Təhlükəsiz şəhər kameraları cinayətlərin qarşısının alınmasında nə qədər effektivdir? – MÜTƏXƏSSİS RƏYİ
Ölkənin bir sıra şəhərlərində, xüsusən küçə və prospektlərində təhlükəsiz şəhər kameraları quraşdırılıb və bu proses davam etdirilir. Dünyanın texnoloji sarıdan inkişaf etmiş ölkələrində təhlükəsiz şəhər kamerlarından geniş istifadə edilir və bu vasitə ilə ölkədə qanunverciliyi təmin etmək üçün əlverişli mühit formalaşdırılır. Azərbaycanda da bu istiqamətdə atılan addımlar ölkəmizi müasir dünyanın bir hissəsinə çevirib.
Paytaxtda ötən ay quraşdırılan yeni təhlükəsiz şəhər kamerası unikal görünüşü ilə ərazidə özünəməxsus müasirlik qatmaqla yanaşı Füzuli küçəsində təhlükəsizlik istiqamətində əlçatanlığı da təmin edib. Bu mövzuda əhalini maraqlandıran əsas məsələ, təhlükəsiz şəhər və üztanıma kameraları ölkə ərazisində törədilən oğurluqların və digər cinayətlərin qarşısını almaqda nə qədər effektlidir? Bu istiqamətdə daha hansı addımları atmaq gərəklidir?
Mövzu ilə əlaqədar Avtosfer.az-a açıqlama verən DİN Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev bildirib ki, Müşahidə kameraları ictimai qayda və ictimai təhlükəsizliyin təmin edilməsində effektli vasitədir.
“ “Təhlükəsiz şəhər” sistemi və bütün növ müşahidə kameraları ictimai yerlərdə, obyektlərdə və yaşayış binlarının girişlərində olan kameraların görüntülərindən cinayətlərin qarşısının alınmasında və açılmasında istifadə olunur.
Cinayət hallarına qarşı mübarizədə əsas metodlardan olan təhlükəsizlik kameralarının arxiv görüntüləri cinayətlərin açılmasında, sübutların toplanmasında, şübhəli şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsində mühüm amildir.
Bundan başqa müşahidə kameraları təkcə mülkiyyət cinayətlərinin deyil, ətrafda müşahidə olunan neqativ halların vaxtında aradan qaldırılmasında da istifadə olunur”.
Paytaxt küçələrinin təhlükəsizliyi məsələsi ilə bağlı sabiq polis rəisi, “Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev saytımıza müsahibəsində deyi ki, bu texnologiya hava şəraitindən və günün aatından asılı olmadan çevik şəkildə reaksiya verməkdə kömək edir.
“Hətta piyada yolunu keçən insanların bütün hərəkətlərini fiksə edə bilir. Bu texnologiya cinayətkarlıqla mübarizədə effekt verəcək. bu texnologiya əməliyyat-axtarış fəaliyyətləri ilə məşğul olan subyektlərdən fərqli olaraq, hadisələrə daha çevik münasibət göstərməyə şərait yaradır və eyni qaydada məlumatları qurğunun yaddaşına həkk edir. Bu məlumat qurğu vasitəsilə dərhal mərkəzləşdirilmiş qaydada operatorlara ötürülür.
Əldə etdiyim məlumatlara əsasən, bu cür minlərlə yeni kameralar ölkəmizə gətirilib. Azərbaycan dövləti bu qurğuların gətirilməsinə xeyli vəsait xərcləyib və qısa zamanda ölkənin hər yerində belə kameraların quraşdırılması işləri görüləcək.
Ölkəmizdə COP29 beynəlxalq iqlim konfransının yaxınlaşdığı dövrdə belə texnologiyaların quraşdırılması həm ictimai təhlükəsizlik təmin olunacaq, həm vətəndaşlara qarşı törədilmə ehtimalı olacaq cinayətlərin qarşısını almaq mümkün olacaq, həm də özünü cəmiyyət içərisində kommunikativ apara bilməyən şəxslərə “Dur!” demək imkanı yaradacaq. Bunun sayəsində insanlar cəmiyyətə zidd davranışlardan uzaq duracaq, həm də ümumilikdə müəyyən mənada cinayət və qayda pozuntularının miqdarı azalacaq”.
Şəmsəddin Əliyev onu da vurğulayıb ki, yeni quraşdırılacaq kameralar xüsusi ağır cinayətlərin azalmasında müstəsna rola malik olacaq.
Məsələ ilə bağlı informasiya və kommunikasiya texnologiyaları üzrə mütəxəssis Fərid Kazımov redaksiyamıza açıqlamasında bildirib ki, təhlükəsiz şəhər kameralarının əsas iki müsbət tərəfi var:
“Birincisi, bu kameralar ölkədə törədilən istənilən cinayətin üstünün açılması, onun üzərində obyektiv istintaq işlərinin aparılması üçün əlverişlidir. İkinci məsələ isə, bu kameraların baş verə biləcək cinayətlərin əvvəlcədən qarşısını almaq üçün xüsusi funksiyalarının olmasıdır. Əgər fikir versəz, bu kameralar həm Azərbaycanda, həm də bir çox inkişaf etmiş ölkələrdə istifadə edilir, lakin bəzi hallarda bu kameralar işlək olmur. İşlək olmayan kameraların əvəzinə bənzər maketlər qoyulur. Bu maketlər tam olaraq kamerlaşmaya gərək olmadıqda, yaxud buna maddi vəsait yetərsizliyi olduqda, bu maketlər müəyyən mənada cinayətlərin qarşısını almaqda birbaşa olaraq təsir edir. Əgər xarici ölkələrin praktikasına fikri versək görərik ki, hətta bəzi özəl mülklərdə, evlərdə, binalarda belə “Kamera çəkir!” yazısı yerləşdirilir. Bunu ona görə edirlər ki, şəxsin hər hansı cinayəti törətmək məqsədi olduqda, yazını gördükdən sonra fikrindən daşınsın”.
Mütəxəssis həmçinin bildirib ki, kameralar həm cinayətlərin açılmasında, həm də onların əvvəlcədən baş verməsinin qarşısını almaqda xidmətləri var, Yaxın gələcəkdə kameraların təkmilləşdirilməsi prosesi başlayacaq.
“Birazdan bu kameralar artıq şəxsin kimliyini geometrik sarıdan dərhal, özü müəyyənləşdirəcək. Doğrudur, bu texnologiya artıq var, lakin hələ geniş istifadə edilmir. Kameraların zəif tərəfi isə odur ki, cinayətlərin törədilməsi zamanı cinayətkar maskalardan və şəxsiyyətini gizlədəbiləcəyi əlavə vasitələrdən istifadə edir. Təhlükəsizlik kameralarını bu sitiqamətdə təkmilləşdirmək “Təhlükəsiz şəhər” sistemini inkişaf etdirməkdə dövlətə əlavə dəstək ola bilər”.
Mütəxəssislər bildirir ki, texnoloji yeniliklər istiqamətində irəlidə olan dövlətlərdən biri Yaponiyada, daha dəqiq, paytaxt Tokioda təhlükəsiz şəhər kameraları artıq kameraya düşən istənilən şəxsin görüntüsünü birbaşa yaddaşa ötürür və kameraya düşən sima aşqa bir ərazidə sistem tərəfindən avtomatik halda tapıla bilir və bunun sayəsində törədilən cinayətlərin üstü çox qısa müddətdə açıla bilir. Belə texnologiyaların ölkəmizdə tətbiqi, xüsusən bölgələrdə törədilən, üstünün açılmasında çətinlik çəkilən cinayətlərin həm qarşısını ala, həm də çevik şəkildə araşdırıla bilməkdə müstəsna rola malik olacaq.
Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanıb.
Müəllif: Səfər Əlizadə