dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılmasına, əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə nail olmaq idi. Təbii ki, dövlət proqramında qeyd olunan istiqamətlərdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ölkənin sosial-iqtisadi inkişafında vacib mərhələ olmaqla respublikanın iqtisadi inkişafında və “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” və “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulan məqsədlərin reallaşmasında, eləcə də əhalinin rifahının yaxşılaşdırılmasında mühüm rol oynayıb.

Qeyd edilənlərə paralel olaraq sahibkarların işgüzar əlaqələrinin inkişafı və ixrac imkanlarının dəstəklənməsi sahəsində də dövlət müvafiq işlər görüb. 2003-cü ildə ölkənin ixrac qabiliyyətinin artırılması və xarici investisiyaların cəlb edilməsi məqsədilə təsis edilmiş Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AzPROMO) ölkə sahibkarlarının ixrac potensialının artırılmasında, investisiya imkanlarının genişləndirilməsində, potensial tərəfdaşların tapılmasında və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsində sahibkarlara yaxından dəstək verir. İqtisadi İnkişaf Nazirliyinin nəzdində Sahibkarlığa Kömək Milli Fondunun yaradılması özəl sektorun maliyyə ehtiyacının qarşılanmasında genişmiqyaslı işlər görməkdədir. Bu fondun vasitəsilə investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsinin daha effektiv mexanizminin yaradılması sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarını asanlaşdırıb.

Özəl sektorun inkişafına mane olan süni maneələrin aradan qaldırılması istiqamətindəki addımların ardıcıl və davamlı səciyyə daşımasını özündə ehtiva edən Prezident İlham Əliyevin 30 aprel 2007-ci il tarixdə imzaladığı "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" fərmanın verilməsi o dövrə qədər çoxpilləli biznesə başlamaq sahəsində mövcud problemlərin həlli, eyni zamanda süründürməçilik hallarının, bürokratik əngəllərin aradan qaldırılması sahəsində inqilabi dəyişikliklərə yol açıb."Bir pəncərə" sisteminin tətbiqindən sonra biznesini qeydiyyatdan keçirmək istəyən sahibkar əvvəllər olduğu kimi 72 deyil, 3 günə endirilib və tələb olunan prosedurların sayı 15-dən 5-ə qədər azaldılıb. Beləliklə, vergi yükünün azaldılması və vergi prosedurlarının asanlaşdırılması, dövlət qeydiyyatında və Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində "bir pəncərə" prinsipinin tətbiqi, sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi qeyri-neft sektorunun inkişafını daha da sürətləndirib. Sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydaların əhəmiyyətli dərəcədə liberallaşdırılması, sahibkarlığa dövlət maliyyə yardımı mexanizminin işə salınması, ölkədə ixrac rüsumlarının ləğv edilməsi, idxalda rüsumların 15 faizlik maksimal həddinin müəyyənləşdirilməsi də özəl sektorun yüksəliş tempini daha çevik edib. Prezident İlham Əliyevin təşəbbüsü ilə yerli sahibkarlığın inkişaf etdirilməsi, onların birbaşa vergi yükünün azaldılması məqsədilə 2010-cu ildən mənfəət vergisinin dərəcəsinin 22 faizdən 20 faizə, fiziki şəxslərdən gəlir vergisinin maksimal həddinin 35 faizdən 30 faizə, fərdi sahibkarlar üçün isə 35 faizdən 20 faizə endirilməsi, kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün yanacaq, motor yağları və mineral gübrələrin dəyərinin 50 faizinin dövlət tərəfindən ödənilməsi, "Aqrolizinq" ASC tərəfindən ölkəyə gətirilən texnikaların və texnoloji avadanlıqların lizinqə verilməsi, buğda istehsalçılarına səpilən hər hektar sahəyə görə əlavə 80 manat yardımın verilməsi, bəzi fəaliyyət növləri üzrə xüsusi razılıq (lisenziya) alınmasına görə dövlət rüsumunun məbləğinin aşağı salınması da sahibkarlar üçün yaradılan yüksək şəraitin mühüm göstəriciləri kimi çıxış edir.  Bunlar isə regionların sosial- iqtisadi inkişafı ilə bağlı Dövlət proqramlarının uğurla həyata keçirilməsinə imkan verib. Nəticələr bunu bariz şəkildə göstərir. Ötən 10 ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 19 mindən çox sahibkarın ümumi dəyəri 2 milyard manat olan layihələrinin maliyyələşməsinə, 45 faizi qaytarılmış vəsait olmaqla, 1,2 milyard manat güzəştli kredit verilib və bu layihələr hesabına 110 minədək yeni iş yeri yaradılıb. Kreditlərin 78 faizi, açılan iş yerlərinin isə 81 faizi regionların payına düşüb: "Bu müddət ərzində Azərbaycan İnvestisiya Şirkəti regionlarda qeyri-neft sektorunun inkişaf etdirilməsi, yeni müəssisələrin yaradılması istiqamətində məqsədyönlü tədbirlər görüb, "Milk Pro", "Ağstafa Aqroservis", "Azərtoxum" və "Dəvəçi Broyler"də həyata keçirilən layihələrdə iştirak edib. Bu tədbirlər nəticəsində on ildə  məşğulluqda özəl sektorun payı 68 faizdən 74 faizə, vergi daxilolmalarında 42 faizdən 72,5 faizə qalxıb, sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artıb. Nəticədə ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi 80 faizi ötüb. Sözsüz ki, müasir tələblərə cavab verən minlərlə infrastruktur və sosial obyektlərin inşası ilə bərabər, biznes və investisiya mühitinin yaxşılaşdırılması regionların iqtisadi potensialını gücləndirməklə, ümumilikdə, iqtisadiyyatın diversifikasiyasının sürətlənməsinə, qeyri neft sektorunun və ixracının artmasına, ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə mühüm töhfə verib. Belə ki, son 10 il ərzində regionlarda 500-dən çox sənaye müəssisəsi, o cümlədən Sumqayıtda texnologiyalar və tekstil parkları, Naxçıvanda sement, mərmər və avtomobil, Qazaxda sement, Gəncədə alüminium, Goranboyda gips və gips məhsulları, Mingəçevirdə polietilen borular, elektron avadanlıqları, Sumqayıtda kağız emalı, bitki yağları, günəş panelləri, Masallıda və Abşeronda kərpic, Hacıqabulda seramik plitələr, Gədəbəy və Daşkəsəndə qızıl emalı, Oğuzda qarğıdalı emalı və qlükoza, İmişlidə şəkər, bitki yağları və qarışıq yem zavodları, Masallıda mebel fabriki, yüzlərlə digər tikinti materialı, mebel, emal, çörək və digər müasir müəssisələr fəaliyyətə başlayıb.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Ş.Mustafayev qeyd edib ki, təkcə güzəştli kreditlər hesabına ümumi dəyəri 730 milyon manat olan 104 sənaye layihəsi maliyyələşdirilib, bu layihələr üzrə 80 müəssisə istifadəyə verilib, 24-ü üzrə işlər davam etdirilir. 2014-cü ilin "Sənaye ili" elan olunması bu sahədə aparılan işləri daha da genişləndirəcək və sənayeləşməni sürətləndirəcək.  "Hesabat dövründə güzəştli kreditlərin 64 faizi kənd təsərrüfatı məhsullarının istehsalı və emalı layihələrinə yönəldilib. Belə ki, illik istehsal gücü 55 min ton quş əti, 84 milyon damazlıq və 164 milyon əmtəəlik yumurta olan 39 quşçuluq müəssisəsinə 100 milyon manat kredit verilib, sənaye quşçuluğunun istehsal gücü 100 min tona çatdırılıb, quş əti istehsalı 51 faiz artaraq 97 min ton, o cümlədən sənaye üsulu ilə 2,6 dəfə artaraq 55 min ton olub. Görülmüş tədbirlər nəticəsində quş əti idxalı 73 faiz azalıb.
Bununla yanaşı, 20 min başlıq 16 cins heyvandarlıq kompleksinin, illik gücü 175 min ton olan 7 süd, illik gücü 81 min ton olan 7 ət istehsalı müəssisəsinin açılması nəticəsində ət və süd istehsalı artıb, özünütəminetmə səviyyəsi yüksəlib. Eyni zamanda, 28 intensiv bağçılıq və üzümçülük təsərrüfatının, 30 müasir istixana kompleksinin və illik gücü 120 min ton olan 15 meyvə-tərəvəz emalı müəssisələrinin fəaliyyətə başlaması nəticəsində bu sahədə istehsal və ixrac imkanları xeyli artıb".
Nazir bildirib ki, kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə ümumi tutumu 203 min ton olan 40 logistik mərkəzin və ümumi tutumu 342 min ton olan 21 taxıl anbarı kompleksinin yaradılması əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatında, istehsal olunan meyvə-tərəvəzin və taxılın tədarükündə, ixracın artmasında, qiymətlərin sabitliyinin təmin edilməsində mühüm rol oynayır:
Ş.Mustafayev deyib ki, ümumilikdə, 10 il ərzində qeyri-neft ixracı 4,7 dəfə, o cümlədən meyvə-tərəvəzin emal məhsullarının ixracı 2,5 dəfə, ixrac olunan qeyri-neft məhsullarının çeşidi 1,7 dəfə, ixrac ölkələrinin sayı isə 20 vahid artıb. Ötən müddətdə 14 beşulduzlu otel də daxil olmaqla, regionlarda turizm komplekslərinin, istirahət mərkəzlərinin istifadəyə verilməsi turizmin inkişafına geniş imkanlar yaradıb.

Beləliklə Regionların sosial-iqtisadi inkişafı proqamının iki mərhələsi arxada qalıb. Artıq üçüncü proqram da qəbul olunub. Yuxarıda qeyt etdiyimmiz kimi  bu 2014-2018-ci illəri əhatə edəcək beşillik bir proqramdır. Bu proqram xüsusən Azərbaycan regionlarında qeyri-neft sektorunun inkişafına, iş yerlərinin açılmasına, yüksək təminatlı peşələrin, ixtisasların hazırlamasına və Azərbaycan brendinin xarici bazara çıarırılmasına yönələcək çox mühüm bir mərhələ olacaq. «Cənab prezidentin söylədiyi kimi bu proqramın Azərbaycanın xüsusən aqrar sektorunda, turizm sektorunun inkişafında həlledici rolu olacaqdır. Azərbaycanda həm kənd təsərrüfatının bütövlükdə qaldırılması, həm emal sənayesinin genişləndirilməsi, yeni texnologiyaların tətbiqi ilə Azərbaycan məhsullarının xüsusən ekoloji təmiz məhsulların istehsal olunması, qablaşdırıması, emal edilməsi və xarici bazarlara Azərbaycan brendi altında çıxarılması bu üçüncü mərhələ proqramın xüsusi istiqamətlərindən biri olacaq. Eyni zamanda turizmin inkişafı bu proqramda əsəs götürülüb. Bildiyimiz kimi, cənab prezident 2020-ci ilə qədər qarşıya bir məqsəd qoyub- Azərbaycan 2020-ci ilədək dünyanın inkişaf etmiş dövlətləri sırasına çıxmalıdır. Və bunun üçün də Azərbaycanın ümumdaxili məhsulu son 5 ildə təxminən 1,5-2 dəfə artmalıdır. Bu daxili məhsulun artmasında da regionların sosial-iqtisadi inkişafı proqamının çox mühüm əhəmiyyəti olacaqdır»,- millət vəkili Musa Quliyev deyib. Onun sözlərinə görə, əgər ilk iki proqram regionlarda infrostrukturun genişləndirilməsinə, yeni infrostrukturun yaranmasına xidmət edirdisə, artıq 3-cü proqram bu iki proqramın yekunu olaraq istehsal sahələrinin yaranmasına, yeri iş yerlərinin açılmasına və yüksək texnologiyaların tətbiqi ilə məhsuldarlığın yüksəlməsinə, Azərbaycanın qeyri-neft sektorunun inkişafına xidmət edəcək. Bundan başqa, Azərbaycan məhsulunun dünya bazarlarına çıxmasına yönələcək. xidmət edəcəkdir. «Gəncə, Sumqayıt, Mingəçevir, Lənkəran, Şirvan kimi şəhərlərdə iri sənaye komplekslərinin yaradılması və həmin regionların həm sənaye strukturunun genişləndirilməsi, həm əhalinin məskunlaşmasının və məşğulluğunun təminatının yaxşılaşdırılması, həm region əhalisinin iş yerləri ilə təmin edilməsinə, eyni zamanda Azərbaycanın özünün istehsal sahələrinin yaradılması müxtəlif sahələr üzrə sənaye istehsal sahələrinin yaradılması və Azərbaycanın ixrac potensialında sənaye məhsullarının miqdarının artırılmasına xidmət edəcəkdir. Gəncədə bilirsiniz ki, böyük Metallurgiya kompleksi, Alüminiun zavodu kompleksi və digər sənaye komplekslərinin, texnoparkların yaradılması cənab prezidentin tövsiyyəsi ilə həyata keçirilməkdədir. Və yaxın illərdə biz Gəncəni respublikanın ən böyük sənaye şəhəri kimi görə biləcəyik. Sumqayıtda da eyi proseslər gedir. Lənkəran, Şəki, Mingəçevir və Əlibayramlı kimi böyük şəhərələrimizdə sənayeləşmənin böyük pespektivləri vardır»,- o deyib.  Regionların sosial-iqtisadi inkişaf proqramının üçüncü mərhələsində xüsusi istiqamətlərdən biri də regionlarda sənayeləşmənin artması, sənaye potensialının yüksəlməsi, Azərbaycanın idaxal etdiyi bir çox sənaye məhsullarının artıq ölkə daxilində istehsal olunması, ölkənin tələbatını ödəyən məhsullardan əlavə məhsulun isə xarici bazarlara çıxarılması məqsədini güdür ki, bu da bütövlükdə Azərbaycanın ixrac potensalını yüksəldəcək və məhsulumuzun dünya bazarlarına çıxması təmin edəcək. Göründüyü kimi 3-cü Dövlət Proqramında qeyri-neft sektoruna xüsusi önəm verilib. 

Elməddin Muradov

Yazı
İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən jurnalistlər arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir

ŞƏRH YAZ
Ad

E-mail

Şərh