Sumqayıtda üfunət qoxan küçə təmizləndi - FOTO - VİDEO

Sumqayıt şəhərində kanalizasiya daşaraq küçəyə axıb.
Bu barədə Oxu.Az-ın redaksiyasına daxil olan şikayətdə qeyd olunub. Söhbət şəhərin Nəriman Nərimanov küçəsi ilə Sülh küçəsinin kəsişməsindən gedir.
Vətəndaş iddia edir ki, şəhərin mərkəzi küçəsi bir neçə gündür ki, bu vəziyyətdədir:
“Pandemiya dövründə bu cür laqeydlik olmaz. Üfunətdən küçədən keçmək mümkün deyil. Aidiyyəti qurumlar isə telefonlara cavab vermir”.
Məsələ ilə bağlı “Azərsu” ASC-nin Sumqayıt Sukanal İdarəsinə müraciət etdik. İdarə rəisi İlqar Abdullayev Oxu.Az-a açıqlamasında daxil olan şikayətin qeydə alındığını bildirib:
“Ərazidə kanalizasiya sisteminin təmizlənməsi üçün texnikaya ehtiyac var. Ötən gün texnika digər ərazilərə cəlb edildiyindən bu gün, səhər saatlarından şəhərin Sülh küçəsində əməkdaşlarımız tərəfindən tədbir görülüb. Yaranan problem aradan qaldırılıb. Hazırda ərazidə ətraf küçələrin yuyulması davam edir”.













