Təcili tibbi yardım avtomobili radara düşə bilərmi? - FOTO

Bəzən təcili tibbi yardım maşınlarının radara düşməsi və ya sürücülərinə cərimə yazılması kimi hallarla rastlaşırıq.
Bununla əlaqəli sosial şəbəkələrdə paylaşım da edilib. Təcili tibbi yardım maşınının radara düşməsini texniki nasazlıq adlandıranlar da olub, cəriməni kimin verməsi istiqamətində müzakirələr də...

Bəs, reallıq nədən ibarətdir? Təcili yardım avtomobilinin sürücüsünə elektron qaydada protokol yazılırsa, sürücünün qaydanı pozub-pozmadığını necə müəyyən etmək mümkündür?
Mövzu ilə bağlı yol-nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Primetime.az-a danışıb. O bildirib ki, təcili tibbi yardım avtomobilləri operativ nəqliyyat vasitəsi sayılır:
“İnzibati Xətalar Məcəlləsində onlarla bağlı qeyd olunur ki, operativ nəqliyyat vasitələrinin sürücüləri yol hərəkəti qaydalarını poza bilərlər, amma təhlükəsizlik qaydalarını gözləmək şərtilə. Təəssüflər olsun ki, bəzən təcili tibbi yardım, polis, yanğınsöndürən avtomobilləri zərurət oldu-olmadı yol hərəkəti qaydalarını çox kobud şəkildə pozurlar. Son illər belə hallara daha çox rast gəlinir – polis, təcili tibbi yardım maşınları qəzaya düşürlər. Hətta yanğınsöndürən maşınların da iştirakı ilə yol-nəqliyyat hadisələri qeydə alınır. Bütün bunlar onu göstərir ki, operativ nəqliyyat vasitələrinin sürücüləri arasında peşəkarlıq yüksək səviyyədə deyil.
Dəfələrlə yol polisi sübut edib ki, təcili tibbi yardım maşınlarının sürücüləri zərurət olmadan da yol hərəkəti qaydalarını pozurlar. Bununla bağlı çoxlu inzibati protokol tərtib olunub. Bu da ( yuxarıdakı foto) onlardan biridir. Amma sonrakı araşdırmalar nəticəsində məlum olub ki, həmin sürücü xidmətlə bağlı qayda pozub və buna xitam verilib. Lakin xidməti fəaliyyətlə əlaqəli olmayan çox fakt var. Bəzən xəstə olmur, çağırışa gedirlər və boşuna qaydaları pozurlar”.
Ekspert vurğulayıb ki, xüsusilə son zamanlar özəl klinikaların təcili tibbi yardım avtomobilləri lüzumsuz olaraq səs və sayrışan işıqlardan istifadə edirlər, qayda pozurlar:
“Və görürsən ki, harasa tələsmir, sadəcə tıxaca düşür, qarşı yola çıxır, sürət həddini aşırlar, yol ayrıcında qaydaları pozurlar, işıqforun qırmızı işığından keçirlər və s. Bu da təhlükəlidir. Dəfələrlə olub ki, təcili tibbi yardım maşını qəzaya düşüb, onların özünə elə təcili yardım lazım olub. Ona görə düşünürəm ki, operativ nəqliyyat vasitələrinin sürücüləri ilə bağlı çox ciddi maarifləndirici işlər görülməlidir. Rəhbər şəxslər – yəni, yanğınsöndürmə stansiyasının, təcili yardım stansiyasının , eləcə də polis şöbə və bölmələrinin rəhbərləri sürücülərə ciddi təlimatlar verməlidirlər, onlara nəzarət etməlidirlər.
Fikrimcə, “GPS” sistemi vasitəsilə və ya avtonəzarətçi cihazlardan avtomobillərə quraşdırılmalıdır və sürücülər daim nəzarət altında saxlanılmalıdır. İstənilən hadisəni bu yolla araşdırmaq olar. Həmin xəta törədilərkən sürücünün xəstə apardığı, polisin hansısa tapşırığı, əməliyyat tədbiri keçirdiyi – zərurətin olub-olmadığını vaxtla, “GPS”, avtonəzarət cihazı vasitəsilə müəyyən etmək mümkün olsun. Xarici şirkətlərin əksəriyyəti dediyim cihazlar vasitəsilə avtomobilə nəzarət edə bilirlər və onların sürücüləri hətta qorxudan sürət həddini belə aşa bilmirlər.
Düzdür, sistem üçün müəyyən qədər vəsait tələb olunur. Amma təcili yardım maşınının qəzaya düşməsi minlərlə manat xərc deməkdir. Bu xərci bir stansiyanın bütün avtomobillərinin həmin cihazlarla təmin edilməsinə yönləndirmək olar. Qoy, sürücülər də öz məsuliyyətlərini dərk etsinlər və yol hərəkəti qaydalarını pozmasınlar. Zərurətdən irəli gələn qayda pozuntusu varsa, bunu sübut etmək çətin deyil. Yol polisinə bir məktub, arayış vermək kifayət edir ki, məsələ araşdırılsın və xitam verilsin”.














