Quru sərhədlərinin bağlı olması turizmə 2 milyard manat zərər vurub – EKSPERTDƏN AÇIQLAMA

Gündəm 10 İyul 2024 15:55 Oxunub 764
Quru sərhədlərinin bağlı olması turizmə 2 milyard manat zərər vurub – EKSPERTDƏN AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son dövrlərdə Azərbaycanın quru sərhədlərinin bağlı qalması məsələsi narazılıqlara səbəb olur. Bununla əlaqədar Milli Məclisin deputatları da parlamentin iclaslarında dəfələrlə müzakirə edib, mediaya açıqlama veriblər.

Avtosfer.az xəbər verir ki, karantin rejiminin oktyabr ayına qədər uzadılması il ərzində sərhədlərinin açılıb-açılmayacağı mövzsunu gündəmə çevirib. Ekspertlərin, eləcə də millət vəkillərinin fikirlərinə əsaslanaraq deyə bilərik ki, Azərbaycan quru sərhədlərinin bağlı olduğu bu 4 il ərzində külli miqdarda iqtisadi zərərə uğrayıb.

Mövzu ilə əlaqədar saytımıza açıqlama verən iqtisadçı ekspert Toğrul Vəliyev bildirib ki, Azərbaycanın bu səbəbdən iqtisadiyyatına dəyən zərərlə bağlı hansısa hesablamalar aparılmadığına görə bu istiqamətdə dəqiq rəqəm vermək mümkün deyil.

“Təbii ki, bu iqtisadi zərərin təsirlərini ən çox hiss edən yenə də əhalidir. Xüsusilə də sərhədyanı bölgələrdə yaşayan sakinlər üçün bu ikiqat problemə çevrilib. Çünki onlar qonşu olduqları dövlətə səyahət edir, burda mal mübadiləsi edərək öz dolanışıqlarını həll edə bilirdilər. Dövlət Statistika Komitəsinin açıqlamasına əsasən, ölkəyə gələn xarici turistlər 2019-cu ildə Azərbaycanda təxminən 3 milyard manata yaxın vəsait xərcləyiblər. Ötən illə bağlı açıqlanan statistika isə 2,4 milyard manat olub. Bu müddət ərzində ölkədəki inflyasiya göstəricilərini də nəzərə alsaq, deyə bilərik ki, 4 il ərzində ölkə iqtisadiyyatı sadəcə bu istiqamətdə 2 milyard manat itirib”.

Ekspert həmçinin vurğulayıb ki, 4 il ərzində iqtisadiyyata dəyən zərərin qarşsını qismən almaq mümkün olsa da, bu gün qurumlar tərəfindən analoji addımlar atılmır, hökumətə təkliflər verilmir.

“İqtisadiyyata dəyən zərəri bərpa etmək, ən azından ölkəyə xaricdən gələn turistlərin sayında artıma nail olmaq və itirdiyimiz 2 milyardı geri qaytarmaq üçün bəzi ölkələrlə viza rejimini ləğv etmək də olar. Bununla yanaşı, azad olunan torpaqlarda son dövrlərdə də bir neçə hava limanı açılmasına baxmayaraq, ölkədaxili təyyarə biletləri ilə yanaşı, xaricdən ölkəmizə gəlmək istəyən turistlər üçün də qiymətlər hələ də yüksək həddə qalmaqdadır. Bu vəziyyəti tənzimləməklə Gürcüstan və Rusiyadan da həmyerlilərimizin ölkəyə qohumlarını ziyarət etməyə gəlməyinə də şərait yaratmaq olar”.

Turizm üzrə ekspert Rəhim Qədirov Avtosfer.az-a açıqlamasında deyib ki, sərhədlərin bağlı olması ölkədaxili turizmin inkişafına təkan versə də, getmə turizminin inkişafına maneələr yaradıb.

“Vətəndaşlar artıq xaricə getməyib öz vəsaitlərini ölkə daxilində istirahətə sərf edirlər. Quru sərhədlərinin bağlı olması aviabiletlərin satışını da artırıb. Doğrudur, bundan narazı olan vətəndaşlar da var. Belə ki, həmin şəxslərin aviabilet almaq üçün büdcələri aşağıdır və onlar xarici ölkələrə səyahəti yerüstü nəqliyyat vasitələrilə etməyi üstün tuturlar. Quru sərhədlərinin açılması ümumilikdə bir çox istiqamətdə inkişafa səbəb olacaq. Belə olan halda həm getmə turizminin qarşısındakı maneələr aradan qalxacaq, həm də ölkəyə turist axını artacaq”.

Rəhim Qədirov onu da qeyd edib ki, bütün ölkələrdə baş verən inflyasiya, qiymət artımları da ümumilikdə turizmə çox təsir edib.

“Bu sahəni tənzimləyən beynəlxalq və yerli təşkilatları düşündürən əsas məsələ məhz dünya turizimin bu qiymət artımından necə təsirlənməsidir. Quru sərhədlərinin bağlı olması ölkə daxilində yeni turizm istiqamətlərinin inkişafına, eləcə də yeni yerləşmə yerlərinin yaradılmasına kömək edib. Bu istiqamətdə görünən inkişaf əhalinin uzun müddətdir narazılıq etdiyi yerləşmə yerlərindəki, otellərdəki xidmətlərin keyfiyyətinin daha yaxşı vəziyyətə gəlməsinə dayaq olub.”

Mütəxəsisslər hesab edir ki, quru sərhədlərinin açıq olması nəinki həmin ölkənin, həmçinin bütövlükdə regionun turizm istiqamətində inkişafına səbəb olur. Məsələn, yüngülləşdirilmiş və ya tamamilə viza rejimindən azad olan ölkələrin quru sərhədləri açıq olduğu zaman onların qonşularına da turist axınında artım müşahidə edilir. Buna görə də ekspertlər quru sərhədlərinin COP29 kimi beynəəlxalq tədbir başlayana qədər açılmasını tövsiyə edir. Bu həmin tədbirə diqqətləri daha çox cəlb edə bilər.

 

Səfər Əlizadə

ŞƏRH YAZ
Ad

E-mail

Şərh