Banner

"Rusiyadan Ermənistanın ABŞ ilə sazişinə reaksiya..." - POLİTOLOQDAN REGİONLA BAĞLI ANALİZ

Gündəm 16 Yanvar 2025 15:30 Oxunub 136
"Rusiyadan Ermənistanın ABŞ ilə sazişinə reaksiya..." - POLİTOLOQDAN REGİONLA BAĞLI ANALİZ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Gürcüstanla tərəfdaşlıqdan əlini üzən Amerika Birləşmiş Ştatları Qafqazda özünə yeni tərəfdaş tapmaq üçün uzun müddətdir öz missioner fəaliyyətinin regiondakı inkişafı üçün yüksək məbləğlərdə yatırımlar edir. Bunun sayəsində yanvarın 14-ü ABŞ ilə Ermənistan arasında müxtəlif istiqamətlərdə tərəfdaşlığa dair saziş imzalandı. Politoloqlar hesab edir ki, ABŞ-nin bu addımı regiondakı yeni müharibənin carçısı ola bilər.

Ermənistanın ABŞ ilə müqavilə imzalaması Rusiya-Ermənistan münasibətlərinə necə təsir göstərəcək? Son illərdə Ermənistanın MDB-nin iclaslarında iştirakdan yayınması, eləcə də ABŞ ilə imzalanan saziş daha böyük problemlərə səbəb ola bilərmi? Paşinyanın Qərbə yaxınlıq siyasətinin Ermənistana uğur gətirməsi ilə bağlı bəyanatından sonra Moskvanın atacağı mümkün addımlar nələr olacaq?

Mövzu ilə bağlı politoloq Oktay Qasımov Avtosfer.az-a açıqlamasında bildirib ki, ABŞ və Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq xartiyası, təbii ki, region ölkələrinin maraqlarına tamamilə ziddir:

“Bu sənəd Cənubi Qafqazda sülh və sabitliyə ciddi təhdid yaradan sənəddir. Belə ki, bu sənədlə ABŞ faktiki olaraq Ermənistanda yerləşərək, yenidən qurmaqla bağlı Marşal planı həyata keçirməyi hədəfləyir. Ermənistana bütün istiqamətlərdə dəstəyini ifadə edir və bu prosesin həyata keçirilməsi ilə faktiki olaraq Ermənistanın sülh prosesindən yayınmasına, Zəngəzur dəhlizinin açılmasının əngəllənməsinə, sənədlərin delimitasiya və demarkasiya prosesinə problem yaradılmasına və Azərbaycanla revanşa hazırlıq üçün müəyyən bir baza qurulmasına şərait yaradır. Əlbəttə ki, bu sənəd Rusiyanın maraqlarına ziddir. Faktiki olaraq, bölgəni işğal etdiyi müddətdə 200 il ərzində Rusiya Cənubi Qafqazda, xüsusilə də Ermənistanda dominant güc olub. Ermənistan öz müstəqilliyini əldə etdikdən sonra 30 ildən artıq müddət ərzində faktiki olaraq Rusiyanın forpostu rolunda çıxış edib. Ermənistanın bütün dövlət tarixi və siyasəti Rusiyadan asılı olub. İndi isə Paşinyan ölkəsini Rusiyadan uzaqlaşdıraraq Qərbə, o cümlədən ABŞ-yə yaxınlaşdıraraq yeni himayədar tapıb”.

Politoloq əlavə olaraq bildirib ki, imzalanan sənədi incələdikdə bir daha aydın olur ki, müdafiə, təhlükəsizlik, sərhəd, gömrük və enerji kimi məsələlər burada önəmli yer tutur:

“Bunlar da birbaşa Rusiyanın maraqlarına zidd olan məsələlərdir. Rusiya bu məsələlərə necə yanaşacağını və hansı addımları atacağını söyləmək hələ tezdir. Rusiya tərəfindən hələlik rəsmi səviyyədə səslənən fikirlərə diqqət yetirdikdə, biz Rusiyanın kifayət qədər ehtiyatlı və təmkinli davrandığını görürük. Nəzərə alsaq ki, Rusiya Ermənistana təzyiq etmək üçün kifayət qədər resurslara sahib deyil. Son dörd il ərzində Rusiya Paşinyanı devirmək üçün müxtəlif cəhdlər etsə də bunlar uğurla nəticələnməyib. Düşünmürəm ki, Rusiya Ermənistanı hazırda diz üstə gətirmək üçün resurslara sahibdir. Çünki Paşinyan hakimiyyətdə olduğu müddətdə uzun müddət manevr edərək proses aparıb və təbii ki, ABŞ tərəfindən müəyyən təminatlar almadan bu addım atıla bilməzdi. Xüsusilə də Ermənistanın ən həssas sahələrindən biri olan enerji təchizatı məsələsində çox ciddi sıxıntılar yaşana bilər. Çünki ABŞ-nin təlimatı ilə üzdə antiqərb, antiamerika siyasəti adı altında fəaliyyət göstərən İran, Ermənistana qaz tədarükünü artıra bilər”.

O. Qasımov sonda qeyd edib ki, Ermənistanın Qərbə yönəlməsi problemlər yaratsa da, sonunda əgər sənəd işlək hala gətirilərsə, onlar üçün müəyyən dividentlər olacaq:
“Amma bölgə üçün hesab edirəm ki, bu kifayət qədər problematik bir məsələdir. Xüsusilə də sənədin imzalanması və Ermənistanın bu formada Qərbdə inteqrasiyanı sürətlə davam etdirməsi ABŞ-ın maraqları və siyasəti onu göstərir ki, sənədin imzalanması ilə sülh və gələcək sabitliklə bağlı problemlər davam edəcək və gərginlik qalacaq”.

Eltac Zülfüqaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh