Yollarda hansı sürətə görə cəzalandırırlar? - AÇIQLAMA
Bakıda yol qəzaları əsasən günün qaranlıq saatlarında, şənbə-bazar və bayram günlərində baş verir. Qeydə alınan qəzaların da əksəriyyətinin, yəni 47 faizinin sürət həddinin aşılması səbəbindən baş verdiyi müəyyən olunub. Sürət həddinin aşılmasına görə baş verən qəzaların çoxluğu yol polisini ciddi narahat edir. Ona görə də bununla bağlı görülən ciddi mübarizə tədbirləri davam etdiriləcək.
Avtosfer.az xəbər verir ki, bu barədə milli.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
Bölmə rəisi qeyd edib ki, 2015-ci ilin əvvəlindən oktyabrın 27-dək Bakı şəhəri üzrə 648 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 183 nəfər ölüb, 703 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yol hərəkəti qaydalarını pozan sürücü və piyadalar barəsində yol polisi əməkdaşları tərəfindən ümumilikdə 771414 inzibati protokol, Mərkəzi Məlumat Xidməti (MMX) tərəfindən isə 271126 elektron protokol tərtib edilib: "Sürücülər barəsindəki inzibati protokollardan 9373-ü, elektron protokollardan isə 179285-i sürət həddinin aşılmasına görə tərtib edilir. Məhz görülən tədbirlər nəticəsində sürət həddinin aşılması səbəbindən baş verən qəzaların sayı 49 faizdən 47 faizə enib. Bununla belə onların çoxluğu ciddi narahatlıq doğurur".
V.Əsədov bildirib ki, sürücülər "Yol hərəkəti haqqında" Qanunun 50-ci maddəsinin tələblərini yerinə yetirməli, hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidirlər. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir: "Sürücülər yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. Səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz. Yaşayış zonalarında və həyət ərazilərində isə, yəni məhəllələrdə, binaların arasındakı küçə və yollarda sürət həddi saatda 20 kilometrdən çox olmamalıdır.
Minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri yaşayış məntəqələrindən kənarda, yəni avtomagistrallarda saatda 110 kilometrdən, başqa yollarda isə saatda 90 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidir.
Şəhərlərarası və xüsusilə kiçik avtobuslar və motosikletlər yaşayış məntəqələrindən kənarda bütün yollarda saatda 90 kilometrdən artıq sürətlə hərəkət edə bilməz.
Digər avtobuslar, yedəyində qoşqu aparan minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri yaşayış məntəqələrindən kənarda, yəni avtomagistrallarda saatda 90 kilometrədək, başqa yollarda isə saatda 70 kilometrədək sürətlə hərəkət edə bilər.
Banında adamlar daşıyan yük avtomobilləri, eləcə də yedəyində mexaniki nəqliyyat vasitələri aparan nəqliyyat vasitələri saatda 50 kilometrlik sürət həddini aşmamalıdır.
Təhlükəli, ağır çəkili və iri qabaritli yüklər daşıyan nəqliyyat vasitələri isə daşıma şərtləri razılaşdırılarkən müəyyən edilmiş həddən çox olmayan sürətlə hərəkət etməlidir".
Yol polisinin sözçüsü qanunla müəyyən edilmiş sürət hədlərinin aşılmasına görə hansı cəzalar nəzərdə tutulduğunu da açıqlayıb: "İnzibati Xətalar Məcəlləsinin 151-1-ci (Yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşma) maddəsinə görə, sürücülər müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə 10 manat cərimə edilirlər. Hərəkət sürətini 20-40 km/saat həddində aşan sürücülərə 2 cərimə balı yazılır, üstəgəl 50 manat miqdarında cərimə edilirlər. Sürəti 40-60 km/saat həddində aşanlar 3 balla və 150 manat cərimə edilirlər. Hərəkət sürətini 60 km/saat-dan artıq aşanlar isə 4 bal və 250 manat cərimə ilə cəzalandırılırlar".
Bölmə rəisi əlavə edib ki, təəssüf ki, sürücülər barəsində sürət həddi ilə bağlı tərtib olunmuş inzibati protokolların 1691-i müəyyən edilmiş hərəkət sürətinin 60 km/saat-dan artıq aşılması ilə əlaqədar olub.
Sürücüləri bir daha qanuna riayət etməyə çağıran V.Əsədov onu da vurğulayıb edib ki, onların hərəkət sürəti müxtəlif texniki vasitələr, müşahidə kameraları, eləcə də patrul avtomobilləri tərəfindən izlənilir və qeydə alınır.