Yol polisi ilə dalaşan şəxs özünü belə yandırdı - ŞOK VİDEO

Dünən Ağdaş rayonunda sürücünün yol polisi əməkdaşları ilə mübahisədən sonra özünü yandırması hadisəsinin videosu üzə çıxıb. Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, Ağdaşın mərkəzi bazarının qarşısında Xosrov kənd sakini, 1983-cü il təvəllüdlü Söhbətov Həsənağa Böyükağa oğlu ilə Ağdaş rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin əməkdaşları arasında mübahisə yaranıb. O, daha sonra avtomobildən qabdakı benzini götürərək başına töküb və özünə od vurub. Hadisə şahidlərindən biri olay yerində çəkdiyi görüntüləri Lent.az-a təqdim edib. Görüntülərdən məlum olur ki, yol polisi intihara cəhdin qarşısını almağa çalışır. Lakin 35 yaşlı şəxs özünü yandırır.
Qeyd edək ki, hadisəyə səbəb H.Söhbətovun 10 LS 956 dövlət nömrə nişanlı “VAZ 2105” markalı minik avtomobilini mülkiyyət hüququ olmadan etibarnaməsiz idarə etməsi olub. Belə ki, avtomobilin əvvəlki sahibi Mikayıl Hüseynovun banka 1660 manat borcu olduğu üçün nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə Ağdaş rayon Məhkəməsi qərar qəbul edib. Yol polisi əməkdaşları da məhkəmə qərarı əsasında maşını Ağdaş rayon Polis Şöbəsinə aparmaq istəyib. H.Söhbətov yeni aldığı avtomobillə qayda pozduğuna görə bu günlərdə 109 manat cərimə ödədiyini, nəqliyyat vasitəsinin əvvəlki sahibinin banka borcu olmasına görə məsuliyyət daşımadığını əsas gətirərək, polis əməkdaşlarına müqavimət göstərib. O, ailəsini dolandırmaq üçün taksi fəaliyyəti ilə məşğul olduğunu və nəqliyyat vasitəsinin əlindən alınaraq polis şöbəsinə aparılmasına qarşı çıxıb və mübahisə zamanı avtobildəki şüşə qabdan benzini götürərək başına töküb. 35 yaşlı sürücü polis əməkdaşlarının gözü qarşısında özünə od vuraraq yandırıb. Baş, üz və əlləri yanan sürücü yaxınlıqdakı insanların və polis əməkdaşlarının köməkliyi ilə xəstəxanaya aparılıb. Ağdaş rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, hazırda intihara cəhd edən şəxsin həyatı üçün təhlükə yoxdur. Lakin o, bu hadisənin izlərini ömür boyu daşımalı olacaq. Belə ki, H.Söhbətovun bədəninin 20 faizdən çoxdu ağır dərəcədə yanıb. Onun üz nahiyəsi tamamilə yanıb.
Baş Dövlət Yol Polisi Ağdaş rayonunda sürücünün DYP əməkdaşları tərəfindən saxlandığına görə intihara cəhd etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Avtosfer.az xəbər veiri ki, İdarənin şöbə rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, 1983-cü il təvəllüdlü Söhbətov Həsənağa Böyükağa oğlu idarə etdiyi 10 LS 956 dövlət nömrə nişanlı, “VAZ 2105” markalı minik avtomobili dövlət qeydiyyat nişanları yaxşı görünmədiyinə görə saxlanılıb. Araşdırma zamanı məlum olub ki, məhkəmə qərarı ilə H.Söhbətovun sürücülük hüququ məhdudlaşdırılıb, nəqliyyat vasitəsinin üzərinə həbs qoyulub. “Sürücü məsuliyyətdən yayınmaq üçün, ya başqa bir səbəb görə, heç bir sənəd təqdim etməyərək, avtomobilin baqaj hissəsindən benzin dolu şüşəni götürüb, üzərinə tökərək özünü yandırıb. Elə həmin anda Yol Patrul Xidmətinin əməkdaşları alovu söndürüb, sürücünü xəstəxanaya çatdırlıblar”.
K.Əliyev qeyd edib ki, dövlət yol polisi əməkdaşları heç bir qanunazidd hərəkətləri etməyiblər: “Yol patrul xidmətinin əməkdaşları sürücünü qanunu pozduğu üçün saxlayıblar, həmin şəxsin belə bir addım atması onun psixoloji problemləri ilə bağlıdır. Əgər avtomobilin saxlanması ilə bağlı hər hansı qərar varsa, onu kimin idarə etməsinə baxmayaraq, həmin nəqliyyat vasitəsi saxlanılıb duracağa yerləşdirilməlidir. Baş vermiş insident zamanı inspektor da öz vəzifəsini icra edib. DYP əməkdaşı vizual olaraq, hər hansı qayda pozunutusunu görürsə, ona biganə qala bilməz. Hüquq-mühafizə orqanlarının əməkdaşı qaydanı pozan insanın hansı addım atacağını əvvəlcədən proqnozlaşdıra bilməz”.
Polis polkovniki əlavə edib ki, intihara cəhd edən Söhbətov Həsənağa narkotik maddələrdən istifadə etdiyinə görə əvvəllər iki dəfə məhkumluq həyatı yaşayıb.













