Yollarda yük avtomobillərinin yaratdığı təhlükələr – Ekspert və DYP-dən AÇIQLAMA

Gündəm 24 Aprel 2024 19:30 Oxunub 568
Yollarda yük avtomobillərinin yaratdığı təhlükələr – Ekspert və DYP-dən AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son zamanlar yollarda yük avtomobillərinin qəzalarının sayı çoxalıb. Ağır çəkiyə malik olan bu avtomobillərin yük yeri dolu olanda isə qəzalar daha faciəvi sonla nəticələnir. Belə hadisələrdən biri də ötən həftələrdə “Koroğlu” metrosunun yaxınlığında qeydə alınmışdı. Yük maşının çənindəki bitum yola dağılmışdı. Daha bir hadisə aprelin 18-də Binəqədi-Balaxanı şosesi, Əliçıraq məsçidinin qarşısında baş vermişdi. Yük avtomobili aşaraq sıxlığa səbəb olmuşdu. Həmçinin iki nəfər xəsarət almışdı. Dünən isə Bakı-Quba yolunda yük avtomobili yolun kənarındakı dəmir maneələrə çırpılmışdı.

Bəs ümumiyyətlə yük avtomobilləri yollarda hansı təhlükələr yaradır? Bu təhlükələrin qarşısı necə alınmalıdır?

Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Rövşən Həsənov bildirib ki, statistikaya görə iri qabaritli yükdaşıma ilə məşğul olan nəqliyyat vasitələrinin sayı çoxalmaqda davam edir: “Bu avtomobillərin paytaxta giriş-çıxışına məhdudiyyət qoyulub. Lakin kənar magistral yollarda qəzaların sayında artım müşahidə olunur. Xarici təcrübəyə müraciət etdikdə, yük avtomobilləri əksər hallarda ildə bir dəfə yox, hər 10 gündən bir texniki baxışdan keçirilir. Burada yuxusuzluq və yorğunluq da kifayət qədər rol oynayır. Xüsusilə də uzun məsafə qət edən sürücülərdə diqqətsizlik, sürət həddini aşma və yorğunçuluq nəzərə çarpır. Düşünürəm ki, iş saatı nəzərə alınmalıdır. Qanunvericilikdə hər bir sürücüyə avtomobili idarə etmək üçün müəyyən saat məhdudiyyəti tətbiq olunmalıdır. Yəni, sadaladığım amillər nəzərə alınmadıqda, yükdaşıma ilə məşğul olan iri qabaritli nəqliyyat vasitələrinin törətdiyi qəzalar, onun fəsadları artmaqda davam edəcək”.

Mövzü ilə bağlı Avtosfer.az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı polis leytenantı Elvin Hacıyev bildirib ki, idarə tərəfindən yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə mütəmadi olaraq müraciətlər olunur: “Lakin təəssüflə bildirmək istərdim ki, olunan tədbirlərə, görülən işlərə baxmayaraq, bu gün bəzi yükdaşıma fəaliyyəti ilə məşğul olan sürücülər yol hərəkəti qaydalarına qarşı qeyri-ciddi və biganə yanaşırlar. Bu da arzuolunmaz, xoşagəlməz yol nəqliyyat hadisələrinin baş verməsinə gətirib çıxarır. Dəfələrlə həmin sürücülərə media subyektləri vasitəsilə, eləcə də sosial şəbəkə seqmentləri vasitəsilə bildirilib ki, yükdaşıma qaydalarını pozmasınlar, yol hərəkəti qaydalarına qarşı tam ciddi şəkildə yanaşsınlar. Onlar nəzərə almalıdırlar ki, yükdaşıma qaydaları pozulduğu zaman nəqliyyat vasitəsinin idarə olunmasına da maneçilik yaranır. Həmçinin bu yol infrastrukturunun dağılmasına da səbəb olur. Bəzən isə sürücülər nəqliyyat vasitələrini yorğun, yuxulu halda idarə edirlər ki, nəticədə yol-nəqliyyat hadisələrinin baş verir. Yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslər idarə etdikləri nəqliyyat vasitələrində daşıdıqları yükün qablaşdırılmasına xüsusi şəkildə diqqət yetirməlidirlər. Sürücülərlə mütəmadı olaraq Dövlət Yol Polisinin stasionar postlarında görüşlər keçirilir. Onlara hər zaman qaydalara tam ciddi şəkildə riayət etmələri tövsiyə edilir”.

Məhəbbət Tərlanoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh