Skuterlə avtobusa minmək olar?

Ötən gün Bakıda sərnişin və avtobus sürücü arasında mübahisə yaranıb.
Avtosfer.az xəbər verir ki, Nərimanov rayonundan Lökbatan qəsəbəsi istiqamətində hərəkət edən 211 nömrəli avtobusun sürücüsü xanım sərnişinin övladı və skuterlə avtobusa minməsinə etiraz edib. Mübahisə böyüdükdə ana və övladı avtobusdan düşürülüb.
“Baku Bus” MMC-dən mətbuata bildirilib ki, avtobus sürücüsü tərəfindən uşaq skuterinin avtobusda daşınması ilə bağlı qüvvədə olan qaydalar düzgün tətbiq edilməyib.
Qeyd olunub ki, “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın 5.1-ci bəndinə əsasən, müntəzəm avtobus marşrutlarında sərnişin özü ilə ölçüləri 60 sm × 40 sm × 20 sm-dək, çəkisi 20 kiloqramdan çox olmayan bir ədəd əl yükünü və uşaq arabasını ödənişsiz daşımaq hüququna malikdir.
Bildirilib ki, hadisə zamanı sürücü tərəfindən qaydaların tətbiqində anlaşılmazlıq yaranıb. Bununla əlaqədar sərnişindən, xüsusilə də onun azyaşlı övladından üzr istənilib.
“Baku Bus” əlavə edib ki, hadisə ilə bağlı sürücü barəsində müvafiq intizam tədbiri görüləcək, eyni zamanda analoji halların təkrarlanmaması məqsədilə bütün sürücülər üçün mövcud qaydalar üzrə əlavə təlimatlandırma aparılacaq.
Nəqliyyat sahəsi üzrə ekspert Adil Nəbiyev Musavat.com-a şərhində bildirib ki, hazırkı Azərbaycan qanunvericiliyində qatlanan və ya adi elektrik skuterinin avtobusa gətirilməsini ümumi qaydada qadağan edən ayrıca norma yoxdur:
“Bununla belə, ictimai nəqliyyatda sərnişin və baqajın daşınması qaydalarına əsasən, sürücü və ya daşıyıcı şirkət digər sərnişinlərin təhlükəsizliyinə maneə yaradan, keçidi bağlayan və ya salonun təhlükəsiz istismarına risk yaradan iri əşyaların avtobusa gətirilməsinə məhdudiyyət qoya bilər. Buna görə də məsələ “skuter qadağandır” prinsipi ilə deyil, daşınan əşyanın ölçüsü, necə yerləşdirilməsi və yaratdığı təhlükəsizlik riski əsasında qiymətləndirilməlidir. Əgər skuter qatlanaraq digər sərnişinlərin hərəkətinə mane olmursa, fövqəladə çıxışları bağlamırsa və təhlükə yaratmırsa, onun avtobusa buraxılmaması üçün açıq hüquqi qadağa mövcud deyil. Lakin pik saatlarda salonun həddindən artıq dolu olması, əlil və ya uşaq arabası üçün ayrılmış yerlərin tutulması, yaxud skuterin sərnişinlərin təhlükəsizliyinə risk yaratması hallarında sürücü təhlükəsizlik baxımından daşınmaya icazə verməyə bilər. Bu qərarın məqsədi ayrı-seçkilik deyil, avtobusda olan bütün sərnişinlərin təhlükəsizliyini təmin etməkdir”.
Ekspert hesab edir ki, bu sahədə daha aydın hüquqi tənzimləməyə ehtiyac var:
“Bir çox Avropa ölkəsində qatlanan skuterlərin avtobus və metroya aparılmasına müəyyən şərtlərlə icazə verilir, lakin pik saatlarda və ya iri ölçülü skuterlərlə bağlı xüsusi məhdudiyyətlər tətbiq olunur. Azərbaycanda da ictimai nəqliyyat operatorları tərəfindən elektrik skuterlərinin daşınmasına dair vahid və dəqiq qaydaların müəyyən edilməsi həm sərnişinlər, həm də sürücülər arasında yaranan mübahisələrin qarşısını almağa və hüquqi qeyri-müəyyənliyi aradan qaldırmağa kömək edər”.
Tıxacların qarşısını almaq üçün çevik iş qrafiki tətbiq edilə bilər? - VİDEO
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB










