Banner

Taksi sayı ilə bağlı limitə görə AYNA-nın önündə növbə yaranıb - Nə baş verir? - VİDEO

Gündəm 16 Oktyabr 2025 10:30 Oxunub 1278
Taksi sayı ilə bağlı limitə görə AYNA-nın önündə növbə yaranıb - Nə baş verir? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtda gecə saatlarında yaranan mənzərə təəccübə səbəb olub. Avtosfer.az xəbər verir ki, 4-cü uzununa küçəsində yerləşən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) qarşısında gecə saatlarından başlayaraq avtomobil növbəsi yaranıb. Belə ki, gecə saat 3-dən etibarən 80 taksi sürücüsü qeydiyyatdan keçmək üçün növbəyə düzülüb.

Bu hadisə Nazirlər Kabinetinin qərarına əsasən, Bakı şəhərində taksi sayının 25 minlə məhdudlaşdırılacağı xəbəri yayıldıqdan sonra baş verib. Bəzi taksi sürücüləri isə artıq indidən qeydiyyatdan keçərək gələcəkdə meydana gələ biləcək məhdudiyyətlərdən yan keçməyə çalışırlar.

Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-a açıqlamasında bildirib ki, taksi sayına limitin tətbiqi prosesi yaxın günlərdə başlamayacaq:

“Bunu həyata keçirmək üçün təxminən 3 il vaxt lazımdır. Ona görə də bu cür növbələr yaratmaq, hansısa sənədləri tez əldə etmək hər hansı bir fayda verməyəcək. Onsuz da say kifayət qədər çoxdur. Təxminən 34 min taksi Bakıda artıq qeydiyyatdadır. Ona görə də nə qədər çox sənəd alınmasından asılı olmayaraq, qərarın icrası zamanı bu say 25 minə endiriləcək”.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) sorğumuza cavab olaraq bildirib ki, Nazirlər Kabinetinin taksi ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilməsi haqqında qərarına əsasən, Bakı şəhəri üzrə bu say həddi 25000 ədəd müəyyən edilib: "Kvotanın tətbiqi verilmiş icazələrin kvotadan artıq hissəsinin ləğvini nəzərdə tutmur və hazırda icazə almış bütün daşıyıcılar onlara məxsus nəqliyyat vasitələri ilə daşımaları həyata keçirməyə davam edəcəklər. Kvotaya uyğunlaşma isə “Lisenziyalar və icazələr haqqında” Qanunun müəyyən etdiyi tələblərə uyğun həyata keçiriləcək. Yeni icazələrin verilməsi növbəlilik əsasında təmin ediləcək.

“Avtomobil nəqliyyatı haqqında” Qanuna əsasən, taksi nəqliyyat vasitəsi ilə sərnişindaşıma fəaliyyəti göstərmək istəyən hüquqi və fiziki şəxslər buraxılış vəsiqəsi, daşımanı həyata keçirən nəqliyyat vasitəsi üçünsə buraxılış kartı əldə etməlidirlər. Bu icazələrin verilməsi isə elektron qaydada həyata keçilir. 
Qeyd edək ki, Nazirlər Kabinetinin 27 mart 2024-cü il tarixli qərarına əsasən, taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər müəyyən edilmişdir. Sözügedən tələblərə uyğunluğun təmin edilməsi məqsədilə AYNA əməkdaşları tərəfindən taksi fəaliyyəti üçün nəzərdə tutulan avtomobillərin daxili və xarici tərtibatına əyani baxış keçirilir".

 

Eltac Zülfüqaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh