Banner

Sürücü “Şəmi” ləqəbli yol polisi ilə bağlı DİN-ə cavab verdi- VİDEO

Gündəm 4 Aprel 2017 22:26 Oxunub 20751
Sürücü “Şəmi” ləqəbli yol polisi ilə bağlı DİN-ə cavab verdi- VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Rüstəm Qasımov hadisənin görüntülərini tələb edir
Bir neçə gün əvvəl Masallı rayon sakini, ikinci qrup əlil olan Rüstəm Qasımov Masallı rayon Dövlət Yol Polisi Bölməsinin baş inspektoru, polis kapitanı Şəmşir Kərimovla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubova müraciət edib. O, şikayətində bildirib ki, martın 30-da, axşam saat 21:30 radələrində Masallı rayonundakı dairədə idarə etdiyi 10 CS 055 dövlət nömrə nişanlı "Jeep Grand Cherokee” markalı avtomaşını saxlayaraq yol polisi əməkdaşları ilə salamlaşıb. Bu zaman yolun əks tərəfində olan Masallı rayon Dövlət Yol Polisi Bölməsinin baş inspektoru, polis kapitanı Şəmşir Kərimov ona maşından düşüb yanına gəlməyi əmr edib: "Mənə dedi ki, tez maşından düş, qaçaraq yanıma gəl. Soruşdum ki, bu nə hərəkətdir, bu necə adam çağırmaqdır? O da əsəbləşib özü mənə yaxınlaşdı. Maşının qarşısına keçib yerə düşməyimi tələb etdi. Hamının "Şəmi" kimi tanıdığı Şəmşir Kərimov sol ayağımdan tutaraq məni sürüyüb maşından yerə saldı.Bildirdim ki, qayda pozmuşamsa bunun arxasında dayanıram. Pərdə taxmışamsa yerində cərimə yazsınlar, çıxım gedim. Çünki pərdəni elə yerindəcə aşağı salmaq mümkündür. Mən bunu etiraf edirəm. 150 manat cəriməni yazsın, mən də gedib ödəyim. Amma heç nədən maşını cərimə meydançasına apardılar. Mənə qarşı nalayiq hərəkətlər etdilər, Hamı bunu gördü, şahidlərim var".
 
Məsələ ilə bağlı DİN-in mətbuat xidməti açıqlama yayaraq, sürücünün şikayətinin heç bir əsasının olmadığını bildirib. Sürücü isə belə cavab verib:

 

Hörmətli Avtosfer.az!
DİN-nin Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadə Masallı rayon Yol patrul xidmətinin baş inspektoru Kərimov Şəmşir Dadaş oğlunun mənə qarşı nalayiq ifadələrlə, təhqirlərlə müşayət olunan fiziki zor tətbiq etməsi, mənə fiziki ağrı yetirməsi barədə etdiyim şikayətlə bağlı bildirdiyi münasibətdə guya mənim DYP əməkdaşlarına təşəkkür etməli olduğum halda, məsələnin mahiyyətini təhrif etmək, ictimai rəyi azdırmaq yolunu tutduğumu bildirib. Hörmətli Orxan müəllimin müsahibəsinin mətnindən aydın olur ki, ona hadisənin mahiyyəti barədə düzgün məlumat verilməyib, bu səbəbdəndir ki, hörmətli rəis müavini fiziki zor tətbiq edən, nalayiq ifadələr işlədən yol polisi əməkdaşına vətəndaşın təşəkkür etməli olduğunu bildirir.  
Belə ki, rəis müavini Orxan Mansurzadə hadisənin həqiqətən martın 30-da saat 21.30 radələrində Masallı şəhəri ərazisində baş verdiyini təsdiq edərək bildirmişdir ki, “"Jeep Grand Cherokee" markalı 10-CS-055 dövlət nömrə nişanlı avtomaşının sürücüsü yol hərəkəti qaydaLARını pozduğu üçün DYP əməkdaşları tərəfindən saxlanılıb, bu zaman müəyyən olunub ki, sürücü Rüstəm Qasımov nəqliyyat vasitəsini HƏM DƏ arxa yan şüşələrində pərdə örtükdən istifadə etməklə idarə edirmiş”. Həmin tarixdə və saatda sözügedən avtomobili mən idarə etmişəm və Orxan müəllimin sözlərindən belə məlum olur ki, mən yol hərəkəti qaydaLARını pozduğum üçün DYP əməkdaşları tərəfindən saxlanılmışam və saxlanıldıqdan sonra HƏM DƏ avtomobilimi arxa yan şüşələrində pərdə örtükdən istifadə etməklə idarə etməyim pozuntusu da müəyyən edilib. Lakin bu həqiqət deyil. Həmin tarixdə və saatda mən yalnız bir xətaya görə məsuliyyətə cəlb edilmişəm ki, bu da avtomobilimi arxa yan şüşələrində pərdə örtükdən istifadə etməklə idarə etməyim olmuşdur və bu xətaya görə də barəmdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsi ilə 150 manat cərimə olunmağıma dair 904623 saylı inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmişdir. Bəs mənim guya saxlanılmağıma səbəb olmuş yol hərəkəti qaydalarının digər pozuntuLARını təsdiq edən müvafiq protokol və ya qərar niyə yoxdur?! Axı həmin pozuntuLAR olmuş olsaydı inspektorlar bunu mütləq qeydə almalı idilər, çünki bu, onların vəzifə borcudur, xüsusən də, guya mən onlara qarşı tabesizlik göstərərək, sənədlərimi təqdim etməmişəmsə,  bu cür “hörmətsiz” sürücüyə hörmət edilib saxlanılmasına əsas olmuş pozuntuları yazmamaq mümkün deyildi. Göründüyü kimi, mənim guya yol hərəkəti qaydalarını pozduğum üçün DYP əməkdaşları tərəfindən saxlanılmağım, bundan sonra həm də nəqliyyat vasitəsini arxa yan şüşələrində pərdə örtükdən istifadə etməklə idarə etməyimin aşkar olunması barədə deyilənlər həqiqqət deyil.
Hörmətli Orxan Mansurzadə daha sonra bildirmişdir ki, guya mənə  qayda pozuntuları izah olunmuş, bundan sonra barəmdə inzibati tədbir görülməsindən ötrü sənədlərim tələb olunmuş, lakin mən qabaqdangəlmişlik edərək yol polisi əməkdaşlarının guya kobud davranışından şikayətlənmişəm və sənədləri təqdim etməkdən imtina etmişəm. Barəmdə olan 30.03.2017-ci il tarixli 904623 saylı qərardan göründüyü kimi məni inzibati məsuliyyətə cəlb edən inspektor Kərimov Şəmşir Dadaş oğlu olmuşdur. Deməli, qanunvericiliyin tələbinə görə Şəmşir Kərimov məni qanunla müəyyən edilmiş qaydada saxlamalı, mənə yaxınlaşmalı, özünü təqdim etməli, dayandırmanın səbəbini, yol hərəkəti qaydalarının pozuntusu aşkar edilmişdirsə, onun məzmununu bildirməli  idi. Lakin Şəmşir Kərimov bunların heç birini etməyib: o anidən özünü avtomobilimin önünə ataraq, yolumu kəsmiş, avtomobilimin önündə dayanmaqda davam edərək, nalayiq ifadlələrlə mənim dərhal avtomobildən düşməyimi tələb etmişdir. Mənim etirazım Şəmşir Kərimovun özünü yol polisi əməkdaşı kimi deyil, quldur, reket, qoçu kimi aparmasına olub. Məgər mən Şəmşir Kərimovun qanunsuzluğuna etiraz etməli deyildimmi?! Yoxsa, qanunvericiliyin tələblərini heçə sayaraq, öz vəzifələrini yerinə yetirməyərək vətəndaşla yol kəsən quldur, reket kimi nalayiq ifadələr və tələblərlə danışdığına görə ona təşəkkür etməli idim?! Əlbəttə, mən Şəmşir Kərimovun bu cür qanunsuz davranışına etiraz etməli idim və bunu da etmişəm. Mənim etirazım inzibati xətaya görə olmayıb. Zatən barəmdə olan qərarda da etirazımın olmadığı öz təsdiqini tapıb.
Lakin qanunsuz davranışına etirazımdan sonra da “qoçuluğunu” davam etdirən Şəmşir Kərimov avtomobilimə vəzifələrini yerinə yetirmək üçün deyil, mənə zor tətbiq edərək, avtomobildən düşürmək üçün yaxınlaşmış və ayağımdan tutaraq məni dartaraq avtomobilimdən aşağı salmışdır.
Hörmətli Orxan müəllim! Şəmşir Kərimova buna görəmi təşəkkür etməli idim?! Yoxsa məni zorla yol patrul (post patrul deyil) avtomobilinə otuzdurularaq RPŞ-nin mühafizə olunan duracağına aparılmağıma, avtomobilimin məndən alınmasına və bu günədək orada saxlanılmasına görəmi təşəkkür etməli idim?! Hesab edirəm ki, öz vəzifələrini yerinə yetirməyən, qanunsuzluğa, özbaşınalığa yol verən, vətəndaşa fiziki zor tətbiq edən, onu təhqir edən yol polisi əməkdaşına deyil, onun bu hərəkətlərinə hüquqi qiymət verilməsini təmin edən vəzifəli şəxsə təşəkkür edə bilər ki, Şəmşir Kərimovun mənə qarşı etmiş olduğu qanunsuz əməllərinə qanuni qiymət veriləcəyi təqdirdə bu təşəkkürü edəcəm.
Əlavə olaraq qeyd edim ki, qanunvericliyin tələbinə görə patrul avtomobilində xidmət aparan YPX inspektoru tərəfindən nəqliyyat vasitəsi saxlanılarkən patrul avtomobilində quraşdırılmış video kamera daim işlək vəziyyətdə olmalı, məsafədən səs ötürən mikrofondan istifadə edilməlidir. Sürücü ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsi, habelə YPX inspektorunun digər hərəkətləri avtomobilin içəri hissəsində və ya kənarda kameranın görünüş dairəsində aparılmalıdır. Hörmətli Orxan Mansurzadədən xahiş edirəm ki,  əsl həqiqətin aşkar olunması üçün mənim saxlanılmağım zamanı Kərimov Şəmşir Dadaş oğluna təhkim edilmiş patrul avtomobilindəki qeydiyyatçı tərəfindən qeydə alınmış kamera görüntülərini təqdim etsin. Həmin görüntülər mənim qabaqdangəlmişlik, yoxsa Şəmşir Kərimovun özbaşınalıq, “qoçuluq” edib-etmədiyini aşkara çıxaracaq.
 
Hörmətlə, Rüstəm Qasımov.
 
Bu arada, sürücü Rüstəm Qasımova qarşı zorakı hərəkətlər etməklə mətbuatın gündəminə gələn Masallı Yol Polisi Bölməsinin baş inspektoru, kapitan "Şəmi” ləqəbi ilə tanınan Şəmşir Kərimovla bağlı maraqlı məqam ortaya çıxıb. Bakipost.az xəbər verir ki, işlədiyi ərazidə avtomobillərdə əlavə avadanlıqların quraşdırılması, konstruksiya dəyişikliyinə və pərdə taxılmasına qarşı qəddar davranması ilə seçilən baş inspektor öz şəxsi avtomobillərində məhz bu qanunazidd əməlləri həyata keçirib. Masallı sakinlərinin sözlərinə görə, ona məxsus olan, əsasən oğlunun idarə etdiyi "Niva” markalı avtomobildə konstruksiya dəyişikliyi edilərək ön təkərlər qaldırılıb. Bundan başqa Şəmşir Kərimovun özünün idarə etdiyi (texniki pasportu öz adınadır) 44 BC 999 nömrə nişanlı "Mercedess” markalı avtomobil kustar üsulla quraşdırılmış pərdələrlə sürülür.

Şikayətçilər dediklərini sübut etmək üçün redaksiyamıza video da göndəriblər. Bakı-Ələt şosesində, aprelin 1-i,  saat 12:45-də çəkilən videodan görünür ki, avtomobilin arxa qapılarında pərdə var. Videonu göndərən Masallı sakinləri iddia edir ki, həmin vaxt yol polisi Ş.Kərimov sərnişin kimi əyləşib, avtomobili isə onun oğlu idarə edir.


"Gördüyünüz kimi, "Şəmi” özü pərdə ilə gəzir. Oğlu da avtomobili məhz belə idarə edir. Rayonda isə hamını pərdəyə görə saxlayır və cərimələyir. Yerli camaat isə bundan qıcıqlanır. İnanın ki, onların pərdə ilə gəzməsindən sonra sanki acığa hamı pərdə taxmağa başlayıb. Necə ola bilər ki, polis özü tabe olmadığı qanunlara adi vətəndaşların tabe olmasını tələb etsin?! Yadımızdadır ki, daxili işlər naziri Ramil Usubov müşavirələrin birində polislərə dedi ki, zəhmət çəkib özünüz kəmər taxın ki, sürücülərdən də bunu tələb edəsiniz. İndi bu "Şəmi” özü bütün yol hərəkəti qanunlarını kobud və nümayişkaranə şəkildə pozur. Amma eyni hərəkətləri edən sürücüləri amansızcasına cəzalandırır. Bu necə ola bilər?” - deyə  şikayətçilər sual edir.
Məsələ ilə bağlı Şəmşir Kərimov iddiaları təkzib edib: "O avtomobili mən idarə etmirəm, qardaşıma vermişəm. İnanmıram ki, o, pərdə ilə idarə etsin. İkinci, pərdəylə idarə edirsə, saxlayıb cərimələsinlər. Bunun mənə nə dəxili?”. Videoya gəlincə, baş inspektor buna inanmadığını deyib: "Həmin maşında açılıb bağlanan pərdə var. Lakin onlar qanunun icazə verdiyi müddətdə istifadə olunur. İnanmıram qardaşım qanunları pozsun. Ola bilər ki, həmin video indi deyil, başqa vaxt, yəni pərdə taxılmasına icazənin olduğu vaxt  çəkilib”.
FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh