Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS

Yol kənarında avtomobillərin düzgün saxlanılmaması həm hərəkətə mane olur, həm də qəza riskini artırır. Xüsusilə görünüşün məhdud olduğu ərazilərdə, döngələrdə və hərəkətin intensiv olduğu yollarda bu cür avtomobillər digər sürücülər üçün ciddi təhlükə yarada bilər.
Avtosfer.az xəbər verir ki, sürücülərin məcburi və ya qısa müddətli dayanma zamanı təhlükəsiz yer seçməsi, eləcə də yol kənarında düzgün park edilməyən avtomobillərdən keçərkən diqqətli olması vacibdir.
Mövzu ilə bağlı qəza əleyhinə sürücülük kurslarının məşqçisi Aqil Rəhimov Avtosfer.az-a açıqlamasında bildirib ki, sürücülər bəzən nəqliyyat vasitələrini təhlükəli yerlərdə saxlayır və bu zaman “dayanma” ilə “durma” anlayışlarını qarışdırırlar:

"Halbuki bu iki anlayış arasında fərq var. Dayanma yalnız sərnişinlərin mindirilib-düşürülməsi, həmçinin yüklərin yüklənməsi və boşaldılması məqsədilə nəqliyyat vasitəsinin hərəkətinin dayandırılmasıdır. Bu hallardan kənar nəqliyyat vasitəsinin saxlanılması isə durma hesab olunur. Məsələn, avtomobildə dostunu gözləmək, nəqliyyat vasitəsini bir dəqiqə, yarım saat və ya bir neçə saatlıq tərk etmək durma sayılır. Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmayıbsa, nəqliyyat vasitələri yolun sağ tərəfində, yol çiyinində saxlanılmalıdır. Şəhər daxilində yol çiyini olmadıqda isə nəqliyyat vasitələri hərəkət hissəsinin sağ kənarında bir cərgə üzrə dayana bilərlər. Yalnız yan qoşqusu olmayan motosiklet, moped və velosipedlər iki cərgədə dayana bilərlər. Minik və yük avtomobillərinin ikinci cərgədə saxlanılması qadağandır və təhlükəlidir. Bundan başqa, bir sıra yerlərdə dayanmaq qadağandır. Məsələn, dəmir yolu keçidlərində nəqliyyat vasitəsini saxlamaq olmaz. Piyada keçidlərinə 5 metrdən az məsafədə də dayanmaq qadağandır. Həmçinin keçiddən sonrakı hissədə də avtomobili elə saxlamaq olmaz ki, piyadaların və sürücülərin qarşılıqlı görünüşünə maneə yaransın. Çünki dayanmış avtomobil piyadaların yaxınlaşan nəqliyyat vasitələrini, sürücülərin isə piyadaları görməsinə mane ola bilər".
Aqil Rəhimov qeyd edib ki, ikitərəfli yolda hərəkət hissəsinin ortasında 1.1, 1.3 və ya 1.11 bütöv nişanlama xətti olduqda da müəyyən hallarda dayanmaq qadağandır:
"Əgər avtomobilin sol güzgüsündən həmin bütöv xəttə qədər məsafə 3 metrdən azdırsa, burada nəqliyyat vasitəsini saxlamaq olmaz. Çünki bu halda digər avtomobillərin qaydalara uyğun şəkildə hərəkət etməsinə maneə yarana bilər. Təhlükəli döngələrdə də dayanmağa icazə verilmir. Əgər əyri yolun görünmə məsafəsi 100 metrdən azdırsa, həmin hissədə və döngəyə 100 metrdən yaxın məsafədə dayanmaq qadağandır. Avtobus dayanacaqlarında da nəqliyyat vasitələrinin saxlanılması qadağandır. 5.12 və 5.13 nişanları və ya avtobus dayanacağını göstərən sarı nişanlama xətləri olduqda, həmin yerlərdən 15 metrdən az məsafədə dayanmaq olmaz. Bu qaydaların hər biri yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır. Durma ilə bağlı qaydalar isə daha genişdir. Dayanmanın qadağan edildiyi bütün yerlərdə durmaq da qadağandır. Bundan əlavə, yaşayış məntəqələrindən kənarda yol çiyini olmadıqda nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində durmasına icazə verilmir. Sürücülər belə hallarda yol çiyini olan təhlükəsiz yer seçməlidirlər. Hərəkət hissəsində durmaq digər nəqliyyat vasitələri üçün ciddi təhlükə yarada və qəza riskini artıra bilər. Magistral yollarda xüsusi olaraq bunun üçün icazə verilmiş və istirahət üçün nəzərdə tutulmuş yerlər istisna olmaqla, digər hissələrdə durmaq qadağandır. Dəmir yolu keçidlərinə 50 metrdən az məsafədə də durmaq olmaz. Bunun əsas səbəbi digər sürücülərin qatarı vaxtında görməsinə maneə yaranmasının qarşısını almaqdır. Binaların, ərazilərin və digər obyektlərin giriş-çıxışlarını bağlayacaq şəkildə avtomobil saxlamaq da qadağandır. Həm minik, həm də yük avtomobillərinin sürücüləri darvaza və girişlərin qarşısında durmamalıdırlar. Nəqliyyat vasitəsinin məcburi dayanması zamanı isə sürücü qəza dayanma nişanını, yəni qəza üçbucağını yerləşdirməlidir. Bu nişan avtomobildən ən azı 30 metr məsafədə qoyulmalıdır. Hərəkətin intensiv olduğu hallarda isə üçbucaq digər sürücülər tərəfindən daha yaxşı görünməsi üçün şəraitə uyğun məsafədə yerləşdirilə bilər. Zərurət yarandıqda onun avtomobilin üzərində daha görünən yerdə yerləşdirilməsi də mümkündür".
Fatimə
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"










