''Rəis kreslosundan qalxdı: ''Döyüləsi adamı döyərlər'' deyib var gücü ilə...'' - Keçmiş ''zek'' rəislərindən şikayət etdi

İmişli rayon sakini yol polis bölməsinin rəisi Aydın, əməkdaşları Poladov Təyyar, Elvin və rayon Polis Şöbəsinin rəis müavini Süleymanov İlqarın qanunazidd hərəkətlərindən ölkə başçısına şikayət edib. Avtosfer.az xəbər verir ki, bu barədə şikayətçi Xalid İbrahimovun criminal.az-a göndərdiyi həmin şikayətdə polis tərəfindən zorakılığa məruz qaldığı iddia olunur.
''12 yanvar 2017-ci il, axşam saatlarında 18 yaşlı dostum Vüsal yanıma gələrək mənimlə təzə həyət evinə köçmüş əmisigilə getməkdə yoldaşlıq etməyi xahiş etdi. Razılaşdım. Vüsal əmisinin evinin dəqiq yerini tanımadığına görə əvvəlcə həmin məhəllədə 1-ci evin qapısını döyüb əmisigilin evini soruşdu. Dedilər bura deyil. Vüsal ikinci evin qapısını döydü. Xeyli vaxt açan olmadı. Bir neçə dəqiqə keçməmiş YPX-nin 99YP 551 nömrəli avtomobili gəldi. Sonradan adlarını öyrəndiyim Təyyar Poladov və Elvin düşüb gəldilər və siz burda nə gəzirsiniz deyib məni başəmdan vurdular. Vüsal dərhal qorxub qaçmağa başladı.YPX işçiləri məni döyməyə başladılar. Təyyar 8 dəfə möhkəm yumuruqla başıma-başıma zərbələr vururdu. Onun işçisi Elvin isə məni yerə yıxıb var gücü ilə bədənimi təpikləyirdi. Zərbələrdən başımda şiddətli ağrılar başladı. Mən özümü itirmişdim. Sonra YPX polisləri post Patrul Xidmətinə aid 2 avtomobil çağırdılar və məni Polis İdarəsinə gətirdilər''-deyə X.İbrahimov başına gələnləri belə nəql edir.
O qeyd edir ki, bölmədə onu rəis Aydının otağına saldılar: ''O dedi ki, bilirsənmi səni bura niyə gətiriblər? Dedim ki, sənin işçilərin məni nahaqdan döyüblər. Bu zaman Aydın kreslosundan qalxıb yanıma gəldi və döyüləsi adamı döyərlər deyib var gücü ilə sifətimə sillə vurdu. Sən hələ bizim əlimizdən belə qurtarmağına sükür et. Hələ sənin başına başqa oyunlar da aça bilərik deyərək hədə-qorxu gəldi. Sonra işçiləri olan Təyyara, Elvinə və digər çavuşlara göstəriş verdi ki, bunun işini aformut edin və atın içəri. Məni növbətçi hissəyə apardılar və səhərə kimi saxladılar. Səhər Polis İdarəsinin rəis müavini İlqar Süeymanov mənə dedi ki, əgər bizdən şikayət etsən, səni yükləyib sroka göndərərəm. Səhər valideynlərim və qardaşım Elşad da polisə - yanıma gəlmişdilər. İlqar Süleymanov ona da xəbərdar etdi ki, sənin yazdığın şikayətləri burda götürməyiblər. Zəng etdiyin 102 xidməti kimdir ki, mənə nə etsin? Ağlınızı başınıza toplayın. Valideynlərimizin yanında bizi nalayiq küçə söyüşlərilə söyməyə başladı ki, bu günün sabahı var. Şikayət etməyin!''.
Səhər gün məhkəməyə aparılaraq polisə müqavimət adıilə 50 manat cərimələndiyini deyən X.ibrahimov işgəncə zamanı sağlamlığına ciddi ziyan dəydiyini də vurğulayıb: ''Aldğım zərbələrdən polis idarəsində və məhkəmədə özümü çox pis hiss edirdim. Elşad qardaşım 2 gün çalışdı ki, mənim qəddarcasına YPX polisləri tərəfindən döyüməyim barədə Polis İdarəsinin rəisinə yazdığım ərizəni qəbul etsinlər, ancaq alınmadı. 15 yanvarda rayon Prokurorluğuna şikayət ərizəsini verdik. Prokurorluqda həkim çağırdılar. Ekspert məni tam soyundurub müayinə etdilər. İşgəncə yerlərinin (bədənimdəki izlərin və boynumun arxasındakı şramların) fotosunu çəkdilər. Göz həkimi də təsdiq etdi ki, zərbələrin təsirindən görmə qabiliyyəti zəifləyib, göz ciddi zədələnib və dammar qaçıb – çəplik yaranıb. Başımda olan ağrıları isə Bakıda müayinə etməyi tapşırdılar. Lakin çox təəssüflər olsun ki, ekspert kağızı, rəyi, fotoşəkillər prokurorluqda qalsa da bu günədək heç bir reaksiya yoxdur. Polisin mənə qarşı qeyri-insani rəftarından hiddətlənən yaxın ərazilərdə yaşayan bütün qohum-qardaşlarım ailəmizə gəlib bu vəhşiliyə son qoyulması üçün etiraz etmək istədiklərini bildirdilər. Mən və valideynlərim onlardan xahiş etdik ki, qoy biz dövlətin rəhbərinə, nazir Ramil Usubova, baş prokurora əvvəlcə şikayət edək. Ümid edək ki, polislərin qeyri-insani hərəkətlərinə tez zamanda hüquqi qiymət veriləcəkdir. Şikayətimiz nəticəsiz qalsa qoy o zaman bu hadisədən hiddətlənən insanlarımız rayondakı polis özbaşnalığına qarşı etiraz keçirsinlər.
Cənab Prezident!
Mən də bu ölkənin vətəndaşıyam. Niyə mən yerli Yol Polisinin zorakılığına heç bir günahım olmadan məruz qalmalı, sağlamlığımı itirməli, birdəfəlik əlil olmlıyam? Bu polislərin MTN quldurlarından bir fərqi oldu ki, onlar mənim başıma təkcə qara torba keçirib YPX rəisinin yanına gətirmədilər. Xahiş edirəm mənim bir sadə insan kimi hüquqlarımın qorunmasına, mənə qarşı qeyri-insani hərəkətlər etmiş, ailəmin yanında ailəsinə layiq söyüşlərlə təhqir etmiş və nəticədə mənə ağır bədən xəsarətləri yetirmiş polislərin qanunazidd hərəkətlərinə hüquqi qiymətin verilməsi üçün göstəriş verəsiniz''.
İmişli rayon Polis Şöbəsinin rəis müavini İlqar Süleymanov Criminal.az saytına açıqlamasında bildirdi ki, X.İbrahimov oğurluq etdiyinə 4 dəfə məhkum olunmuş şəxsdir. Polisə gətirilməsinin səbəbi isə insanları narahat etməsi olub. Gecə saatlarında gedib vətəndaşların qapısını döyərək narahat edib. Həmin şəxslər də onu tutaraq polisə təhvil verib. Polisdə onun barəsində inzibati protokol tərtib edərək məhkəməyə göndərib. Məhkəmə tərəfindən X.İbrahimov cərimə olunub.















