Xəzərdə “Qarabağ”ın qüdrəti

Gündəm 12 Avqust 2020 13:46 Oxunub 1032
Xəzərdə “Qarabağ”ın qüdrəti
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Altı aydan artıqdır ki, koronavirus bəşəriyyətin başı üzərini alaraq öz acı fəsadlarını törəməkdədir. Dünyanın ən qüdrətli dövlətləri  hələ də bu qara kabusun cəngindən xilas ola bilmir. Bu müddət ərzində çoxlu sayda insan dünyasını dəyişmiş, yoluxma sürətlə yayılmış, iqtisadiyyat çökmüş, hətta dövlətlərarası diplomatik əlaqələr də kəsilmişdir.  Azərbaycan da dünyanın bir parçası kimi pandemiyanın törətdiyi zərərdən kənarda qala bilməzdi.  Ancaq dövlət başçımızın düşünülmüş qabaqlayıcı tədbirləri nəticəsində  ölkəmiz qüdrətli dövlətlərlə müqayisədə az itki vermiş və pandemiyanın geniş yayılmasının qarşısı alınıb. Koronavirusun tüğyan etməsinə baxmayaraq, respublikamızda nəzərdə tutlan sosial layihələrin, o cümlədən iri infrastruktur proqramların icrası dayandırılmayıb. Dövlət başçımızın və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həmin layihələrin reallaşdırılması tədbirlərində, habelə yeni müəssisələrin təməlqoyma mərasimlərində iştirak etmələri əhalinin rifahının yaxşılaşdırılmasının və ölkəmizin beynəlxalq aləmdəki əlaqələrinin daha da möhkəmləndirlməsinin daim diqqət mərkəzində saxlanıldığından xəbər verir.

Ümumiyyətlə, son 17 il ərzində həyata keçirilən uğurlu daxili və xarici  siyasət əhalinin həyat tərzinin yaxşılaşdırılması istiqamətində əsaslı dönüş yaratmaqla yanaşı, Azərbaycanın beynəlxalq aləmdəki mövqeyinin daha da möhkəmləndirilməsi mənafeyinə xidmət göstərib. Prezident İlham Əliyev bu müddət ərzində müstəqil və milli maraqlara əsaslanan xarici siyasət kursunu sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq çevik və hücum taktikasına əsaslanmaqla davam etdirir. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və beynəlxalq münasibətlər sistemində mövqeyi getdikcə güclənir. Eyni zamanda, ölkəmiz  müstəqil  dövlətlərin suverenliyi və milli maraqlara hörmət prinsipi əsasında inkişafının tərəfdarı kimi çıxış edir.

Nəzərdə tutulan sosial proqramların uğurlu icrası, bir sıra beynəlxalq tədbirlərin videokonfrans formatında keçirilməsi  ölkəmizin mövqeyini daha da möhkəmləndirib. Ümumilikdə, son 3 ayda dövlət başçısının iş qrafiki çox gərgin olub. Belə ki, Prezident İlham Əliyev təxminən 40-a yaxın tədbirdə iştirak edib. Bu tədbirlərin ən azı 30- u sosial proqramların icrası ilə əlaqədar olub.

Avqustun 10-da  daha bir mühüm əhəmiyyət kəsb edən tədbirin şahidi olduq. Həmin gün Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda Prezident İlham Əliyevin iştirakı ilə SOCAR-ın BOS Şelf şirkəti tərəfindən tikilmiş neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulan “Qarabağ” dayaq bloku dənizə yola salınma mərasimi keçirildi. Bu mərasim həm də Xəzərdə  “Qarabağ”ın qüdrəti kimi də qiymətləndirilir.

Onu da qeyd edim ki, Azərbaycanda inşa edilmiş və ən böyük qurğu olan “Qarabağ” dayaq blokunun istifadəyə verilməsi əlamətdar hadisədir. Bu layihə bir daha göstərir ki,  pandemiya bəşəriyyətin başı üzərini alsa da, Azərbaycanın iqtisadi siyasəti etibarlı əllərdədir. Bu da xarici neft şirkətlərinin ölkəmizin neft-qaz sənayesinə və potensialına marağı daha da artırır. Bu blokun böyük əhəmiyyət kəsb etməsinin digər səbəbi də var. Texnoloji baxımdan nəhəng və mürəkkəb konstruksiya olan “Qarabağ” dayaq blokunun istifadəyə verilməsi Azərbaycanın iqtisadi stratetigiyasının düşünülmüş şəkildə həyata keçirildiyindən xəbər verir. Bu blokun  yenidən bərpa olunaraq istifadəyə verilməsinin iqtisadi  əhəmiyyəti ilə yanaşı siyasi  əhəmiyyəti də var. Dövlət başçısı mərasimdən sonra Azərbaycan Televiziyasına verdiyi müsahibsində də bu layihənin siyasi əhəmiyyətinidən söhbət açdı. Qarabağ” dayaq blokunun dənizə yola salınmasının çox əlamətdar hadisə olduğunu bildirən ölkə başçısı bu nəhəng qurğunun  Azərbaycan mütəxəssisləri tərəfindən ölkəmizdə inşa edildiyini vurğuladı və  artıq dənizə yola salındığını diqqətə çatdırdı.

Bu dayaq blokunun göndərildiyi yataq hamımız üçün doğma və əziz olan Qarabağ adını daşıyır. Dövlətimizin başçısı bu məqamı da xüsusi vurğulayaraq dedi ki, bu, rəmzi məna daşıyır. Çünki  Azərbaycan xarici tərəfdaşlarla bir çox yataqlar üzrə kontraktlar imzalayıb. Ancaq heç də onların hamısı səmərə verməyib. Artıq bir çoxlarının icrası dayandırılıb, onların icrasına xitam verilib, qazılmış quyular ümidləri doğrultmayıb. “Qarabağ” yatağının işlənməsinə gəldikdə isə burada böyük potensialın, zəngin neft və qaz ehtiyatlarının olması hər kəsdə əminlik yaradır.

Dövlət başçısı 1990-cı illərdə üç quyu qazıldığını və  xarici tərəfdaşların  bunların gələcək investisiya üçün səmərəsiz olacağını və bununla da  “Qarabağ” yatağının tərk edildiyini xatırlatdı. Artıq bu fikirlərin yanlışlığı özünü açıq şəkildə büruzə verdi. Hazırda  Azərbaycanın vaxtilə - 1990-cı illərdə tərk edilmiş “Qarabağ” yatağına qayıtması  böyük əhəmiyyt kəsb edir. Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissədir. Bunu artıq dünya birliyi də etiraf edir. Bu ərazilərimiz düşmən işğalında olsa da, gec-tez azad ediləcək. Artıq Azərbaycan Ordusu öz gücünü, qüdrətini düşmənlərimizə göstərir və işğal altındakı ərazilərimizi azad edir. Dövlət başçısı da  müsahibəsində bunu xüsusi olaraq vurğuladı və dedi ki, biz 2016-cı ildə torpaqlarımızın bir hissəsini qaytardıq, işğalçıları o torpaqlardan qovduq və o ərazilərə həyat qayıtdı, vətəndaşlar qayıtdı, Azərbaycan qayıtdı. Ölkə başçısı bir daha qətiyyətlə və əminliklə bildirdi ki, Azərbaycan öz doğma torpağına, Qarabağ torpağına qayıdacaq. Bizim ərazi bütövlüyümüz tam bərpa ediləcək, necə ki, bu gün biz vaxtilə tərk edilmiş “Qarabağ” yatağına qayıdırıq, eyni qaydada,  biz doğma Qarabağ torpağımıza da qayıdacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

 

Çingiz QƏNİZADƏ,
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru

ŞƏRH YAZ
Ad

E-mail

Şərh