Yağışın da "səbri" daşdı, Bakıda təcili tədbirlər görülməzsə... - Ekspertlərdən SOS

Gündəm 22 Oktyabr 2024 23:33 Oxunub 256
Yağışın da "səbri" daşdı, Bakıda təcili tədbirlər görülməzsə... - Ekspertlərdən SOS
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Demək olar ki, hər il payız-qış mövsümündə yağışın, qarın törətdiyi fəsadlar müzakirə edilir, əhali narazılıq edir, ekspertlər qınayır, aidiyyəti qurumlar isə vədlər verirdilər.

Amma ildən-ilə həmin problemlərin təkrarlandığı, əvvəlki illərdən daha betər vəziyyətin yarandığını görürdük. Bu dəfə isə yağış "amansız" oldu, insanlara unudulmayacaq elə faciə yaşatdı ki,  sanki əvvəlki illərin "intiqamını" alırmış...

Ekspertlər dəfələrlə drenaj, kanalizasiya sistemi olmadan bina tikməyin yanlış olduğunu, paytaxtın bir gün buna tab gətirməyəcəyini bildirirdilər. Oktyabrın 19-dan 20-nə keçən gecə paytaxtda yağan güclü yağış deyilənləri bir daha üzə çıxardı. Şəhərin əksər hissəsi su altında qaldı. Bu gün ərzində sosial şəbəkələrdə abtobusların, fərdi maşınların, evlərin, əşyaların suyun altında qalmasını və insanların bundan necə əziyyət çəkdiyini əks etdirən videogörüntülər yayıldı ki, bu da vəziyyətin nə qədər acınacaqlı olduğunu bir daha  göstərdi. 

"Sabunçu keçidi" adlanan ərazidə iki nəfərin bataraq ölməsi isə səbir kasasını daşıran son damla oldu...

Görünən odur ki, təcili tədbirlər görülməzsə, növbəti yağışlar daha böyük facilərə yol aça bilər.

Avtosfer.az xəbər verir ki, bu barədə Ağ Partiyanın Mərkəzi Aparatının üzvü, mütəxəssis Malvina Amirova Musavat.com-a mövzu ilə bağlı fikirlərini bölüşüb: "Son günlər Bakıda yağan yağışlar, şəhərin payıza da, qışa da hazır olmadığını bir daha ortaya qoydu: 

"İki günlük yağış nəticəsində paytaxt Venesiyaya bənzər bir vəziyyətə düşdü. Küçələrdə su sanki dəniz kimi yayılıb, avtomobillər suyun içində batır, piyadalar isə adi şəkildə hərəkət edə bilmir. İşə, məktəbə və digər vacib yerlərə getməyə çalışan vətəndaşlar, sanki bir fəlakət zonasından qayıdırmış kimi evlərinə dönürlər. 

b4f6034c-6b26-49e8-8645-1bf142f391e4.jpg (440 KB)

Bu vəziyyət, kanalizasiya sistemlərinin tamamilə yetərsiz olduğunu açıq şəkildə göstərir. Lüklar çatışmır, mövcud olanlar isə düzgün işləmir. Hər yeri su basır, şəhər iflic vəziyyətinə düşür. Xüsusilə qışda, qarın az miqdarda yağması belə şəhəri su altında qoyur. İctimai nəqliyyat işləmir, taksilər isə vəziyyətdən sui-istifadə edərək qiymətləri kəskin şəkildə artırır. Bu çətinliklər, vətəndaşların gündəlik həyatına ciddi zərbə vurur və şəhər rəhbərliyinin belə vəziyyətlərə hazırlıqsız olduğunu ortaya çıxarır.

Bakı COP 29 beynəlxalq iqlim konfransına ev sahibliyi etməyə hazırlaşır. Lakin bu cür infrastruktur problemləri, şəhərin qlobal səviyyədəki imicinə ciddi zərər vurur. İqlim dəyişikliyi ilə mübarizə məqsədilə dünya miqyasında müzakirələr aparılarkən, Bakının kanalizasiya və nəqliyyat infrastrukturundakı acınacaqlı vəziyyət, şəhərin həm ekoloji, həm də sosial problemlərini diqqət mərkəzinə gətirir.

Bakı kimi ev sahibliyi edən bir şəhərdə hər dəfə yağış yağanda küçələrin su altında qalması, mövcud problemlərin miqyasını açıqca göstərir. Bu, sadəcə texniki və infrastruktur məsələsi deyil, həm də şəhərin ekologiyasına və sakinlərin rifahına birbaşa təsir edən bir faktordur.

İnfrastrukturun yenilənməsi və modernləşdirilməsi, xüsusilə kanalizasiya və nəqliyyat sistemlərinin təkmilləşdirilməsi, təcili həll tələb edir. Yalnız beynəlxalq tədbirlər üçün deyil, həm də Bakı sakinlərinin gündəlik həyatının keyfiyyətini artırmaq üçün bu addımlar vacibdir. Dünya gözlərini COP 29 vasitəsilə Bakıya çevirəcək, lakin şəhərin vətəndaşları hər yağışda belə fəlakətlərlə üz-üzə qalmamalıdır".

Mütəxəssis əlavə edib ki, şəhər rəhbərliyi tərəfindən fəlakətlərin qarşısını almaq üçün uyğun tədbirlərin görülməməsi həm yerli əhalinin narazılığına səbəb olur, həm də şəhərin beynəlxalq səviyyədə nüfuzunu zədələyir: 

"Şəhərin su təchizatı, drenaj sistemi və yolları diqqət mərkəzində saxlanmalı və təcili tədbirlər görülməlidir. COP 29 təkcə iqlim dəyişikliyi məsələlərinin müzakirə olunduğu bir forum deyil, həm də Bakı kimi şəhərlərin dayanıqlılığını və infrastrukturunun davamlılığını nümayiş etdirmək üçün bir fürsətdir". 

Screenshot_1.png (236 KB)

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, Vətəndaşların əmək hüquqlarının müdafiəçisi Sahib Məmmədov də mövzu ilə fikrini ifadə edib:

"Şəhərlərdə kanalizasiya sistemi ayrıdır, yağış sularını aparan drenaj sistemi ayrıdır. Bakının dağlıq sahələrinin olması şəhərin mərkəzində yağıntı sularının sürətlə toplanmasına gətirir. Kanalizasiya sistemi bu suaları çəkib aparmaq imkanında deyil. Nəzərə almalyıq ki, hər gün yalnız Nizami metrosunun yaxınlığında 70 metr dərinlikdə tikilmiş təbii yolla suyun yığışdığı su anbarında suyun səviyyəsini saxlamaq üçün sutkada 3 000 kub şirin su və  metro tunellərində toplanan  təxminən sutkada 20 000 kub şirin su kanalizasiya sisteminə ötürülür, (əslində istifadə olunmalıdır) o zaman kanalizasiya sisteminin əlavə suları axıtmaq imkanının olmadığı məlum olur. Yağış-drenaj sistemi bəzi küçələrdə əvvəllər də var idi, amma sonradan asfaltlama, yolların genişləndirlməsi zamanı onların çoxu bağlandı".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh