Süni intellektlə yaradılan musiqi əsərləri müəllifin hüquqlarını pozurmu? – MÜTƏXƏSSİS RƏYİ

Son illərdə süni intellektin inkişafı musiqi sahəsinə də ciddi şəkildə təsir göstərib. Xalq mahnılarından tutmuş müasir bəstələrə qədər bir çox nümunə artıq süni intellekt vasitəsilə yaradılır. Nəticədə elə bir vəziyyət yaranıb ki, insanlar bəzən süni intellekt tərəfindən hazırlanan mahnı ilə peşəkar bəstəkarın əsərini ayırd etməkdə çətinlik çəkirlər. Bu şəraitdə süni intellekt tərəfindən yaradılan musiqi ilə insan yaradıcılığının fərqləndirilməsi vacibdir. Çünki insanın yaratdığı əsər emosional təcrübəyə, şəxsi duyğulara, həyat hekayəsinə və estetik zövqə əsaslanır. Süni intellekt isə yalnız mövcud nümunələri analiz edib yeni kombinasiya edir. Yəni, o “yaratmır”, sadəcə verilən əmrləri yerinə yetirir. Düzdür, süni intellektlə xalq mahnılarına, musiqilərə yenidən həyat verilir amma bir çox problemli nüanslar ortaya çıxır. Maraqlıdır, görəsən gələcəkdə bu texnoloji inkişaf bəstəkarlıq yaradıcılığını kölgədə qoya bilərmi?

Bununla bağlı Avtosfer.az-a açıqlama verən bəstəkar Faiq Sücəddinov deyib ki, 50 ildən sonra da süni intellekt insanı əvəz edə bilməz, çünki insan birinci sıradadır:
“Dünyada o qədər gözəl musiqilər, operalar yazılıb. İtalyan bəstəkarlarından Verdi, Puccini və s. Azərbaycanda da Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov və digərləri... “Koroğlu”nu süni intellekt yaza bilərmi? Bizim romanslarımızı, xalq mahnılarımızı süni intellekt yarada bilərmi? Heç mümkün deyil. Hansısa süni intellekt şeirin qəlbində olan o zəngin sözləri ifadə edə bilərmi? Süni intellekt hansısa şeiri götürüb plagiat olaraq istifadə edə bilər amma insanı, bəstəkarı heç vaxt əvəz edə bilməz. “Qapını döysəm, səndən imdat istəsəm, nə edərsən mənə?”, “Vətəndən pay olmaz”, “Hər şeyi verərlər, vətəndən pay olmaz”, sonra bizim Baba Vəziroğlunun çox gözəl kəlamları var, süni intellekt onları deyə bilərmi? Xeyr...”
Bəs görəsən dinləyicilər süni intellektlə yaradılan musiqiləri realdan necə ayırd edə bilərlər?

İnformasiya Texnologiyaları üzrə mütəxəssis Bəhruz Əliyev bildirib ki, insanların süni intellekt musiqisini ayırd edə bilməməsinin texniki səbəbləri var:
“Müasir süni intellekt musiqisi minlərlə real musiqi əsərinin melodik, harmonik və ritmik paylanmasını öyrənir. İnsan musiqisinin statistik imzasını təqlid edir. Nəticədə beyin anomaliya hiss etmir. İnsan strukturu deyil, emosiyanı dinləyir. Mikrosəviyyəli harmonik uyğunsuzluqları və ya generativ izləri ayrıd etməkdə çətinlik çəkir. Yeni modellər konkret müəllifi kopyalamır. Bir neçə üslubu birləşdirir. Bu da musiqini insana məxsus kimi səslənməsinə gətirib çıxarır. Süni intellekt musiqisini orijinal bəstəkar əsərindən fərqləndirmək texniki ekspertiza ilə mümkündür, adi dinləyici üçün demək olar ki, bu çox çətindir. Süni intellekt musiqisi çox vaxt həddən artıq təmiz olur. İnsan bəstəkar zamanla tərzində təkamül göstərir. Süni intellekt isə eyni yaradıcılıq səviyyəsində qalır. Uzunmüddətli analizlərdə fərq üzə çıxır. Bəzi modellər var ki, eşidilməyən tezlik qatında statistik imza yerləşdirir”.
Mütəxəssis süni intellekt musiqisinin kommersiyalaşdırılmasına da aydınlıq gətirib. O bildirib ki, bu məsələnin təhlükəsizlik və etibarlılıq problemləri hazırda ən riskli texniki zonalardan biridir:
“Müəlliflik və məlumatların mənşəyi riskləri texniki problem kimi qalır. Modelin hansı musiqilərlə öyrədildiyini isbat etmək çətindir. Məlumatların mənşəyi çox vaxt qeyri-şəffafdır. Stil klonlama və dərin saxtakarlıq ilə audio yaradılması təhlükəsi var. Konkret bəstəkarın üslubunu təqlid etmək, hətta vəfat etmiş bəstəkarların yeni əsərlərini yaratmaq kimi ehtimallar var. Bu kimi məsələlərdə düşünürəm ki, hüquqi məsuliyyət platformaya düşməlidir. Hazırda “bu musiqi süni intellektindir” deyən universal texniki standart yoxdur. Audio üçün məcburi metadata sistemi yoxdur. Amma təklif edərdim ki, bu işi görən bütün əlaqədar süni intellekt beynəlxalq platformalarına “metadata” və “Süni intellektlə yaradılıb” qeydi kimi məlumatları yerləşdirmək hüquqi olaraq, dünyada mövcud olsun və tələb olunsun.

İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə mütəxəssis Elvin Həsənovun sözlərinə görə, bir çox dinləyicinin süni intellektlə yaradılan musiqini bəstəkarın yazdığı əsərdən ayıra bilməməsi ilk növbədə texnologiyanın çox sürətlə inkişaf etməsi ilə bağlıdır:
“İnsan beyni adətən musiqini texniki incəliklə yox, ümumi duyğu və axıcılıq üzərindən qiymətləndirdiyi üçün fərqi hiss etmir. Yəni süni intellekt musiqisi bizi aldatdığı üçün yox, bizim musiqini hisslə dinlədiyimiz üçün ayırd etmək çətinləşir. Texniki baxımdan süni intellekt musiqisini ayırmaq mümkündür, amma bu adi dinləyicinin işi deyil. Bunun üçün xüsusi analiz proqramları istifadə olunur. Bu sistemlər musiqidəki təkrarlanan strukturlara, ritm sabitliyinə və harmonik balansın həddindən artıq təmiz olmasına baxır. Bəstəkarlar isə bəzən qaydanı poza, risk edə bilir”.
Hüquqi tərəf getdikcə aktuallaşır. Süni intellektin yaratdığı musiqinin müəllifi kimdir? Bəstəkarın hüquqları necə qorunur? Xalq mahnılarının süni intellekt tərəfindən təhrif edilməsi və ya yenidən qurulması qanunla tənzimlənməlidirmi? Bu suallar artıq bir çox ölkənin hüquq sistemində müzakirə olunur.

Bununla bağlı hüquqşünas Anar Qasımlı açıqlama verib. O bildirib ki, xalq yaradıcılığı nümunələri, yəni folklor nümunələri, müəllif hüquqlarının obyekti deyil və qanunla qorunmur:
“Əslində, bizim qanunvericiliyin tələblərinə əsasən “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunun tələbinə görə xalq yaradıcılığı müəllif hüquqlarının obyekti deyil və bu qanunla qorunmur. Çünki adından da bəlli olduğu üçün bunun müəllifi yoxdur. Bunun müəllifi xalqdır, xalq yaradıcılığıdır. Şəxslər süni intellektlə yaradılmış mahnıya, müəlliflik hüququna iddia edə bilməz ki, bu mənim əsərimdir. Yəni musiqnin yeni formaya salınmasının müəllifliyi hansısa bir şəxsə məxsus ola bilər və o burada süni intellektdən istifadə edirsə, deməli real intellektin məhsulu deyil və müəlliflik yaratmır. Bunlar da xalq nümunələrinin süni intellekt vasitəsilə yenilənmiş bir forması kimi cəmiyyətə təqdim edir və kimsə buna iddia edib, hansısa formada bunu mən yaratmışam, müəlliflik hüquqi kimi buna iddia edə bilməz”.
Anar Qasımlı deyib ki, ölkəmizdə müəlliflərin qanunda həm əmlak hüquqları var, həm də şəxsi qeyri-əmlak hüquqları var.
“Məsələn, şəxsin müəllif kimi tanınmaq, öz addan, soyaddan, təxəllüsdən istifadə etmək, onun əsərinə qarşı hansısa bir bu və ya digər formada qəsd olunarsa, onunla müdafiə olunmaq, buna müəllifin öz şöhrətinə hörmət edilməsi, şöhrətinə hörmət edilməsini tələb etmək hüququ kimi şəxsi qeyri-əmlak hüquqları var. Digər hüquqlar - əmlakla bağlı hüquqlar, müəllifi olduğu əsərləri satmaq, sürətini çıxartmaq, çoxaltmaq, yaymaq, satışına və yayılmasına qadğalar qoymaq və s. bu, müəllifin əmlak hüquqları kateqoriyasındandır. Bizdə müəllif hüquqlarının pozulmasına görə cinayət məsuliyyəti nəzərdə tutulur, amma bu yalnız kiminsə əsərini öz adına çıxmaq, öz adı ilə nəsə etdirmək və yaxud kiminsə əsərini bu və ya digər formada mənimsəmək, çoxaltmaq, satmaq cinayət məsuliyyəti yaradır. Amma hansısa bir əsərdə dəyişiklik etdirmək məsəl üçün, təbii ki, bunun üçün ilk növbədə müəllifin razılığı alınmalıdır. Müəllif dəyişdirilmiş formanı bəyənmirsə, onun yayımını qadağan etmək hüququna malikdir. Bunlar da mülkü mühakimə qaydasında, məhkəmələr vasitəsilə həyata keçirilir”.
Hüquqşünas bildirib ki, bu məsələlərin qanunla tənzimlənməsinə heç bir ehtiyacı yoxdur. Yəni, süni intellekt vasitəsilə hansısa xalq manısı yeni formada təqdim edilmirsə, bu onun təhrif olunması anlamına gəlmir. Onun o köhnə versiyası, onsuz da, qalır.
Nurcan Babək














