Şamaxı yolunu hasarlayırlar – VİDEO – FOTO

Gündəm 11 İyul 2014 00:05 Oxunub 2387
Şamaxı yolunu hasarlayırlar – VİDEO – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ərşad Hüseynov: «Bunan bircə adı var- biabrçılıq»

 

Pünhan Mürsəliyev: «Bu işlər bizim tərəfimizdən aparılmır»

 

Bir neçə il əvvəl Qaradağ rayonu, Sahil qəsəbəsində yol kənarlarının hasarlanması prosesi indi də Bakı-Şamaxı yolunda, daha dəqiq desək, Sulutəpə qəsəbəsi ərazisində həyata keçirilir. Sulutəpə qəsəbəsinin başlanğıcından start götürən hasarlama işləri hazırda «At yalı» adlanan ərazidən keçməklə Yuxarı Güzdək qəsəbəsində davam etdirilir. Avtosfer.az-ın əməkdaşı yol kənarında aparılan hasarlama işlərini lentə alaraq müşahidə aparıb. Məlum olub ki, yol boyu bütün ticarət obyektləri, evlər hasarın arxasında qalıb. Maraqlı məqam odur ki, yalnız üç obyektin qarşısından hasar çəkilməyib. Bunlar da «Murad» adını daşıyan ticarət mərkəzləri və şadlıq evidir. Qalan bütün obyektlər tam hasara alınıb. Hətta, bəzi obyektlərin qapısı birbaşa yola açıldığı üçün hasarlama nəticəsində obyekti bağlamaqdan başqa heç bir çıxış yolu qalmır. Obyekt sahiblərinin əksəriyyəti artıq işi dayandıraraq mallarını dəyər-dəyməzinə satırlar. Onların Avtosfer.az-a bildirdiyinə görə, obyektlərin hasara alınması nəticəsində burada hər hansı ticarətlə məşğul olmaq mümkün deyil. Çünki bu obyektlərin hamısı yoldan keçən maşınların hesabına dolanırlar. Yəni, yol maşınlarından müştəri tuturlar. Hasarın hündürlüyü isə 2 metrdən artıq olduğu üçün heç bir obyekt görsənmir. Onlara dəyən ziyana görə kompensasiya ala bilmədiklərini deyən obyekt sahiblərinin sözlərinə görə, yolun hasarlanması yüzlərlə insanın işsiz qalmasına, dolanışıq səviyyəsnin aşağı düşməsinə səbəb olub: «Əslində, hasar çəkilməsi heç kimə lazım deyil. Sadəcə bəzək vuracaqlar ki, yollar səliqəlidir, bəzəklidir. Amma düşünmürlər ki, bu hasarın arxasındakı insanlar işsiz qalıb, gün işığına həsrət qalıb. Yola yaxın olan elə evlər var ki, hasar hər tərəfdən yolu, işığı, nəfəs almaq üçün havanın qarşısını kəsib».

Ərazidə işləyən fəhlələr isə bildirdilər ki, yolun hasarlanması dövlət hesabına həyata keçirilir. Ekspertlər belə hasarlamanını aparılmasının yol-hərəkəti iştirakçıları üçün də təhlükə yaratdığını vurğulayır. Məsələyə münasibət bildirən hüquqşünas Ərşad Hüseynovun sözlərinə görə, belə hasarlamanın aparılması yolverilməzdir: «Bu günlərdə Nəqliyyat Nazirliyi belə bir bəyanatla çıxış etdi ki, Azərbaycan tranzit məkanına çevriləcək. Bu əslində gözəl ideyadır  və ölkəmizin çoğrafi mövqeyi buna imkan verir. Amma Avropa ölkələrində avtomagistrallar haqqında saziş var. Həmin sazişdə göstərilir ki, avtomagstrallar necə olmalıdır? Bakı-Astara, Bakı-Qazax, Bakı-Rusiya yolu da beynəlxalq əhəmiyyətli belə yollardandır. Amma sabah avropalı mütəxəsislər bu yolları gördükdə deyə bilər ki, bu nə yoldur? Nazirlər Kabinetinin 7 fevral 2001-ci il tarixli qərarına görə, 1, 2 və 3-cü dərəcəli avtomobil yollarında yol çiyni olmalıdır. Bu ehtiyat zolaqda hərəkət nəzərdə tutulmur. Amma hansısa yol hərəkəti iştirakçısının problemi olduqlda həmin hissədə dayanır. Yaxud yolun kənarlarında hərəkət hissələri olmalıdır. Təhlükəsizlik üçün önəmli hissələrdən biri də mühafizə zolaqlarıdır. Bu mühafizə zolaqlarında heç bir tikili olmur. Yarğan, uçurum və digər təhlükəli hissələrdə isə çəpərlər tikilir. Bu isə ondan ibarətdir ki. Həmin çəpərə dəyən avtomobilin sürəti azalır və ölüm risklərini azalır. Bizdə isə yol çiyni yoxdur. Çəpərləri birbaşa hərəkət hissəsinin kənarına qoyublar. Bunan da bircə adı var- biabrçılıq. Bununla sürücülərə tələ düzəldirlər». 

Hüquqşünasın sözlərinə görə, əlaqədar qurumların bu işə cavabdehliyi bir-birinin üzərinə atması məsuliyyətdən yayınmaqdır: «Bunlar hamısı nağıldır ki, bu işlər bizlik deyil. Halbuki avtomobil yolları haqqında qanunda birbaşa yazılıb ki, yolun sahibi Azərbaycan Respublikası adından Nəqliyyat Nazirliyidir. Dövlət yollarının sahibi Nəqliyyat nazirliyidir. Bəzi yerlərdə isə yerli əhəmiyyətli yollar icra hakimiyyətləridir. Həmin yolun sahibinin icazəsi olmadan orada bir ədəd ağac da əkmək olmaz. Dövlət Yol Polisi ilə razılaşdırılmadan heç bir iş görülə, çəpər qoyula bilməz».

Məsələyə münasibət öyrənmək üçün «Azəryolservis» ASC ilə də əlaqə saxladıq qurumun mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirdi ki, həmin yolda aparılan işlərdən xəbərsizdirlər: «Bu yolun kənarlarında biz heç bir hasar çəkməmişik. Bu işlər yəqin ki, yerli icra hakimiyyəti orqanları tərəfindən aparılır». 

Bakı şəhər baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov bildirdi ki, həmin yolda aparılan çəpərləmə işlərindən xəbərsizdirlər. 

Qeyd edək ki, bir müddət əvvəl Sahil qəsəbəsində də eyni proses həyata keçirilirdi. Obyekt sahibləri bir müddət dirəniş göstərib işləməyə çalışsalar da, hasarın ağır təsirindən yaxa qurtara bilmədilər. Hazırda həmin ərazidə yüzlərlə obyektdən cəmi 2-3-ü fəaliyyət göstərir.

Avtosfer.az saytı Bakı-Şamaxı yolundan çəkilmiş video və fotoları təqdim edərək baş verənlərdən nəticə çıxarmağı oxucuların ixtiyarına buraxır…

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh