Banner

Vətəndaş nikahı hansı problemlər yaradır - Vəkil aydınlıq gətirdi

Gündəm 11 İyul 2023 19:11 Oxunub 2234
Vətəndaş nikahı hansı problemlər yaradır  - Vəkil aydınlıq gətirdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Günümüzün aktual mövzuları sırasında ailə-məişət məsələləri öz mövqeyini qoruyub saxlayır. Xüsusilə son dövrlərdə qeyri-rəsmi nikahların artması və onun yaratdığı problemlər diqqət cəlb edir. Müsəlman ölkələrində nikahsız yaşamaq doğru sayılmadığı üçün rəsmi yola baş vurulmasa belə, istəklərini digər varianta üz tutmaqla həyata keçirirlər.

Azərbaycanda vətəndaş nikahları rəsmi dini kəbinlə təsdiq olunur. Bu yol bir çox insanlar üçün daha rahat, əlverişli olsa da rəsmi nikahla müqayisədə daha çox əksiklikləri özündə birləşdirir. Özəlliklə bu yolla qurulan ailələrdə yaranan problemlər - anlaşılmazlıq, mübahisə, ayrı yaşama istəyi işi çətinləşdirə bilər. Bu baxımdan vətəndaş nikahına girmədən öncə hər iki şəxs də məsələnin digər tərəfini gözə alaraq hərəkət etməlidir. 

Mövzu ilə bağlı Avtosfer.az-a açıqlama verən hüquqşünas Elçin Şəfiyev vətəndaş nikahının ümumi xarakteristikasını və yaranacaq problemlərindəki vəziyyətini hüquqi baxımdan aydınlaşdırıb. Hüquqşünasın sözlərinə görə, Azərbaycan Respublikasının Ailə Məcəlləsi nikahı rəsmi dövlət qeydiyyatına alındığı andan hesab edərək qanunvericiliyin qaydalarına əsasən, qorusa da bu vətəndaş nikahı üçün də keçərlidir. Vətəndaş nikahını rəsmiylə müqayisə edən Elçin bəy onun hansı dezavantajlara malik olmasına toxunub. Hüquqşünas bildirib ki, əksiklik dünyaya gələn uşağın sənəd məsələlərindən başlayaraq digər mövzularda da (aliment, hər hansı hüququnun təsdiqlənməsi) özünü göstərir. Lazımi hallarda cütlüyün rəsmi olmayan nikahlarını təsdiq edən sənəd tələb olunur, yaxud təsdiqlənməsiylə bağlı rəsmi şəkildə nikahın bağlanması bildirilir.

Digər tərəfdən, vətəndaş nikahı ilə qurulan ailələrdə mülki məsələlər baxımından da problemin yarana biləcəyini qeyd edən hüquqşünas vəziyyətin qanun çərçivəsində həllindən danışıb. İstənilən halda vətəndaş nikahı adlandırılan qeyri-rəsmi yolun sonradan rəsmiləşdirilməsi mümkündür. Sadə üsul olaraq hər iki tərəfin razılığı ilə nikah rəsmiləşir. Daha çox kişi tərəfinin rəsmi nikahdan boyun qaçırdığını vurğulayan vəkil bu halda məhkəmə qaydasında nikahın təsdiq olunması faktı ilə lazımi orqana müraciət edilə və məhkəmə qərarı ilə təsdiq olunan qətnamə əsasında sonradan nikah qeydiyyata alına bilər, - deyə qeyd edib. Təbii ki, proses rəsmiləşəndən sonra vurğulanan problemlər də qanun çərçivəsində həll olunur.

Elçin Şəfiyev uşağa alimentin verilməsində rəsmi nikahın şərt olmadığını, atalığın müəyyən olunmasının vacibliyini vurğulayıb.  Qanuni şəkildə atası müəyyən olunmayan uşağın rəsmi sənədlərdə soyadı anasının soyadı ilə qeyd olunur. Könüllülük, yaxud məhkəmə qaydasında atalıq müəyyən olunduqdan sonra uşaq valideynin ad-soyadını götürür və müvafiq orqanların vasitəsilə növbəti rəsmiləşdirmə məsələləri həyata keçirilir. Həmçinin uşağın hansı tərəfdə qalması, görüşün keçirilməsi məsələsindən danışan hüquqşünas qeyri-rəsmi nikah olsa belə valideynlik hüququnu təsdiq edən sənədlər, yaxud məhkəmə vasitəsilə (hansı tərəfin görüş məsələsində maraqlı olması nəzərə alınaraq) könüllülük, olmazsa məhkəmə qətnaməsi əsasında müəyyənləşdirildiyini söyləyib. Hər şeydən əvvəl bu prosesdə uşağın mənafeyi, hüquqları qorunur və onların istəyinə uyğun reallaşır. Elçin Şəfiyevin sözlərinə əsasən, uşaqla görüş məsələsində valideynlər arasında könüllülük əsasında saziş imzalana bilər, əks halda valideyn məhkəməyə müraciət edərək məsələnin həllini xahiş edə bilər.

Elçin bəy qeyri-rəsmi nikah pozulması, yaxud ailədə anlaşılmazlığın yaranması zaman əmlak məsələsinə də rəy bildirib. O, ilk olaraq nikahın pozulmasında maraqlı olan tərəfin faktiki nikahın bağlanmasını sübut etməsini vacibliyini bildirib. Belə ki, proses zamanı şahidlər vasitəsilə mövcud nikahın olması sübuta yetirilə bilər, həmçinin toydan hər hansı bir fotoşəkil, videogörüntü varsa əlavə etməklə təsdiqlənə bilər. Daha sonra isə qanuna uyğun olaraq əmlak tərəflər arasında bölünə bilər.

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Leyla Mustafazadə

ŞƏRH YAZ
Ad

E-mail

Şərh