Sürücülərin qorxulu röyası - PARKOMAT

Gündəm 27 İyun 2014 16:51 Oxunub 2605
Sürücülərin qorxulu röyası - PARKOMAT
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gələcəkdə yeraltı dayanacaq olmayan yerdə vaxt və qiymət fərqi özünü göstərəcək

"20 dəqiqəlik işim varsa, hər dəfə 1 manat ödəməliyəm. Düzünü deyim ki, çox narazıyam. Əvvəllər mən burada dayanan gözətçilərə 20-40 qəpik verirdim, maşını rahatca 1-2 saat saxlayırdım. Amma indi 10-20 dəqiqəyə 1 manat ödəməli oluram". "Gün ərzində maşını burada 4 saat saxlayırıq, sonra çıxıb yenidən gəlirik. Yenidən 4 manata maşını burada 4 saat saxlayırıq. Bu isə günə 8 manat edir. Çox baha qiymətdir".

Paytaxt sakinlərini narazı salan Bakı şəhər İcra Hakimiyyəti tərəfindən yeni yaradılan vahid parkomat sisteminin tətbiqidir. May ayından fəaliyyətə başlayan yeni sistem sakinlər arasında "çubuqlu nəzarətçilər" kimi tanınan parkinq nəzarətçilərinin funksiyasını həyata keçirir. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən  onların fəaliyyətinin qeyri-qanuni olması və hər gün bu dayanacaqlardan yığılan pulların qeyri-müəyyən "cib"lərə getməsi nəzərə alınıb və yeni vahid bir sistem - parkomatlar yaradılıb. Lakin görünür, yeni sistem də sürücülərin ürəyincə olmayıb. Gün ərzində avtomobilini bir neçə saat park etmək üçün maksimum 50 qəpik verən sürücülər indi ikiqat məbləğ ödəməli olurlar. Yeni yaradılan sistemdən - parkomatlardan istifadənin hər saatı 1 manata başa gələcək. 2 saat üçün 2 manat, müvafiq olaraq 4 saat üçün 4 manat. Bu barədə bütün parkomatların üzərində məlumat yazılıb. Və sürücülər yalnız bu məbləği ödədikdən sonra ərazidəki dayanacaqdan istifadə edə biləcəklər. Sürücü avtomobili ərazidə 4 saatdan artıq saxlamaq üçün əlavə 4 manat da ödəməli olacaq. Ödəmədiyi halda isə  nə az, nə çox 60 manat cərimə nəzərdə tutulub. Görək sakinlər nə deyir: “Maşını saxlamaq üçün 1 saat ödəyirdik, gün ərzində burada saxlayırdıq. İndi adicə banka girib çıxmaq üçün parkomata 1 manat ödəməliyəm. Bu tariflər çox bahadır. 150 manat maaş alan şəxslər bunu neçə ödəsin? Ay ərzində günə 8 manatdan hesablasaq, bu, çox böyük məbləğdir".

"Deyirlər ki, maşınla gəlməyin. Axı necə gəlməyək? Mənim 3 uşağım ayrı-ayrı yerlərdə oxuyurlar. Onları maşınla aparıb gətirirəm. Bəs mən gündə "parkovka"ya 8 manat pul versəm, gün ərzində nə qazanaram?".

Sakinləri narazı salan səbəblərdən biri də parkomatların  kağız pullarla deyil, yalnız qəpiklərlə işləməsidir. Üzərində qəpiyi olmayan sürücü ya yaxınlıqdakı mağazalarda qəpik axtarışına çıxmalı olur, yaxud da kağız pulu parkomatın nəzarətçisində xırdalayır. Yenə sakinləri dinləyək: "İlk dəfə istifadə etdiyim üçün qəpik pulum yox idi. Ona görə pulu uzatdım  nəzarətçiyə ki, mən köməklik göstərsin. Hesab edirəm ki, parkomatlar həm qəpiklə, həm kağız pulla işləməlidir. Axı hər kəsin üzərində qəpik olmur".

Yeni parkomatlar quraşdırılan zaman bildirmişdilər ki, bu sistem paytaxtın tıxac yükünün azaldılmasına hesablanıb. Lakin müşahidələrimiz bunun tam əksini deyir. Hazırda biz paytaxtın mərkəzi küçələrindən birindəyik və burada gediş gəlişli yolun hər iki tərəfində sözü gedən yeni qurğular quraşdırılıb. Bu isə o deməkdir ki, avtomobillərin yolun hər iki hissəsində saxlamağa tam ixtiyarı var. Bu isə yolların tıxac yükünü aradan qaldırmaqdansa, küçələrdə bir qədər də sıxlığın yaranmasına səbəb olur.

Sözügedən məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinə müraciət etdik. İdarənin rəisi Həsən Abdullayev əvvəlcə sakinləri narazı salan qiymət məsələsinə münasibət bildirdi. Onun sözlərinə görə, parkomatlarda tətbiq edilən tariflər Bakı Şəhər İcra hakimiyyəti tərəfindən təsdiq edilib. Bu zaman bir sıra nüanslar nəzərə alınıb ki, bunlardan da birincisi, əhalinin aylıq gəlirləridir. Əgər  şəhərin mərkəzi hissəsində  quraşdırılan parkomatlarda 1 saatın qiyməti 1 manatdırsa, digər ərazilərdə bu qiymətlər 20 qəpikdən 50 qəpiyə kimi dəyişir. Qiymətlər arasında fərq isə bilavasitə dayanacaqlarda olan avtomobil yükündən asılıdır: “Vaxt məhdudiyyətinə gəlincə, gələcəkdə yeraltı dayanacaq olmayan yerdə vaxt və qiymət fərqi özünü göstərəcək. Məsələn bu qiymət 1 saatı 30 qəpik ola bilər və ya maşın saxlamaq üçün vaxt məhdudiyyəti olmayacaq”.

O ki qaldı yeni parkomatlarda kağız pulların istifadənin mümkünsüzlüyünə...

"Kağız puldan istifadə edilməməsi sırf təhlükəsizlik nöqteyi-nəzərindən həyata keçirilir. Təcrübə göstərir ki, kağız pul olan aparatlara mütəmadi olaraq təcavüz halları baş verir. Bunun qarşısının alınması üçün biz qəpiklərdən istifadə edirik. Yaxın bir ay ərzində sür&uumuuml;cülər "sms" və plastik kartlar vasitəsilə də parkomatlara ödəniş edə biləcəklər". 

İdarə rəisindən onu da öyrəndik ki, qurum beynəlxalq təcrübəyə əsaslanaraq sürücülər üçün güzəştli abunə kartları istifadəyə verib. Belə ki, 15 manata aylıq abunə kartı alan hər kəs bir ay ərzində evinin yaxınlığındakı dayanacaqlardan maşın saxlamaq üçün istifadə edə biləcək. Həsən Abdullayev «parkomatların quraşdırıldığı ərazilərdə avtomobil sıxlığı daha da artıb» fikirini də cavablandırıb. O bildirib ki, yaxın günlərdə yol kənarlarının hər iki istiqamətində avtomobillərin saxlanılması qəti qadağan ediləcək. Hazırda sözügedən problem Bakı şəhər Yol Polisi İdarəsi ilə birgə araşdırılır.

Qeyd edək ki, bu ilin sonuna kimi paytaxt küçələrində daha 1000 parkomatların quraşdırılması nəzərdə tutulur. APA TV

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Shemistan 10 Noyabr 2014 22:55
Her zaman deyirler ki butun problemler öz hellini tapacaq. Amma dedikleri sözler yerine yetirmirler. Yawayariq gorerik.
Zik 10 Noyabr 2014 22:55
Malakan bagin etrafinda ki, kucelerde yolun neinki 2 terefinde, hetda 2 cerge saxlayan avtomobillere bele rast gelmek olar. Goresen onlarda Parkomatdan istifade edirler Umumiyyetce orda nezaretcinin olmagi yenede leviy pul yiginina imkan yaradir, yani orda avtomobilini uzun muddete saxlayan exs 4 ve daha cox manat odemekdense, 1-2 manat nezaretciya verib, rahat gede biler.Bura Avropa deyil, burasi Azerbaycandir...