Velosiped zolaqları TƏHLÜKƏYƏ çevrilib - Ekspert HƏLLİ YOLLARINI açıqladı - FOTO
Məlumdur ki, paytaxtın bir sıra küçələrində velosiped zolaqları çəkilib və layihə davam etdirilir. Bu zolaqlar velosiped və skuter sürücülərinin təhlükəsizliyini təmin edir və qanunvericiliyə görə digər hərəkət iştirakçılarının yolla hərəkəti qadağandır.
Lakin bəzi ərazilərdə velosiped zolaqları avtobus dayanacağından keçir. Nəticədə piyadalar avtobusa zolağa daxil olmaqla minmək məcburiyyətində qalır. Hətta Azərbaycan prospektində velosiped yoluna bariyerlər qoyulub zolaqla hərəkət edən skuter sürücüsü dayanaraq sərnişinlərin avtobusa minməsini gözləyir. Düzdür, ölkədə velosiped və skuter sürücüləri çox deyil, lakin onların sayının getdikcə çoxalması problemin də artmasına səbəb olacaq.
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev məsələylə bağlı fikirlərini sosial şəbəkədə bölüşüb. Ekspert, mövcud problemin həlli kimi Gürcüstanın paytaxtı Tbilisi şəhərindəki velosiped zolaqlarını nümunə göstərib. Belə ki, bu şəhərdə velosiped zolaqları dayanacaqların arxasından təşkil edilib və axınlar ayrılıb. Bu öz növbəsində avtobusların rahat hərəkətinə və sərnişinlərin təhlükəsiz şəkildə ictimai nəqliyyat vasitələrinə minməsinə səbəb olacaq. İkinci həll variantı kimi isə o, zolaqda hərəkət edən velosiped, skuter sürücülərinin sərnişinlərə yol vermələrinin məqsədəuyğun olduğunu bildirib.
Nərmin