Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin vəzifələri artırılıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin vəzifələri artırılıb.
Avtosfer.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı Fərmanla “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb.
Nazirliyin vəzifələri sırasına aşağıdakılar daxil edilib:
- yol işlərinin xarakterindən və davametmə müddətindən asılı olaraq onların başlanmasına tabeliyindəki qurum vasitəsilə razılıq vermək;
- Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində heyət üzvlərinin sertifikatlaşdırılmasına dair qaydaları müəyyən etmək;
- Azərbaycan Respublikasının Dövlət Bayrağı altında üzən gəmilərin (kiçikhəcmli gəmilər istisna olmaqla), dəmiryol nəqliyyatı vasitələrinin, mülki aviasiya hava gəmilərinin və kosmik obyektlərin rəsmi reyestrlərini tabeliyindəki qurumlar vasitəsilə aparmaq;
- şəhərdaxili hərəkət (mobillik) planına rəy bildirmək;
- fərdi məlumatların informasiya ehtiyatlarının və sistemlərinin, habelə onların layihə sənədlərinin dövlət ekspertizasını tabeliyindəki qurum vasitəsilə təşkil etmək, fərdi məlumatların mühafizəsi sahəsində mülkiyyətçi, operator və subyektlərin maariflənməsini təşkil etmək;
- fərdi məlumatların mülkiyyətçi və operatorlarının sifarişlərinə əsasən fərdi məlumatların toplanılmasının, işlənilməsinin və mühafizəsinin təşkilati və texniki cəhətdən normativ hüquqi aktların tələblərinə uyğun aparılmasının auditini tabeliyindəki qurum vasitəsilə həyata keçirmək;
- radiospektr idarəçiliyinin həyata keçirilməsi ilə bağlı bilavasitə və tabeliyindəki qurum vasitəsilə tədbirlər görmək;;
- genişzolaqlı internetə çıxış imkanının və xidmətlərin keyfiyyətinin artırılması məqsədilə mövcud infrastrukturun texnoloji inkişafını təmin etmək;
- dövlət qurumlarına məxsus olan, eləcə də kritik informasiya infrastrukturlarının təhlükəsizliyi istisna olmaqla, ölkə üzrə digər informasiya infrastrukturlarının kibertəhlükəsizliyinin pozulmasına yönəldilmiş hərəkətlərin aşkarlanması və qarşısının alınması üçün aidiyyəti qurumlarla birlikdə tədbirlər görmək;
- ölkədə preventiv tədbirlərin həyata keçirilməsini təmin edən milli kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin fəaliyyətini təşkil etmək, milli və sahəvi kompüter insidentlərinə qarşı mübarizə mərkəzləri arasında vahid məlumatlandırma mexanizmlərini müəyyən etmək;
- aidiyyəti qurumlardan, digər ölkələrin analoji qurumlarından, beynəlxalq təşkilatlardan, habelə fiziki və hüquqi şəxslərdən baş vermiş elektron təhlükələr və kiberinsidentlər barədə məlumatlar əldə etmək, həmçinin məlumatların tamlığını (dəqiq, səlis, aktual və bütöv olması) və əlçatanlığını (müraciətin, əldə etmənin, nəzarətdə saxlamanın mümkün olması) təmin etmək üçün tədbirlər görmək;
- aidiyyəti dövlət qurumları ilə birlikdə ölkənin efir məkanının informasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlər görmək;
- “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatını və dövlət reyestrini aparmaq, eləcə də dövlət reyestrinə daxil edilmiş informasiya sistemlərində fərdi məlumatların toplanması, işlənməsi və mühafizəsinin həmin Qanunun tələblərinə, habelə məlumatların və onların işlənmə üsullarının informasiya sisteminin bəyan olunmuş məqsədlərinə uyğunluğunu aidiyyəti dövlət qurumları ilə birlikdə yoxlamaq;”;
- dövlət informasiya ehtiyatının və sisteminin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi qaydalara uyğun olaraq əlaqələndirici qurum funksiyalarını həyata keçirmək;
- dövlət–vətəndaş (G2C – government to citizen), dövlət-biznes (G2B – government to business), dövlət–dövlət (G2G – government to government), biznes–dövlət (B2G – business to government), biznes–istehlakçı (B2C – business to consumer) və biznes–biznes (B2B – business to business) xidmətlərinin rəqəmsallaşdırılması və mümkün olduğu halda proaktiv təşkili, habelə təkmilləşdirilməsi ilə bağlı tədbirlər görmək;
- dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının və sağlamlığının qorunması, dəniz ətraf mühitinin mühafizəsi ilə bağlı tabeliyindəki qurum vasitəsilə tədbirlər görmək;
- dəmiryol nəqliyyatı ilə daşıma proseslərinin fasiləsizliyinin, təhlükəsizliyinin və keyfiyyətliliyinin təmin edilməsinə dair təkliflər vermək;
- dalan dəmir yollarında xidmət qaydalarını müəyyənləşdirmək, həmin qaydalara və hərəkətin təhlükəsizliyi tələblərinə riayət edilməsinə, həmçinin dalan dəmir yoluna malik qurumlarda dəmiryol texniki istismar və texniki təhlükəsizlik qaydaları haqqında biliklərin yoxlanılmasına və sınaqdan keçirilməsinə nəzarət etmək;
- lokomotivlərin, yük, sərnişin və baqaj vaqonlarının, motor-vaqonlu hərəkət vasitələrinin, habelə daşımaların yerinə yetirilməsini və dəmiryol nəqliyyatının fəaliyyətini təmin edən digər hərəkət tərkiblərinin və konteynerlərin istehsalına, istismarına və saxlanılmasına dair tələbləri müəyyən etmək;
- dəmiryol nəqliyyatı infrastrukturunun ayrı-ayrı obyektlərinin, vahid istehsalat infrastrukturu şəbəkəsinin və qatarların istismarına, yanğın təhlükəsizliyinin və mühafizəsinin təmin edilməsinə, eləcə də ümumi istifadədə olan dəmir yollarında yük işinin, daşımaların və qatarların hərəkətinin təşkilinə nəzarət etmək;
- dəmiryol nəqliyyatı sahəsində rabitə, informasiya, marketinq, servis və digər xidmətlər göstərilməsi ilə bağlı tələbləri təsdiq etmək, həmçinin ümumi istifadədə olan dəmiryol infrastrukturundan istifadə olunmaqla sərnişin və yük daşımalarının həyata keçirilməsinə nəzarət etmək.