«Yol polisi necə olmalıdır» sualına cavab tapıldı - VİDEO - FOTO

Gündəm 30 Oktyabr 2014 01:19 Oxunub 1804
«Yol polisi necə olmalıdır» sualına cavab tapıldı - VİDEO - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İnsanlar DYP əməkdaşlarını nəzakətli, obyektiv və ədalətli görmək istəyirlər

Son günlər Avtosfer.az saytında Dövlət Yol Polisinin (DYP) fəaliyyətinə aid ictimai marağa səbəb olan bir neçə videokadr yayıldı. Həmin videokadrlar mətbuatda geniş müzakirələrə səbəb oldu. Ümumiyyətlə, DYP-nin fəaliyyəti hər zaman cəmiyyətin diqqət mərkəzində olduğundan çox adam düşünür ki, yol polisi necə olmalıdır?  Bu suala cavab vermək üçün həmin kadrlardan bir-birinə zidd olan ikisini müqayisə etmək istərdim. Təxminən 20 gün əvvəl mətbuatda geniş yayılan bir videokadrda ağır zənbillə yeraltı keçiddən keçməkdə çətinlik çəkən yaşlı qadına DYP əməkdaşının kömək etməsi təsvir olunmuşdu. Həmin kadrları yayan və şərh edən hər kəs bu DYP əməkdaşının ünvanına «Əhsən», «Halal olsun» kimi ifadələr işlədərək onun kimi polis işçiləri ilə qürur duyduqlarını yazmışdılar. DYP əməkdaşlarının təlimatdan kənar davranışının əks olunduğu başqa bir videonu yayan və şərh edənlərin mövqeyində isə məyusluq aşkar şəkildə hiss olunurdu. Məncə, DYP əməkdaşlarının bu iki bir-birinə zidd davranışına cəmiyyətin münasibəti çox şeyi deyir. İnsanlar DYP əməkdaşlarını nəzakətli, obyektiv və ədalətli görmək istəyirlər. Bu da çox təbii bir arzudur.

Yollarda hər xarakterdə sürücü və piyadaların olması normaldır. Cəmiyyətdə hər kəsin hüquqa münasibəti də fərqlidir və təəssüf ki, hamını intizamlı saymaq olmaz. Bu səbəbdən DYP-nin əsas təyinatı intizamlı yol hərəkəti iştirakçılarını intizamsızların yaratdığı təhlükədən qorumaqdır. Qayda pozan sürücülərə cərimənin tətbiq olunması, müəyyən hallarda onların sürücülük hüququnun məhdudlaşdırılması və başqa bu kimi sanksiyaların da əsas təyinatı məhz həmin təhlükənin qarşısını almaqdır. Lakin bu fəaliyyətin özünün də qanunla müəyyən olunmuş dəqiq qaydaları mövcuddur. Hər hansı bir əməkdaşın həmin qaydalardan azacıq da olsa kənara çıxması sadəcə olaraq həmin vidokadrlarda gördüyümüz eybəcər mənzərəni yaratmır, həm də DYP-nin nüfuzuna xələl gətirir. Buna görə də DYP əməkdaşları öz fəaliyyətlərində qanunvericiliyin ən xırda formallıqlarına da riayət etməli, cəmiyyətin inam və etibarını daha da artırmağı unutmamalıdırlar.

Bəzən DYP-nin və sürücülərin bir-birinə zidd tərəflər kimi təqdim olunması hallarına rast gəlinir. Belə yanaşma yanlış və kifayət qədər təhlükəlidir. Amma həmin yanaşmanı dəyişmək yükü də DYP-nin üzərinə düşür. DYP öz fəaliyyəti ilə insanları inandırmalıdır ki, yuxarıda qeyd etdiyimiz əsas vəzifənin, yəni cəmiyyətin təhlükəsizliyinin təmin edilməsinin qayğısına qalır. Hər bir əməkdaş konkret sürücünü, yaxud piyadanı məsuliyyətə cəlb edərkən unutmamalıdır ki, bunu həmin şəxsin qanunazidd davranışının qarşısını almaq və ictimai asayişi təmin etmək xətrinə edir. Özü də əməkdaş bu fəaliyyəti ona verilmiş hakimiyyət səlahiyyətlərinə uyğun olaraq edir. Bu zaman heç bir halda qayda pozan sürücü və ya piyada barəsində görülən tədbirlər onunla şəxsi münasibətlər müstəvisinə keçməməlidir. DYP əməkdaşları unutmamalıdırlar ki, həm səlahiyyətlərini aşaraq insanlara adekvat olmayan münasibət göstərmək, həm də onları icra etməyərək intizamsızların qarşısından geri çəkilmək eyni dərəcədə qanunaziddir və təhlükəlidir. Ona görə də DYP əməkdaşı obyektiv, ədalətli, nəzakətli, amma qətiyyətli və güzəştsiz olmalıdır. Bunun üçün isə yüksək peşə hazırlığı, öz üzərində gündəlik iş tələb olunur.

Kadrlardan birində bir şəxsin məqsədli şəkildə DYP əməkdaşını çox asanlıqla təxribata çəkməsi əks olunub. Lakin lazımi hazırlığı olan əməkdaş bu təxribatı dərhal hiss etməli və onun qarşısını almalı idi. Axı bunun üçün ona zəruri səlahiyyətlər də verilib. Həmin səlahiyyətlərdən peşəkarcasına istifadə olunsaydı, belə mənzərə yaranmazdı, üstəlik həqiqətən də qanunu pozmuş şəxs məsuliyyətdən yayına bilməzdi.

Qeyd etmək istəyirəm ki, yol hərəkəti təhlükəsizliyinə dair dünyanın əksər ölkələrində qəbul olunmuş konsepsiyalara əsasən, yol hərəkəti təhlükəsizliyinə səmərəli nəzarət həmin təhlükəsizliyin təmin olunmasının əsas şərtlərindən biridir. Müasir dünyada avtomobillərin bu qədər çox olduğu bir şəraitdə yol hərəkətinə müvafiq nəzarət olmadan yollardakı vəziyyəti təsəvvür etmək mümkün deyil. Ona görə də hər hansı intizamsız və hazırlıqsız əməkdaşın etdiyi səhv təkcə DYP-nin çoxminlik şəxsi heyətinin nüfuzuna yox, həm də yollarımızdakı təhlükəsizlik səviyyəsinə zərbədir. Çox təəssüf ki, belə bir səhv bəzən qarda, yağışda, günün qızmar istisində xidmət aparan, asayışın keşiyində duran DYP sıralarında olan minlərlə insanın zəhmətinə kölgə sala bilir. Odur ki, hər bir əməkdaş həm də çiyin-çiyinə xidmət etdiyi yoldaşlarını da düşünməlidir.

 

Ərşad Hüseynov,

yol hərəkəti üzrə ekspert

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh