Banner

Uşaqlar hansı yaşdan işləyə bilər? – İstismar yoxsa çörəkpulu qazanmaq? - AÇIQLAMA

Gündəm 17 May 2024 13:11 Oxunub 370
Uşaqlar hansı yaşdan işləyə bilər? – İstismar yoxsa çörəkpulu qazanmaq? - AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu gün parlamentdə insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı çıxış edən Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, Bakıda son zamanlar çox sayda yeni yaradılan “cofeeshop”larda 14-15 yaşlı uşaqlar çalışır. Həmçinin kütləvi yerlərdə uşaqlar vasitəsilə lotereyaların satışı da təşkil edilir. Bəs uşaqların işləməsi qanunla necə tənzimlənir?

Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən sosioloq Lalə Mehralı bildirib ki, qanunvericiliyə görə, rəsmi olaraq qəyyumu və ya valideyni icazə verirsə 15 yaşından uşaqlar işə götürülə bilər: “Əks halda, yəni razılıq ərizəsi yoxdursa iş verən uşağı qeyri-qanuni işlətmiş olur. Bu isə qanunlara ziddir. 15 yaşında uşağın işləməsinə gəlincə, əgər onun yaşı nəzərə alınaraq iş saatları buna uyğun tənzimlənirsə və heç bir əmək hüququ pozulmursa burada qəbahət bir iş yoxdur. Uşaq təhsildən uzaqlaşmamaq şərtilə qanunun ona icazə verdiyi saatlar çərçivəsində və heç bir istismara yol vermədən işləməlidir. Uşaqlar zəhmətə alışmalıdır. Uşağın zəhmətə alışma prosesi 15 yaşından 18 yaşına qədər, yəni müstəqil şəxs olana qədərki dövr hesab olunur. O, artıq qazanmağın, zəhmətin nə demək olduğunu yaşının ən təhlükəli vaxtında anlayır. Yəni məktəbdən sonrakı asudə vaxtlarında faydalı əməklə məşğul olursa, onun kobud da səslənsə də avaralanmağa, boş işlərlə məşğul olmağa vaxtı qalmır. Həm faydalı işlə məşğuldur, həm qazanc əldə edib ailə büdcəsinə dəstək olur, həm təcrübə qazanmış olur, həm də vaxtını səmərəli keçirir. Amma ailələr övladını və ya valideynlərdən xəbərsiz iş verənlər uşağı istismar edirsə, burada vəziyyət dəyişir. Bu hallara yol verməmək lazımdır, çünki təhlükəlidir. Uşaqların işləməsi, iş həyatını tanıması 15 yaş üçün kifayət qədər normaldır və qanunlarımız da bunu tənzimləyir”.

Sosioloq qeyd edib ki, ailələr bəzən məcburiyyətdən 15 yaşında övladının işləməsinə razı olurlar: “Çünki uşaqpulu yoxdur, ailə maddi təminatını normal həyata keçirə bilmir. Uşaqlar da böyüdükcə onların xərcləri, tələbatları artır və özləri könüllü şəkildə işləyib, ailəsinə dəstək olmaq istəyir. Uşaq qanun icazə verdiyi formada, saatda və istismar edilmədən öz xərclərini özü qazanmaq istəyirsə, bu alqışlanacaq bir vəziyyətdir”.

Məhəbbət Tərlanoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh