Banner

Yol polisi rəisi hakimin oğlunun ölümünə görə ifadə verdi

Gündəm 27 Dekabr 2016 12:29 Oxunub 7804
Yol polisi rəisi hakimin oğlunun ölümünə görə ifadə verdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Vurulan şəxs inildiyirdi, anası təcili yardım çağırılmasını istəyirdi"

Ləğv edilən MTN-in generalı Akif Çovdarovun işinə baxan hakim Elbəy Allahverdiyevin oğlunun öldüyü qəza ilə bağlı təqsirləndirilən 1987-ci il təvəllüdlü Rəhim Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Bakı şəhər DYP-də növbətçi hissənin rəisi İlqar İbrahimov dindirilib. O, ifadəsində bildirib ki, hadisədən sonra həmin yerə gəlib: "Təxminən 10-15 dəqiqə orada olmuşam. Orda bizim əməkdaşlardan soruşdum sürücünü müəyyənləşdirmisiniz? Çünki orda olanlar içində ən vəzifəli şəxs mən idim. Dedilər ki, sürücü də xəsarət alıb və onu aparıblar. Dərhal zərərçəkənin yanına yaxınlaşdım. Orada onun anası və bir qız da var idi. Vətəndaşlar toplaşmışdı. Vurulan şəxs inildiyirdi. Anası təcili yardım çağırılmasını istəyirdi. Mən də dedim vəziyyəti ağırdı axı, onu tərpətmək olmaz. Təcili yardımı gözləmək lazımdır".

Bu zaman təqsirləndirilən şəxs yerindən müdaxilə edərək bildirib ki, hadisə zamanı bu şəxs gələndə orada idim: "Xatırlayıram. Düz onun yanında durmuşam. O zaman kostyum geyinmişdim. Ona görə məni xatırlamır. O xəstənin yanında olanda ordaydım".

Şahid isə qeyd edib ki, Rəhim Kərimovu xatırlamır: "Birinci dəfədir sizi görürəm". Vəkillər şahidin düzgün danışmadığını bildiriblər. Onlar hadisə zamanı olan səsyazılarının,  görüntülərin məhkəməyə təqdim olunmasını istəyiblər: "Kasetə baxsanız görərsiniz ki, həmin şəxs təqsirləndirilənlə yan-yana olub. Xahiş edirəm ki, video-görüntü burda göstərilsin və bundan sonra bu şəxs yenidən ifadə versin".

Hakimlər qeyd ediblər ki, hazırda şahidlərin dindirilməsi mərhələsi olduğundan kamera görüntülərinə baxılması ilə bağlı vəsatət baxılmamış saxlanılır. Təqsirlədirilən şəxsin vəkili Orxan Əhmədov vəsatət verərək şahidin istintaqa verdiyi ifadənin elan olunmasını istəyib: "İstintaqa verdiyi ifadə ilə burda danışdıqları arasında müəyyən ziddiyyətlər var. Ona görə istintaqa verdiyi ifadə elan edilməsi məqsədə uyğundur".

Hakim şahidinin ifadəsinin elan edilməsinin əhəmiyyəti olmadığını bildirib. Prosesdə şahid qismində Muxtar Hüseynov vəkillərin suallarını cavablandırıb. O, bildirib ki, hadisə günü onu Balaxanıya gətirib düşürdəndə avtomobili Musa Mahmudov idarə edirdi: "Rəhim sürürdü. Sonra Musa sükana əyləşdi. O, avtomobili ayaqqabısız idarə edirdi. Yolda olan zaman o ayaqqabıları çıxarmışdı".

Onu da qeyd edək ki, vəkil Orxan Əhmədov ötən prosesdə hadisə zamanı sürücü yerindən ayaqqabı tapıldığını bildirmişdi. Hətta şahid qismində ifadə verən Musa isə hadisə zamanı ayaqqabısız evə getdiyini, sonradan qardaşının onun ayaqqabılarını gətirdiyini demişdi.

Vəkillərin sualları zaman təqsirləndirilən şəxsin vəkili Orxan Əhmədov və zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi Ceyhun Yusifov arasında mübahisə düşüb. Hakimlər heyəti vəkillərin bir birinin suallarını kəsməməyə çağırıb. Bundan sonra ittiham tərəfinin vəsatəti ilə şahidin istintaqa verdiyini ifadə elan olunub. O istintaqa verdiyi ifadəsi zamanı hadisənin Rəhim tərəfindən törədildiyini deyib. Şahid bildirib ki, istintaqa bu cür ifadə verməyib: "Mən orada ifadə verdim, yalnız ifadəmi oxumadan imzalamışam. Hətta Rəhimin vəkili Adil müəllim də ordaydı".

Bu zaman zərərçəkmiş şəxsin hüquqi varisi Ceyhun Yusifov vəkilin şahidin yanında olmasını protokola qeyd olunmasını istəyib. Məhkəmə prosesi yanvarın 10-da davam edəcək. Proses bitdikdən dərhal sonra təqsirləndirilən Rəhim Kərimova hakimlərə müraciət edib: "Təkcə ümidim sizsiniz, xahiş edirəm bu məsələni ciddi araşdırın. Günahsız yerə həbsdəyəm". Hakim Səbuhi Hüseynov isə işi araşdıracaqlarını qeyd edib.

Qeyd edək ki, hadisə mayın 11-də saat 03 radələrində Nəsimi rayonunun Bülbül prospektində baş verib. Belə ki, Bakı şəhər sakini Rəhim Kərimov idarə etdiyi “Mercedes” markalı avtomobil piyada Rüfət Allahverdiyevi vurub. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb, mayın 12-də orada dünyasını dəyişib. Qeyd edək ki, 19 yaşlı Rüfət Allahverdiyev ADA universitetinin tələbəsi olub. O, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğludur. Elbəy Allahverdiyev Gəncə Ağır Cinayətlərin hakimi olub. Ondan sonra Tərtər Hərbi Məhkəməsinə təyinat alıb. Məhz 2016-cı ildə Elbəy Allahverdiyev Bakı Hərbi Məhkəməsinə göndərilib. Onu da qeyd edək ki, təqsirləndirilən Rəhim Kərimovun atası Yüzasif Kərimov isə Mərkəzi Klinik Xəstəxananın sabiq baş həkimi olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh