YPX postlarında sürücülərə təhlükə yaradılır - FOTOLAR
Bugünlərdə oxuculardan biri maraqlı sualla Avtosfer.az saytına müraciət edib. Sual belə idi: «Rayonlararası postlarda YPX 2 zolaqlı yolun 1 zolağını bağlayır. Bu, hansı qanunla tənzmlənir?». Mövzu çox maraqlıdır və biz artıq həmin oxucuya qısaca cavab vermişik. Lakin aktual bir mövzu olduğu üçün məsələyə bir qədər geniş yanaşmalı olduq. Məsələ burasındadır ki, həqiqətən də Dövlət Yol Polisinin (DYP) stasionar postlarında vəziyyət heç də ürəyaçan deyil. Dəmir və ya plastik maneələrlə yolun hərəkət hissəsi bağlanır. Bəzən 4 zolaqlı yolu daraldıq 2 zolağa endirirlər. Bəzən isə bir zolaq boş saxlanılır. Bu isə sürücülər üçün problem yaradır. Həm sıxlıq yaranır, həm də darısqal yoldan keçmək əlavə çətinlik yaradır. Bəzən də belə olar ki, yol polisləri çıxıb o darısqal yolun elə yerində dayanırlar ki, az qalırsan maşınla vurasan, ya da düşüb deyəsən ki, xahiş edirəm, çəkilin, keçib gedək. Bəs görəsən bu məmələ qanunda necə tənzimlənir? Yol polisi postlarda yolu bu qədər sıxmaqla nə etmək istəyir? Belə halda yolda hərəkət intensivliyi azalırmı? Və ümumiyyətlə, postlarda yolu daraltmağın kökündə nə dayanır? Yəni, məqsəd nədir. Yol şərəkəti üzrə ekspert Ərşad Hüseynov Avtosfer.az-a bildirdi ki, əslində, yol polisinin bu addımı zərurətdən irəli gəlir. Amma burada çatışmazlıqlar da var: «Ölkəmizin yollarında yol-patrul xidmətinin stasionar postları 60-70 il bundan əvvəl peyda olub. Düzdür, dövlət müstəqilliyinin bərpasından sonra yollarımızda DYP postları xeyli azaldıldı. Amma respublika və beynəlxalq əhəmiyyətli yollarımızda DYP-nin xeyli stasionar postu mövcuddur. Ölkəmizdə avtomobil sayının artmasından sonra belə postlardan bəziləri maneə xarakteri alıb. Çünki həmin postlarda bəzən hərəkət hissəsi qismən bağlanaraq yol daraldılır».
Ekspert hesab edir ki, «Yol hərəkəti haqqında» Qanunda sürücünün YPX postunda və ya ona yaxın ərazidə xüsusi qaydada hərəkət etməsinə dair hər hansı müddəa yoxdur. Bu da başadüşüləndir: «Ümumiyyətlə, texniki nəzarət vasitələri inkişaf etdikcə bu tipli nəzarətə ehtiyac azalır. Təsadüfi deyil ki, inkişaf etmiş ölkələrin əksəriyyətində yol polisi postuna rast gəlinmir və belə anlayış da yoxdur».
Yeri gəlmişkən, ölkəmizdə YPX postlarının fəaliyyəti Daxili İşlər Nazirliyinin təsdiq etdiyi «Yol-patrul xidməti haqqında» Təlimatla tənzimlənir. Həmin Təlimatda hər bir stasionar postun nəqliyyat vasitəsinin məcburi saxlanılması üçün texniki vasitələrlə təchiz edilmiş olması göstərilir. Lakin nə həmin Təlimatda, nə də başqa qanunvericilik aktlarında YPX postunda yolun qismən bağlanması və hərəkətin məhdudlaşdırılması nəzərdə tutulmur. Ərşad Hüseynov deyir ki, postda xidmət edən DYP əməkdaşları həmin məcburi saxlanılma vasitələrindən yalnız buna zərurət olduqda, konkret hallarda konkret nəqliyyat vasitələrinin barəsində istifadə etməlidirlər: «YPX-nin bəzi postlarında həmin texniki vasitələrin köməyi ilə yolun qismən daraldılması postda xidmət edən əməkdaşların oradan keçən nəqliyyat vasitələrini daha rahat və təhlükəsiz müşahidə edə bilmələri üçün edilir. Belə edilməsə, postun ərazisindən nəqliyyat vasitələrinin sürətlə keçməsi həm DYP əməkdaşları üçün təhlükəli olar, həm də nəzarətin aparılması qeyri-mümkün olar».
Ölkəmizdə yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında YPX postlarının mühüm əhəmiyyəti var. Sərxoş sürücülərin, texniki nasazlığı olan nəqliyyat vasitələrinin, axtarışda olan nəqliyyat vasitələrinin və başqa bu kimi ciddi problemləri olan sürücülərin və nəqliyyat vasitələrinin əksəriyyəti məhz bu postlarda aşkar olunur. Yollarımızda intizamsızlığın hazırkı səviyyəsində YPX postlarının həm də mühüm profilaktik əhəmiyyəti var. Sürücülərin xeyli hissəsi YPX postlarında ifşa olunacağından qorxaraq sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməkdən çəkinirlər, təhlükəsizlik kəmərlərindən istifadə edirlər, sərnişindaşıma və yükdaşıma qaydalarına riayət edirlər və s.
Amma ekspert də deyir ki, YPX postlarında xidmət elə təşkil olunmalıdır ki, hərəkət iştirakçılarına hər hansı lazımsız maneə yaradılmasın. Buna görə də, məsələn, hərəkətin intensiv vaxtı YPX postlarında yolun daraldılmasına yol verilməməlidir. Əks təqdirdə həmin postun yaxınlığında tıxac yaranması qaçılmaz olacaq.
Elməddin Muradlı