Banner

Rövnəq Abdullayevin təbiətə 8 milyon manat zərər vuran milyonçu ilə hansı əlaqəsi var? - ARAŞDIRMA - VİDEO

Gündəm 22 Dekabr 2024 19:45 Oxunub 326
Rövnəq Abdullayevin təbiətə 8 milyon manat zərər vuran milyonçu ilə hansı əlaqəsi var? - ARAŞDIRMA  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ölkəmizdə uzun illər ərzində iri sahibkarların qanunazidd hərəkətlərinə qarşı mübarizə tədbirləri davam edir. Müstəqilliyin ilk illərindən bu günə qədər vəzifə səlahiyyətlərindən sui-istifadə edən şəxslərin, dövlətin yaratdığı imkanlardan qanunazidd formada yararlananaraq varlananların, necəsə mal-mülkə sahib olanların, ya da onların övladlarının sonrakı dövrlərdə ekoloji, iqtisadi və digər istiqamətlərdə cinayət törətmələrinə qarşı sərt cəzalar tətbiq edilir. Buna baxmayaraq, hələ də Azərbaycanda hansısa beznesmenin, yaxud onun övladının qanunvericilik əleyhinə hərəkətləri ortaya çıxır.

Bu ay Azərbaycan gündəminin ən vacib mövzularından biri də məhz qeyd olunan sahibkar özbaşınalığı ilə bağlı oldu. Belə ki, dekabrın 11-i media tanınmış iş adamı Aydın Dəmirçinin oğlu, “AQA Şirkətlər Qrupu”nun təsisçisi Qafar Dəmirçinin həbs edilməsi xəbərilə silkələndi. Açıqlamada qeyd olundu ki, şirkətin vitse-prezidenti Q.Dəmirçi ağacları kəsərək təbiətə külli miqdarda ziyan vurmaqda ittiham edilib.

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi müəyyən edib ki, “plazalar kralı” kimi tanınan Qafar Dəmirçinin rəhbərlik etdiyi “Monte Ferro” şirkəti Şəkinin meşəlik ərazilərində ağacları qanunsuz kəsib. Böyük bir meşə sahəsinin məhv edilməsi nəticəsində isə təbiətə təxminən 8 milyon manatdan çox ziyan dəyib.

Qafar Dəmirçi ilə birgə şirkətin bir neçə əməkdaşı Cinayət Məcəlləsinin 259.3-cü (ağacları kəsmə-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli və külli miqdarda ziyan vurmaqla) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edildi. Məhkəmənin qərarı ilə Qafar Dəmirçi barəsində 3 aylıq həbs qətimkan tədbiri seçildi. “Plazalar kralı” işçiləri ilə məhkəmə zalından birbaşa istintaq təcridxanasına göndərildi.

Dünən, yəni dekabrın 19-u isə Qafarn Dəmirçinin təbiətə vurduğu 8 milyon manatlıq ziyanı tam ödəyərək azadlığa çıxması ilə bağlı məlumat yayıldı. Dəymiş ziyan tam ödənildiyi üçün Baş Prokurorluq qətimkan tədbirinin ləğvi üçün təqdimat verib. Nərimanov Rayon Məhkəməsi təqdimatı təmin edib. Qafar Dəmirçi və işçiləri sərbəst buraxılıblar. Bundan əvvəl isə “plazalar kralı”nın atası, “Monte Ferro” Aqroparkının təsisçisi Aydın Dəmirçi Şəkinin Cunud kəndində şirkətin hesabına 2500 meşə tingi və 100 kiloqram meşə palıdı toxumu əkildiyini bildirərək, yaşananlarla bağlı ölkə ictimaiyyətindən üzr istəyib.

Lakin törətdiyi ekoloji cinayətlə atasının ölkə ictimaiyyətindən üzr istəməsinə səbəb olan Qafar Dəmirçinin qanunazidd davranışları bununla da bitmir. Bu ilin fevral ayında “AQA Şirkətlər Qrupu” QSC və Dəmirçi Qafar Aydın oğlu tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı məhkəmə iddiası qaldırılıb. Qaldırılan iddia isə vətəndaşlıq vəziyyəti aktları üzrə mübahisələrlə bağlı olub. Məhkəmənin nəticəsi ilə bağlı mətbuata hansısa açıqlama verilməyib. “AQA Şirkətlər Qrupu” QSC ilə bağlı isə müəmmalı faktlar özünü göstərməyə davam edir. Belə ki, şirkətin qurucusu Adnan Dəmirçi, onun müavini və ya icraçı direktoru Qafar Dəmirçi olmasına baxmayaraq, rəsmi sənədlərdə MMC-nin qanuni təmsilçisi, idarə heyətinin sədri kimi Nəzərov Qurban Kamal oğlu göstərilir. Lakin şirkətin saytında Qurban Nəzərovun maliyyə müşaviri olduğu qeyd olunur.

Bundan başqa Qafar Dəmirçiyə məxsus olduğu iddia edilən Quba rayonu 2-ci Nügədi kəndi ərazisində “Macara Club Tourism, Hospitality and Management” MMC-nin  də dəfələrlə ekoloji cinayət törətdiyi məlum olub. Bununla bağlı kənd sakinləri, eləcə də “Macara”nın müştərisi olan şəxs saytımıza ərazidəki vəziyyətlə bağlı video göndərək şikayət edib. Videoda “Macara” hoteli ətrafındakı meşəlik ərazisində hotel tərəfindən gəzintilərin təşkil edilməsi məqsədilə ağacların kütləvi şəkildə kəsilməsi aydın görünür.

Bununla yanaşı, 2-ci Nügədi kəndi ərazisində yerləşən “Bulaqdərə” su anbarının yerləşdiyi torpaq sahəsinin Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanmış icarə müqaviləsi əsasında su anbarı hotel tərəfindən icarəyə götürülüb. Lakin torpaq daşınaraq su anbarının su ilə örtülü ərazisinin doldurulması işlərinin aparılması müşahidə olunub. Bununla bağlı hoteldə istirahət edərkən müştərilərdən biri su anbarının torpaqla doldurulmasının görüntülərini qeydə alıb.

Mövzu ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən Avtosfer.az-a verilən açıqlamada bildirildi ki, qeyd olunan məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən 2022-ci ildə aparılan araşdırma zamanı Quba rayonu, 2-ci Nügədi kəndi ərazisində yerləşən “Bulaqdərə” su anbarının yerləşdiyi torpaq sahəsinin ƏMDX ilə bağlanmış icarə müqaviləsi əsasında “Macara Club Tourism, Hospitality and Management” MMC adlanan hüquqi şəxs tərəfindən icarə müqaviləsinin şərtlərini pozaraq istifadə edildiyi müəyyən olunub:

“Belə ki, həmin hüquqi şəxs tərəfindən torpaq qanunvericiliyinin tələblərinə zidd olaraq torpaq daşınaraq su anbarının su ilə örtülü ərazisinin doldurulması işlərinin aparılması faktı aşkar edilib. Bununla bağlı hüquqi şəxsin nümayəndəsinə torpaq qanunvericiliyinin tələbləri barədə məlumat verilib, qeyri-qanuni görülən işlərin saxlanması barədə xəbərdarlıq olunub.

Eyni zamanda Xidmətin əməkdaşları tərəfindən qeyd edilən hüquqi şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq protokol tərtib edilib, faktla bağlı səlahiyyətləri çərçivəsində müvafiq tədbirlərin görülməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə və Quba Rayon İcra Hakimiyyətinə məktub göndərilib.

Bundan sonra “Bulaqdərə” su anbarına aid torpaq sahəsində və bitişik ərazidə yerləşən torpaq sahələrində mütəmadi olaraq monitorinqlər aparılır və torpaq qanunvericiliyinin pozuntusu halları aşkar edilməmişdir”.

“Macara Club Tourism, Hospitality and Management” MMC adının önündəki qara buludlar bu müəssisə ətrafında qısa araşdırma aparan kimi dağılır. Belə ki, hotelin adını axtarışa yazdığınız zaman yalnız müəssisə ilə bağlı mənfi məlumatlar qarşımıza çıxır. Bu müəssisə 2016-cı ildə qanuni təmsilçisi Məmmədov Faiq Ağabağa oğlu olan və nizamnamə kapitalı 1 mln 700 min manat göstərilərək tikintisinə başlanılıb. Gülməli tərəfi odur ki, 2020-ci ildə pandemiya səbəbilə bir çox hotel və başqa müəssisələrin fəaliyyəti dondurulan zaman hökumətin dəstək göstərdiyi bir sıra obyektlər arasında “Macara” da oldu.

Bu cinayətlərin yanına bir də vergi bəyannamələrini təqdim etməmə halını da əlavə etdikdə, müəyyən olur ki, Dəmirçilər ailəsi bu dövlətin heç bir qanununa əməl etməyib. Belə ki, Dövlət Vergi Xidmətinin rəsmi saytında “Macara”nın adını  VÖEN üzrə axtarışa verərkən məlum olur ki, müəssisə demək olar ki, nizamnamə kapitalı təqdim edib tikintiyə başladıqları gündən indiyə qədər heç vaxt vergi bəyannamələrini təqdim etməyib.

Üstəlik 2020-ci ildə 5 hektar ərazini əhatə edən “Macara” istirahət mərkəzinin SOCAR-ın İnsan Hüquqları Şöbəsinin müdiri Eldar Orucova məxsus olması ilə bağlı da xəbər ortaya çıxıb. Eldar Orucov isə 2005-ci ildən 2022-ci ilə qədər SOCAR-ın rəhbəri olan Rövnəq Abdullayevin ən yaxın adamlarından biri olub. Eldar Orucovla əlaqədar da mətbautda xeyli neqativ xəbərlər var. Lakin bu xəbərlərlə əlaqədar hansısa araşdırmanın nəticələri müəyyən deyil. Belə ki, Qubada baş verən hadisələrlə əlaqədar Eldar Orucovun adı “Macara” ilə yanaşı artıq dəfədir ki, mənimsəmə, zəbtetmə faktında hallanır. Daha əvvəl də Eldar Orucovun Qubada sakinlərin örüş sahəsi olan 60 hektar ərazini özəlləşdirib, yayılan xəbərlərin ört-basdır edilməsi üçün dəridən-qabıqdan çıxmağa məcbur olmuşdu.

Həm “Macara”, həm də digər qanunazidd əməllərin arxasında da, eləcə də, son günlər Şəki rayonunda baş verənlər də birbaşa Dəmirçilər ailəsi və Eldar Orucovla, dolayı yolla isə 2022-ci ildən etibarən İqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilən Rövnəq Abdullayevlə əlaqəlidir. Rövnəq Abdullayevlə əlaqədar isə ən son ötən ilin əvvəlində oğlunun 20 milyon dollara Londondan ev alması ilə xəbəri yayılıb.

Məsələyə ictimaiyyətin, mütəxəssislərin rəyini öyrənmək də mütləq olduğu üçün sualımızı əvvəlcə ekoloq Qorxmaz İbrahimliyə yönləndirdik. Saytımıza müsahibəsində ekspert bildirdi ki, belə inhisarçı sahibkarlara qarşı, təbiətin mühüafizəsi ilə bağlı mübarizədə vətəndaşlar da aktiv olmalıdır:

“Düzdür, bir çox hallarda belə məsələlərə biganə qalmayan vətəndaşlarımız belə qanunsuz əməllərdən çəkinməyən inhisarçıların təzyiqlərinə məruz qalırlar, ona görə də vətəndaşları qınamaq bu məqamda doğru olmaz. Ölkədə təbiətin mühafizəsi ilə qanun məşğul olmalıdır. Parlamentdə belə adamlara qarşı sərt qanunlar müzakirəyə çıxarılmalı, qəbul edilməlidir. Nəzarət mexanizmləri gücləndirilməlidir. Bələdiyyələr, hüquq-mühafizə orqanlarına belə qanunsuzluqlarla mübarizədə tam səlahiyyət verilməlidir. Təəssüflər olsun ki, belə hallar baş verərkən korrupsiya faktına da rast gəlirik. Korrupsiya faktı olan yerlərdə də meşə və çöl ərazisinə, ümumilikdə təbiətə zərər vurulur. Biz bunun analoji halları ilə paytaxtda da rastlaşırıq. Sahibkarlar yeni salınan parkı obyektinə qatıb masa yerləşdirib müştəri dəvət edir, ağacı qəsdən qurudub obyekti üçün terras ərazisi hazırlayır və  sairə. Mədəniyyət Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə hotellərin fəaliyətinə nəzarət mövzusunda çox ciddi addımlar atmalıdır. Ölkədə kömür kimlərsə daşınaraq bazarda sərbəst şəkildə satılır, lakin vergi verən yoxdur. Bu da ölkədə gizli iqtisadiyyatın tərkib hissələrindən biridir. Belə obyektlər tikilərkən heç bir mütxəssislə məsləhətləşmələr aparılmır, dəyərləndirmə işləri görülmür, kim harda gəldi, gölün ətrafında, su hövzələrinin yaxınlığında, meşənin ortasında hotel tikir, bir obyekt açır. Göl quruduldu,meşə qırıldı, hotel tikildi, sonrasında adam həbs edildi, hamı üzüldü, sonra adam həbsdən azad edildi. Bu adamın həbsi, yaxud digər proseslər  təbiətə nəyi qaytaracaq? Azərbaycanın, onusz da, çox az ölçüdə meşə örtüyü və su hövzələri var. Hanısa məmurların biganələyi səbəbindən də həmin  ərazilər də belə harınlamış, ədəbsiz insanlar tərəfindən məhv edilir”.

Ekoloq sonda onu da vurğulayıb ki, baş verən qanunzidd əməllərə reaksiya verən vətəndaşlar da harasa şikayət edən kimi dərhal təhdid edilir ki, şikayətini geri götürsün.

Dəmirçilər ailəsinin Rövnəq Abdullayevlə olan əlaqələrindən istifadə edərək qeyd oluan tipdə müəma dolu işlərdə kimlərəsə əlçatanlığı onların ürəkləri istədikləri yerdə müəssisələr açmasına da şərait yaradır. Gölün ərazisinin qurudulması məsələsində ekoloqun “biganə məmur” olaraq vurğuladığı hissə məhz Fövqəaladə Hallar Nazirliyinin Tikintidə Təhülkəsizliyə Nəzarət Departamentinin region üzrə, yaxud baş idarə üzrə işçilərinə birbaşa aiddir. 3-5 sotluq torpağında daxmasının üstünə imkan edib 2-ci mərtəbəni qaldırmağa cəhd göstərən vətəndaşın darvazasının önünə eskalatorla qaçan bu department işçiləri, necə olursa, iri biznesmenlərin bu cür qanunsuz əməllərindən ümumiyyətlə xəbər tutmurlar. Ya da xəbər tutsalar belə görməzdən gəlirlər. Bəs buna səbəb nədir? Aydın Dəmirçi, yaxud Rövnəq Abdullayev kimi inhisarçılar belə əməlləri törədərkən nəyə güvənirlər? Bu adamlardan kim, niyə çəkinir?

Bu sualları Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə ünvanladıq. Partiya başqanı redaksiyamıza müsahibəsində deyib ki, belə bir hal ilk dəfə baş vermir:

“İlk dəfə deyil ki, hansısa milyoner qanunları pozur, ölkəyə külli miqdarda zərər vurur, ona o zərər ödədilir, sonra azadlığa çıxır. Buna görə təəccüblənmək lazım deyil. Bu adamlar elə düşünür ki, pulları varsa, hər şeyi həll etməyə imkanları var, gücləri çatır. Mən çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, ölkəmizdə bəzi insanlar Azərbaycan Respublikasının qanunlarına riayət etmək istəmirlər. İstər “Macara” hotel olsun, istər bir başqası, bu cür inhisarçılar elə düşünürlər ki, pulla hər şey edə bilərlər. Lakin hər şey dostbazlıq, qohumbazlıq sayəsində gerçəkləşir. Bu adamların milyonları var, istəsələr adam öldürərlər, açıqlama da verirlər ki, özünü öldürüb. 8 milyon manat olaraq açıqlanan rəqəm bu adamların əlində heçnədir.  Keçmiş baş nazirin nəvəsi, xatırlayırsınızsa, bir nəfəri vurdu öldürdü, maşınla üstündən keçdi, sonra azadlığa çıxdı. Qafar Dəmirçi milyonlarla zərər vurdu, o qədər ağac qırdı, atası çıxdı üzr istədi, 8 milyon manat 1-2 gündə tapıldı ödənildi. Yəni bu cür harınlamış, əxlaqsız adamlar üçün o pul heçnədir. Amma o ağaclar 1-2 günə bitməmişdi. İllərlə zaman tələb olunur o ağacların ərsəyə gəlməsi üçün. Bu adamların arxaları var, dostları var, pulları var. Onlar üçün bütün bu sadaladıqlarım qanundan da, xalqdan da üstündür”.

Hafiz Hacıyev onu da əlavə edib ki, Qafar Dəmirçi kimi adamlar kiçik fiqurlardır, onların arxasında dayananlar olmasa, bu qədər rahatlıqla cinayət törətməyə cəsarət edə bilməzlər.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də  Qafar Dəmirçi və “Macara Club Tourism, Hospitality and Management” MMC-nin törətdiyi ekoloji cinayətlərlə bağlı sorğu göndərdik. Müraciətimizə cavab olaraq bildirildi ki, qeyd etdiyiniz məsələlər üzrə geniş araşdırma aparılır və nəticələrlə bağlı açıqlama veriləcək.

Bölgələrdə turizmin inkişafı məqsədilə sahibkarlara yaradılan şəraitdən sui-istifadə edən bu cür sahibkarlar Azərbaycan qanunları qarşısında məsuliyyət daşımalıdırlar. Sahibi saxlanılan “Macara” hotel fəaliyyətini dayandırmaq mövzusunda belə düşünmədi. Son ana qədər nüfuzu qorumaq xətrinə yeni il kampaniyaları, məşhur müğənnilərin dəvətilə əyləncəli proqram tərtibatının reklamları ilə özünə müsbət rəy formalaşdırmağa çalışdı.

Bir sözlə, ümid edirik ki, tezliklə həm Qafar Dəmirçinin, həm də ona arxa çıxan Rövnəq Abdullayevin sadiq adamı Eldar Orucovun, Qubada və digər bölgələrdəki cinayət əməllərinin üstü tamamilə açılar və bu dövlətə ziyan vuran, bu xalqın haqqını tapdayan inhisarçı biznesmenlərin qanuna zidd fəaliyyəti gün üzünə çıxar.

Biz də Avtosfer.az saytı olaraq, bu məsələni diqqətlə izləyəcəyimizə və qanunsuzluqlara qarşı mübarizədə dövlətimizin yanında olacağımıza söz veriririk!

Səfər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh