Taksilərlə bağlı yeni qaydalar tıxacın həllinə kömək edəcək?

Gündəm 30 May 2024 19:13 Oxunub 224
Taksilərlə bağlı yeni qaydalar tıxacın həllinə kömək edəcək?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Hər gün müxtəlif saatlarda Bakı küçələrində tıxacda qalırıq. İnsanlar tez-tez tıxaclarlardan gileylənir. Tıxaca düşməmək üçün vətəndaşlar metroya üstünlük verirlər. O zaman da, metroda insan tıxacı ilə qarşılaşırıq. Bəzən belə fikirlər səsləndirilir ki, avtobomil sayı çoxdur, ona görə tıxacın qarşısını almaq üçün atılan addımlar effektiv olmayacaq. 

Mövzu ilə bağlı Ednews-a açıqlamasında millət vəkili Fazil Mustafa bildirib ki, tıxac məsələsinin həlli ilə bağlı Milli Məclisdə hansısa konkret mövqe yoxdur:

“Bakı şəhərində infrastrukturun yüngülləşdirilməsi üçün müxtəlif təkliflər var. Bunlar arasında universitetlərin və bəzi nazirliklərin rayonlara köçürülməsi, hətta yeni paytaxtın salınması ilə bağlı fikirlər mövcuddur. Məcburi köçkünlərin öz yurdlarına qayıtmasının da bu məsələyə təsiri ola bilər. Hər gün insanların 2-3 saatının tıxaclarda itirməsi böyük iqtisadi zərərlərə gətirib çıxarır. Ümumilikdə bu problemin həlli üçün konseptual bir təklif, yaxud qərar olduğunu düşünmürəm. Lakin bu mövzu ətrafında düşünüləcəyinə və konkret addımlar atılacağına əminəm”.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı saytımıza açıqlamasında deyib ki, bu qanunların icrası zamanı yaranan problemlər təxacların qarşısının alınmasında çətinliklər yaradır:

“Əvvəllər verilən qanunlar vaxtında və doğru icra olunmadı, tikinti normaları pozuldu, digər tələblər kənarda qaldı, kimlərinsə maraqları daha çox önə çıxdı. Bütün bunlar gətirib mövcud vəziyyətə çıxardı. Yenə icra hakimiyyətləri torpaqları satır, yol kənarlarında, piyada səkiləri və yol çiyinlərinə yaxın ərazilərdə tikintilərə icazə verir, hətta yaşıllıqları belə məhv edirlər. Təəssüf doğuran məsələ odur ki, bu proseslər bu gün də davam edir. Yəni biz başımıza gələnlərdən nəticə çıxarmamışıq. Bundan sonra ümid qalır qurumların fəaliyyətinə ki, problemin həlli üçün qanunların icrasına ciddi nəzarət edəcəklər və kortəbii şəkildə görülən işlər artıq nizamlanacaq. Çünki bu proseslər ölkənin yol təsərrüfatına ciddi şəkildə ziyan vurub”.

Ekspert vurğulayıb ki, problemin həllinin əsas istiqaməti ictimai nəqliyyatın inkişaf etdirilməsi ola bilər. 

“Bakıda avtomobilləşmə prosesi sürətlə davam edir. İctimai nəqliyyatdakı problemlər də bu prosesə təkan verir. İnsanlar ictimai nəqliyyatda rahatlıq tapa bilməyəndə şəxsi avtomobil axtarışına çıxmağa məcbur olur. Yol şəbəkəsi genişləndirilmədiyi halda avtomobilləşmənin yükünü çəkmək paytaxt üçün çətin olur. Paytaxtın ictimai nəqliyyat tələbatını ödəmək üçün azı 2600 avtobus lazımdır, lakin bizdə sınıq-salxaq olanları da siyahıya qatsaq 2000 sayı ancaq düzəlir. İyulun 1-dən etibarən taksilərlə bağlı yeni qaydaların icrası paytaxtdakı tıxacın həllinə kömək etməyəcək. İli uyğun gələn avtomobilləri alan sürücülər köhnə avtomobilini satacaq. İctimai nəqliyyatdan istifadə etməyib taksidən istifadə edən şəhər sakinləri də taksi sürücülərinin satdığı köhə illi avtomobilləri ucuz qiymətə ala biləcək. Yəni bu qərar avtomobilləşməyə daha böyük təkan olacaq”.

Ekspert sonda təklif edib ki, yol şəbəkəsinin genişləndirilməsi, icitmai nəqliyyatın inkişafı, Bakının baş planına uyğun infrastrukturun təşkil olunması bu problemin yaxın müddətdə olmasa da, gələcəkdə uzunmüddətli həlli üçün ən vacib amillərdir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh