Yol polisinin «təmiz hava» oyunu

Gündəm 10 Avqust 2014 11:35 Oxunub 10254
Yol polisinin «təmiz hava» oyunu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İyulda texniki baxışdan «alnı açıq» çıxan avtomobilləri avqustda «ekoloji qayda pozuntusu» adı ilə cərimələyirlər

Avtosfer.az saytının elektron ünvanına maraqlı bir sual daxil oldu. Doğrudan da maraqlı sualdır. Sualı verən şəxs öz adını yazmayıb. Mixaylo adı ilə sual verən şəxsin soruşduğu məsələ bizi də düşündürdü. Əslində, bundan bir neçə saat əvvəl bu mövzu ətrafında müzakirələrimiz olmuşdu və bu barədə yazı hazırlamaq qərarına gəlmişdim. Lakin Mixaylonun sualı məni lap həvəsləndirdi. Sualı olduğu kimi diqqətinizə çatdırıram: «Kim mənim sualıma cavab versə, mən ona 500 manat mükafat verərəm. Sualım belədir: Texniki baxış keçirildi və müddət qurtardı, ertəsi gün reydlərə başlayırlar ki, kimin maşını tüstü buraxsa, 50 manat cərimələnəcək. İndi mənə deyin görüm, bəs bu texniki baxışın keçirilməsi nəyə lazımdır? Əgər hamının maşını baxışdan keçibsə, bəs, reyd nə üçündür Çox asan cavabı var. Cavab yazın!!!». 

Hörmətli Mixaylo, sual maraqlı olsa da, cavabı heç də asan deyil. Sualın özü isə başdan ayağa həqiqətlə doludur. O həqiqət ki, yol polisinin iyul ayında texniki baxışdan keçirdiyi avtomobilləri avqust ayında «ekoligiyaına çirkləndirmək» adı ilə cərimələməsi çox haqsız, biabırçı və ziddiyyətli hərəkətdir. Bu, həm də yol polisinin özünün fəaliyyətini kölgə altında qoyur. Haqlı sualdır. Axı necə olur ki, bir avtomobil iyul ayında yol polisinin texniki müayinə mərkəzində texniki baxışdan keçir və burada avtomobilin ixrac etdiyi zəhərli qazın miqdarı da ölçülür. Heç bir problemsiz bütün avtomobillər texniki baxışdan keçirilir, yol polisi əməkdaşlarından da birka alıb maşının qabaq alın şüşüəsinə yapışdırırlar. Amma üstündən bir neçə gün sonra dövlət yol polisi həmin maşınları küçədə saxlayıb ekologiyanı çirkləndirdiyi üçün cərimə tətbiq edir. Özü də, nə az, nə çox, yeni qanunvericliyə görə 50 manat.

Bəzi sürücülər öz hüquqlarını bilmir, bəziləri isə vəzifələrini. Amma bu o demək deyil ki, yol polisi bundan eninə-boyuna istifadə edib sürücüləri oyuna salmalıdır. Bu oyunda uduza da bilərsiniz, cənablar. Bir tərs sürücü çıxar, işini-gücünü bir kənara qoyub aləmi bir-birinə qatar. Yol polisini verər məhkəməyə, çıxarıb bir ay əvvəl texniki baxışdan keçməsi haqqında sənədləri qoyar ortaya, 3 gün sonra da yol polisinin yazdığı cəriməni. Deyər, hörmətli yol polisləri, deyin görüm, necə olur ki, mənim maşınımın mühərriki 3-4 günün içində zay oldu? Bəlkə, siz texniki baxış zamanı özünüzə əziyyət verib düzgün yoxlama aparmamısınız? Bəlkə, heç bu sizə o qədər də maraqlı deyil? Maşın texniki baxışdan keçir, birka verib yola salırsınız, 3 gündən sonra da saxlayıb cərimə yazırsınız ki, mühərrik düzgün işləmir? Bəlkə, siz özünüz düzgün işləmirsiniz, cənablar? Necə oldu, eyni yol, eyni maşın, eyni yanacaq, amma avtomobilin tüstüsü 3 gün sonra çıxdı? Bunun biri siz deyən kimi olar, ikisi olar, amma daha 3 gün əvvəl texniki baxışdan keçirib yola saldığınız 100 avtomobildən 70-i ekologiyanı korlaya bilməz. Korlayırsa, deməli, siz texniki baxışı düzgün həyata keçirməmisiniz.

Ümumiyyətlə, burada çox qarışıq məsələlər var. Avtomobillərin ixrac etdiyi zəhərli qazın miqdarını ölçmək üçün konkret məntəqələr yoxdur. Avtomobil təmiri servislərində də belə cihazların varğılından danışmaq olmur. Çünki mən özüm bir neçə servislə maraqlanmışam. Məlum olub ki, onlar belə cihazlara malik deyillər. Bu cihazlar yol polisində olur, onlar da il ərzində həmin aparatları elə yerdə gizlədirlər ki, heç kimin xəbəri olmur. Yalnız avqust ayında yadlarına düşür ki, «Təmiz hava» aylığıdır, gedək reyd keçirək. Bir də, Dövlət Neft Şirktənin yeni avadanlıqları var ki, onlar da şirkətə məxsus avtomobilləri yoxlamaq üçün bundan istifadə edirlər. O zaman, gəlin görək, sürücü öz avtomobilinin ixrac etdiyi zəhərli qazların miqdarını harada və necə öyrənə bilər? Heç yerdə. Ümid qalır, texniki baxışdan keçməyə, onda da bütün maşınlar tər-təmiz çıxır. Amma 3 gündən sonra reyd başlayır və hamısı nasaz olur. O zaman sürücünün yox, həmin avtomobili texniki baxışdan keçirib birka verən şəxsin yaxasından yapışıb cəzalandırmaq lazımdır, cənab generallar, polkovniklər.

Digər tərəfdən, yanacağın keyfiyyəti də hər kəsə bəllidir. Hətta, Standartlaşdırma, Metrologiya, Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov açıq şəkildə bəyan edib ki, «Premium» markalı benzin standartlara uyğun deyil. Həmin benzin avtomobilin mühərrikini tez sıradan çıxarır və başqa problemlər də yaranır. Buyurun, bu da sizə rəsmi münasibət. Adam deyir ki, benzin keyfiyyətsizdir və maşina ziyan verir. Əlbəttə, yanacağın keyfiyyəti aşağı düşdükcə ekologi çirklənmənin səviyyəsi artacaq. Axı siz özünüz də avtomobil idarə edirsiniz, hətta, bəzilərininiz bir yox, bir neçə maşını var. Elədirsə, doğrudanmı, siz yanacağın tərkibindəki problemi görüb hiss etmirsiniz? Heç, düşünmürsünüz ki, insanları, sadə vətəndaşları da başa düşüb başqa tədbirlərə əl atmaq lazımdır? Məsələn, Azərbaycanda yanacağının keyfiyyəti artırılana qədər «Təmiz hava» aylığını təxirə salıb başqa tədbirlər keçirmək olar. Sınaq-salxaq maşınlarla bağlı təkliflər hazırlayıb hökumətə təqdim etmək mümkündür. Yol polisinin bu addımı ekologiyanın qorunması üçün ən yaxşı tədbir olardı. Amma 4-5 ilin maşını xaricdə saz vəziyyətdə olursa, Azərbaycana gələn kimi yanacağın keyfiyyətinə görə bərbad hala düşürsə, burada sürücünü günahlandırmaq lazım deyil. Hər halda, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov da xarici markalı avtomobildə gəzir, imkan düşən kimi, dəyişib yenisini alır. Çünki ən yeni avtomobillər Azərbaycanda uzağı 3-5 il normal vəziyyətdə işləyə bilir. Mühərrikdə, daxildə yaranan problemlərə görə imkanı olanlar maşını tez-tez dəyişir. Amma axı hər kəs eyni imkana malik deyil və artıq təmiz yanacaq tapmaq da qaranlıqda iynə axtarmağa bənzəyir. Hər halda, çox hörmətli Ramiz Zeynalov «Təmiz hava» aylığı ilə bağlı göstəriş verərkən bu amilləri də nəzərə alsaydı, daha yaxşı olardı. Yəqin ki, onun avtomobili üçün başqa ölkədən yanacaq gətirmirlər, Azərbaycandakı benzindən istifadə edir. Elədirsə, boş yerə insanları narahat etməyə ehtiyac yoxdur. Əgər siz doğrudan da ekologi vəziyyəti düşünürsünüzsə, o zaman gəlin ilk növbədə Dövlət Yol Polisinin avtomobillərini yoxlayaq. Nümunə kimi, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin həyətində çəkdiyim bir fotonu təqdim edirəm. 10-YP-406 dövlət nömrə nişanlı patrul maşını qara tüstü buraxır. Hər halda, arxa buferin üzərindəki qara ləkə bunu sübut edir. Digər fotoda isə başqa bir DYP maşınının ağ tüstü buraxa-buraxa getdiyinin şahidi oluruq.

İndi mən sual edirəm; cənab general, cənab yol polisləri, siz doğrudanmı havanın təmiz olmasını istəyirsiniz? Siz doğrudanmı ekologiyanı düşünürsünüz? Bunu düşünürsünüzsə, niyə özünüz nümunə göstərmirsiniz? Sizin maşınlar maşın deyil bəlkə? 

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

ruslan 10 Noyabr 2014 22:55
DYP-nin bashda oturan boynuyoqun,ancaq bashiboshlarinin hamisi hebse getmese duzelmez.Inshalla olacaq