
Repetitorlar məktəbliyə təhsil verir, yoxsa test əzbərlətdirir? – EKSPERTDƏN AÇIQLAMA

Son illərdə şagirdlərin məktəbdənkənar təhsilə yönləndirilməsi artmaqdadır. Valideynlər övladlarının daha yaxşı nəticə göstərməsi və ali məktəblərə qəbul şanslarını artırmaq məqsədilə onları müxtəlif hazırlıq kurslarına və əlavə dərslərə göndərirlər.
Bu proses bəzən şagirdin gündəlik yüklənməsini artırır, istirahət və sosial həyat imkanlarını məhdudlaşdırır. Digər tərəfdən, əlavə dərslərin fərdi yanaşma və daha dərindən izah baxımından müsbət təsirləri də inkar edilə bilməz.
Bəs əlavə dərslər və kurslar şagirdlər üçün həqiqətən faydalıdırmı?
Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Avtosfer.az-a açıqlamasında bildirib ki, əlavə dərslər və kurslar şagirdlərin bilik və bacarıqlarının inkişafında mühüm rol oynaya bilər, lakin bu məsələyə təhsil fəlsəfəsi, psixoloji yük, sosial bərabərlik və dövlət siyasəti baxımından kompleks yanaşmaq lazımdır:
“Yəni bu sualın cavabı sadəcə “bəli” və ya “xeyr” deyil, nə zaman, necə, kimə və hansı məqsədlə tətbiq olunduğuna görə dəyişir.
Əgər əlavə dərslər şagirdin fərdi ehtiyaclarına uyğunlaşdırılırsa, məsələn, hansısa fəndə geridə qalmış şagirdə dəstək göstərmək, istedadlı şagirdi inkişaf etdirmək və ya xüsusi maraq sahəsi üzrə dərindən öyrənmək üçün keçirilirsə, bu zaman onlar faydalıdır. Bu cür dərslər fərdi yanaşma, təkrarlama və tətbiq imkanları yaratdığı üçün şagirdin özünü ifadə bacarığını, mövzuya olan marağını və inamını artırır.
Lakin bu kurslar və əlavə dərslər yalnız imtahana hazırlıq məqsədi daşıyırsa, sadəcə test nəticəsini artırmağa yönəlibsə və şagirdin həyatında daimi stress və gərginlik yaradırsa, bu zaman onların faydasından çox zərəri ola bilər. Azərbaycanda hazırda əlavə dərslər və kurslar çox zaman şagirdin fənni anlayaraq yox, yadda saxlayaraq bal toplamasına xidmət edir. Bu da uzunmüddətli öyrənmə deyil, qısa müddətli nəticə verir.
Üstəlik, bu sistem sosial bərabərsizliyi də dərinləşdirir. Ödənişli kurslara gedə bilən şagirdlə, bu imkanı olmayan arasında öyrənmə fərqi və nəticə fərqi yaranır. Təhsil isə Konstitusiyanın 42-ci maddəsinə əsasən hər bir vətəndaş üçün bərabər və əlçatan hüquqdur, bu bərabərlik yalnız formal deyil, faktiki şəraitdə də təmin edilməlidir.
Ekspert əlavə edib ki, dünya təcrübəsində, xüsusilə Finlandiya, Norveç və Kanada kimi ölkələrdə əlavə dərslər məcburi hazırlıq forması deyil, şagirdin fərdi ehtiyacına uyğun təlim, maraq klubları və tədqiqat qrupları şəklində təşkil olunur:
“Bu ölkələrdə imtahan mərkəzli deyil, öyrənmə mərkəzli model tətbiq edilir. Məsələn, əgər bir şagird riyaziyyatda çətinlik çəkirsə, məktəb daxilində fərdi dəstək qrafiki qurulur və bu dəstək ödənişsizdir.
Azərbaycanda əlavə dərslərin faydalı olması üçün bir neçə prinsipə əməl edilməlidir:
1) Bu dərslər məcburi yox, ehtiyaca əsaslı olmalıdır;
2) Şagirdin psixoloji rifahı və yüklənməsi nəzərə alınmalıdır;
3) Məktəbdə fərdi yanaşma gücləndirilməlidir ki, kursa getmək ehtiyacı azalsın;
4) Müəllimlər bu prosesdə yalnız gəlir məqsədilə deyil, pedaqoji məqsədlə iştirak etməlidirlər.
Əks halda, əlavə dərslər yalnız alternativ məktəb modelinə çevriləcək, məktəbin əsas funksiyası isə boşalacaq. Təhsil əsas funksiyasını itirməməli, kurs deyil, məktəb öyrətməlidir”.
Eltac Zülfüqaroğlu