“Tıxacların səbəbi odur ki, Bakının mərkəzində...” - Ekspert velosiped zolaqlarından danışdı

Gündəm 30 Sentyabr 2024 23:06 Oxunub 494
“Tıxacların səbəbi odur ki, Bakının mərkəzində...” - Ekspert velosiped zolaqlarından danışdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda mikromobillik infrastrukturunun inkişaf etdirilməsi üçün həyata keçirilən layihə çərçivəsində velosiped zolaqları ayrılmış yolların sayı artır. Bu addım bəzi vətəndaşlar tərəfindən müsbət qarşılansa da, sürücülərin narazılığına səbəb olur. Sürücülər iddia edir ki, bəzən saatlarla bu zolaqdan velosipedçi keçmir, insanların üstünlük vermədikləri bu nəqliyyat vasitəsi üçün ayrıca zolaqların yaradılması isə əks effekt verir, tıxacların daha da artmasına gətirib çıxarır.

Maraqlıdır, velosiped niyə kütləvi nəqliyyat vasitəsinə çevrilmir? Bunun səbəbləri nədir?

Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Konkret.az-ın suallarını cavablandıran nəqliyyat eksperti Rauf Ağamirzəyev bunları deyib:

“Şəhərdəki dəyişikliklər müavfiq təhlillər aparıldıqdan sonra verilmiş qərarların nəticəsidir. Bu günə qədər kütləvi avtomobilləşmənin fəsadı olaraq uzunmüddətli tıxaclar şəhər nəqliyyatının iflicinə gətirib çıxarıb. İlk olaraq küçə transformasiyasına başlanılmasının səbəbi digər infrastrukturunun qurulması ilə müqayisədə daha az vaxt və maliyyə tələb edir. Bu gün velosipedin mikromobillik kimi təşəkkül tapması 9 ayda görülən işdir və bu işlər tamamlanmayıb. Əgər velosiped infrastrukturu, velozolaq yoxdursa, velosipedçilərin sayı necə arta bilər? Hələ ki, velozolaqların şəbəkələşməsi yoxdur. Bir ay olar ki, “velosharing” fəaliyyətə başlayıb, biz artım dinamikası müşahidə edirik. Yəni şərait yarandıqca da velosipedçilərin sayı artacaq. Sadəcə avtomobil ilə hərəkət vərdişi olan insanlarda fikir birmənalı deyil. Şəhər dəyişir, bu dəyişikliyə uyğun olaraq qısa məsafədə hərəkətdən dolayı insanların prioriteti də dəyişəcək. Dünənə qədər bu şərait olmadığı üçün az idi, lakin görülən işlər nəticəsində say artacaq, zamanla küçələrdə daha çox velosipedçi görəcəyik. İlkin olaraq işlər tamamlanmalı, şəbəkələşmə olmalı, velozolaqların zəbt edilməsinin qarşısı alınmalıdır. Veloparkinq daha geniş arealı əhatə etməlidir”.

O bildirib ki, alternativ nəqliyyat vasitələrindən istifadənin azlığı tıxacların başlıca səbəblərindəndir:

“Mikromobillik qısa məsafəli, 1-3-5 kilometr, bəzi dünya ölkələrində isə 8 kilometrlik hərəkəti təmin edən nəqliyyat növlərindən biridir. Kütləvi təbliğatın nəticəsi olaraq biz avtomobilə köklənmişik. Küçə şəbəkəsində isə birinci piyada, sonra mikromobillik, daha sonra ictimai nəqliyyat gəlir. Bunların arasında avtomobil isə ən son yerdə dayanır. Müasir şəhərlərdə də birinci yerdə piyada dayanır. Bizdə isə bu tərsinədir. Nəzərə alsaq ki, hamı fiziki cəhətdən sağlam deyil, məhz bu səbəbdən onların rahat hərəkətinin təmin edilməsi üçün yollarda bariyerlər aradan qaldırılmalıdır. Həmçinin şəxsin avtomobili olmaya bilər. Bir yolda görürsən ki, bariyerlər yoxdur, digər yolda isə tam əksi müşahidə olunur. Piyada hərəkətinə də şərait yaradıldıqca biz piyadaların sayının artdığını da görürük”.

Nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə, hazırda velosiped istifadəçilərinin sayı az olsa da, yaxın gələcəkdə artım müşahidə ediləcək:

“Bu gün çəkilən zolaqlara mikromobillik nəqliyyat vasitələri üçün çəkilmiş zolaq kimi baxmalıyıq. Hazırda velosiped sürənlərin sayı çox olmasa da, yaxın gələcəkdə bu say arta bilər. Velosiped Bakı şəhərində idman və əyləncə növü kimi populyar olsa da, nəqliyyat vasitəsi kimi mövqeyini möhkəmləndirə bilməyib. İndi də əsas məqsəd budur. Bu şəhər nəqliyyatında bir alternativdir. Velosiped zolaqları da avtomobil yolunun sağ istiqamətində çəkilib, burada yalnış bir şey yoxdur. Tıxacların səbəbi isə çoxdur. Tədbirlərin hamısı Bakının mərkəzində keçirilir, bu da sıxlığa və tıxaca səbəb olur”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh