Tıxacın verdiyi zərər - İldə nə qədər itiririk?
Tıxac tək bizim deyil, dünyanın həll etməyə çalışdığı problemdir . Yəni əgər inkişaf etmiş ölkələr bu problemin həlli istiqamətində nəticəsini əldə edə bilməyibsə, ölkəmizdə də bu istiqamətdə görülən tədbirlərdə konkret nəticə alacağımıza dair böyük ümidlə gözlənilmir. Amma, əgər tıxac aradan qaldırılarsa, bu, dünya səviyyəsində dörd məsələnin həlli demək deməkdir: tıxaclarla bağlı yaranan psixoloji problemlər, tıxaclarların səbəb olduğu ekoloji çirklənmə, zaman itkisi, iqtisadi itkilər.
Tıxac olmasa, bunlar olmazdı:
Belə bir misal göstərək, ABŞ-ın paytaxtı Vaşinqton küçələrindəki tıxaclarda ildə 560 milyon litr yanacaq itirilir. Nəzərə alaq ki, ötən ilki statistikada ABŞ tıxac problemi məsələsində 14-cü yerdədi, indi təsəvvür edin, həmin statistikada birinci sırada yer alan San Paulo şəhərində vəziyyət nə yerdədir. San Paulo şəhər rəhbərliyinə bu tıxaclar ildə 2,3 milyard dollara başa gəlir.
Amerikalı nəqliyyat mütəxəssisi Edmon Klark bildirir ki, Avropada hər sürücü tıxaca görə orta hesabla ildə 1000 dollarını itirir.
Qayıdaq Bakıya...
Azərbaycanda da məsələ ilə bağlı vəziyyət o qədər də ürəkaçan deyil. Bir çox alternativ yolların salınması da bir çox hallarda tıxac problemini həll edə bilməyib. Ekspertlərin hesablamasına görə, ölkəmizdə 70-80 km yol üçün 5 manatlıq benzin istifadə olunur. Təxmini hesablamalara görə isə, əgər Bakı şəhərində 800 min şəxsi avtomobil olduğu nəzərə alınsa, bu maşınların 250 mini, eyni zamanda hərəkət vəziyyətində olur. Bunların 30 faizi, yəni, 70-80 mini gün ərzində 1 saat tıxacda qalırsa, bu, tıxac zamanı gündə 160 min litr yanacağın sərfi deməkdir. Tıxac xəstəlikdir: canın gedir, malın gedir, amma bircə maşının ayaq tutub getmir ki, getmir. Tıxacların iqtisadiyyata mənfi təsiri kimi, insan səhhətində yol açdığı problemlər də danılmazdır. Bu problemlər Azərbaycan üçün də aktualdır. Araşdırmalara görə dünyada sürücülərin 80 faizi yol gərginliyindən əziyyət çəkir. Bu göstəricidə gənclərin yeri daha çoxdur. “Yol gərginliyi” anlayışı var ki, bu hər sürücünün hər gün üz-üzə qaldığı problemdir. Bunun əsas səbəblərindən biri kimi yollardakı tıxaclar göstərilir. Bundan başqa güclü psixoloji yorgunluq, ürək-damar xəstəliklərinin yaranmasına da səbəb olur.
Bu qədər maşın varkən, hansı ekoloji problemi həll edək?
Məlum məsələdir ki, tıxac həm də havanın daha çox çirklənməsi deməkdir. Tıxac vaxtı atmosfer adi vaxtlarda olduğundan 4.5 dəfə artıq zəhərli maddələrlə çirklənir. Bundan əlavə, ekoloji amili də nəzərə alsaq, hesablamalar göstərir ki, 1 ildə Azərbaycanda havaya təkcə avtomobillərdən atılan yalnız zəhərli qazların həcmi 750 min - 1 milyon ton arasındadır.
İş tempi zəifləyir
Digər tərəfdən, tıxaclar ölkə iqtisadiyyatının iş tempini zəiflədir. Çünki tıxac üzündən sürətli nəqliyyat daşınması olmadığına görə malların dövriyyəsi aşağı düşür. Bəzən isə elə ərzaq məhsulları olur ki, zamanında ünvanına çatmayanda xarab olur və bunu biz bilavasitə hiss etməsək belə, istehlakçıya birbaşa təsir edir. Ekspertlər isə Bakıda pik saatlarında tıxacların yaranmasının ölkəyə idxal olunan avtomobillərin ildən-ilə artması ilə bağlı olduğunu bildirir. Bir məqamı da qeyd edək ki, Bakıda 745 min avtomobil, ümumi respublika üzrə isə 1 milyon 246 min maşın qeydiyyatdadır. Bütün inkişaf etmiş dünya ölkələri, bu problemin həlli istiqamətində adımlar atır, bir çox insan isə, daha fərqli yollara əl atırlar. Məsələn dünyada tıxac probleminə görə birinci yerdə duran San Paulo şəhərinin əhalisi maşına yox, vertolyota üstünlük verir. Fransa, Çin kimi ölkələr velosipeddən istifadə edir. Görünür elə ən alternati, ağıllı üsul da budur-velosiped. Belə, bu tıxac, bu da insa cəmiyyətinin başına açdığı oyun. atv.az