Yüksək standartlı yolun standartlara uyğun olmayan cəhətləri – VİDEO

Gündəm 2 Fevral 2016 15:18 Oxunub 1819
Yüksək standartlı yolun standartlara uyğun olmayan cəhətləri – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Yola bu qədər xərc çəkilib. İşin ən ağır hissəsi sona çatıb"

Ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması işi, yeni yolların salınması, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması ilə bağlı layihələr uğurla davam etdirilir. Ölkə başçısı İlham Əliyev regionların sosial-iqtisadi inkişafı proqramının uğurla yerinə yetirilməsində ilk növbədə müasir tələblərə cavab verən yolların mühüm əhəmiyyət kəsb etdiyini vurğulayır. Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhəd avtomobil yolunun 2-ci texniki dərəcədən 1-ci texniki dərəcəyə yüksəltmək məqsədilə aparılan işlər də ölkədə yol infrastrukturunun yaxşılaşdırılmasına hesablanıb. Artıq yolun Hacıqabul-Yevlax hissəsi də 4-zolaqlı olmaqla avtomobillərin rahat və təhlükəsiz hərəkətinə şərait yaradır. Lakin magistralın bu hissəsində yol nişanları və yolkənarı ticarətlə bağlı nöqsanlar sürücülərin yollarda hərəkətin tənzimlənməsinə cavabdeh olan DYP əməkdaşları ilə haqlı mübahisələrinə səhnə olur. 

Avtosfer.az kəpəztv-yə istinadən xəbər verir ki, Hacıqabuldan Yevlaxa qədər olan təxminən 176 km-lik avtomobil yolunun Kürdəmirə qədərki 88 kilometr hissəsi 4-zolaqlı olmaqla tam istifadəyə verilib. Kürdəmirdən Yevlaxa qədər olan hissə də 1-ci texniki dərəcəli olmaqla yenilənib və istifadədədir. Baxmayaraq ki, yol tam təhvil verilməyib. Bax elə yolun tam olaraq istifadəyə yararlı olmamasının çanağı da gəlir sürücülərin başında çatlayır. Belə ki, yolun hərəkəti tənzimləyən nişanlar, cizgi xətlərindən məhrum olması sürücüləri DYP əməkdaşları ilə üz-üzə qoyur. Yollarda hərəkəti nizamlamalı olanlar bu boşluqdan istifadə etməyə, sükan arxasındakılarsa haqlılığını sübut etməyə çalışırlar.

"Yol Hərəkəti Haqqında" Azərbaycan Respublikasının Qanununun 61-ci maddəsinə əsasən, yol nişanları 7 qrupdan ibarət olmaqla xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat lövhəciklərindən ibarət olmalıdır. Kürdəmirdən Yevlaxadək yeni təmir edilən yolda isə bu kimi yol nişanları təmirdən əvvəl və ya təmir vaxtı qoyulanlardır, yeniləri isə demək olar ki, gözə dəymir. Müşahidələr onu göstərir ki, tələblərə cavab verməyən yol tənzimləyiciləri, hətta bu kimi sürət həddini müəyyən edən nişan da məhz Kürdəmirdən Yevlaxadək olan yolun üzərində mövcuddur. Daha maraqlısı isə magistralda qanunvericiliyin tələblərinə heç bir halda cavab verməyən yol nişanlarıdır ki, bu kimi yol nişanları yollarda onlarladır. 

Qanunvericiliyə görə, yollarda yol nişanları yaşayış məntəqələrindən kənar olan yolların qırağında - 1,5 - 2,2 metr, eyni ilə yaşayış məntəqələrində - 2-4 metr, yolun hərəkət hissəsinin üstündə isə 5-6 metr təşkil etməlidir. Məhz magistralın bu hissəsində qanunvericiliklə tənzimlənən yol nişanlarının necə gəldi mövcudluğu diqqətdən kənarda qalmır. Yol verilən sürət həddini müəyyən edən cihazlardan başqa. Amma burada da əmmasız ötüşmək mümkün deyil.   

Magistralın Kürdəmir rayonu ərazisindən keçən hissəsində sürət radarı quraşdırılsa da, yenə də yolun sağ və sol hissəsində sürəti müəyyən edən hər hansı bir yol nişanı qoyulmayıb. Ödənişli xidmət sayılan evakuatorun reklam lövhəsindən başqa.

Sadalanan çatışmazlıqlar isə təbii ki, sürücülərin əleyhinə, DYP-çilərin lehinə işləyən bir haldır. Nəticə isə belədir: yeri gəldi-gəlmədi yazılan cərimə, protokollar və sürücülər arasında yaradılan narazılıq".

Elşən İsmayılov - sürücü: "Yola bu qədər xərc çəkilib. İşin ən ağır hissəsi sona çatıb. Gəlib baxanda görürsən ki, yol nişanları yerində deyil, sürət radarları quraşdırılıb qeyri-müəyyən yerlərdə. Fikirləşəndə ki bu cür elementar işləri kim necə gəldi görür, onda adamın əsəbləri də pozulur, yolun çəkilməsi üçün xərclənən pula da heyfi gəlir".

Malik Piriyev - sürücü: "Qabaqda saxlayıblar, sürəti göstərən yol nişanı yoxdur, 90-la keçmişəm, götürdü yol polisi protokol yazdı. Nəyə görə? Yol nişanı olsa idi, sürət həddimizi bilərdik".

Məsələyə münasibət öyrəndiyimiz "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətindən verilən məlumatda məlum olur ki, yol istifadədə olsa da tam olaraq təhvil verilməyib. Elə lazımi nişanların durmalı olduğu yerdə yoxluğu da bununla bağlıdır. Neqativ halın yaratdığı problemlərin həlli istiqamətində isə tədbirlər görülür. 

Anar Nəcəfli - "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi: "Bakı-Qazax dövlət sərhəd avtomobil yolunun Kürdəmir-Yevlax hissəsinin ümumi uzunluğu 87. 8 kilometridir. Burada layihəyə uyğun olaraq harada yol nişanları nəzərdə tutulub, yol cizgi xətləri və digər avtomobillərin hərəkəti üçün nəzərdə tutulan yol nişanları layihə çərçivəsində təmin olunacaq. Hazırda adıçəkilən yolda son tamamlanma işləri həyata keçirilir və işlər tam yekunlaşdıqdan sonra orada müasir yol infrastrukturu şəkilində istifadəyə veriləcək. Yəni yol nişanları, yol cizgi xətləri yerində olacaq".

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən də oxşar açıqlama verilib. İdarənin şöbə rəisi Kamran Əliyevin sözlərinə görə, Kürdəmir-Yevlax yolundakı köhnə və təmir vaxtı qoyulan nişanların yenilənməsi həyata keçirilir. Yol tam olaraq təhvil verildikdə bütün nişanlar yerində olacaq. Ona qədər isə sürücülərlə polisin yuxarıda qeyd etdiyimiz formada təmasları, yəqin ki, qaçılmaz olacaq. Təbii ki, yol hərəkəti qaydaları barədə tam məlumatlı olanlar bu vəziyyətdən itkisiz çıxa biləcəklər. Avtomagistralın həmin ərazidən keçən hissəsində yol hərəkəti qaydalarının pozulması həm də yol kənarlarında kənd təsərrüfatı məhsullarının satışının həyata keçirildiyi piştaxtaların olması ilə bağlıdır. Mövsümdən asılı olmayaraq yol təhlükəsizlik zolağını zəbt edərək satış həyata keçirənlərə, deyəsən, "gözün üstə qaşın var" deyən yoxdur. Əgər var olsa belə, bu bir yolunu tapmaqla həll edilir ki, avtomobillərin də müəyyən hadisələr zamanı yol kənarlarında təhlükəsiz formada dayanması məhdudlaşır. Sürücülər, elə satıcıların özü üçün də təhlükəli olan bu halı magistralın üzərindəki körpülərdə balıq satışı ilə də müşahidə etmək olar. Hətta çəkiliş aparıldığını görüb qanuni və ya qanunsuz yolla ovlanan dovşan və quşları əlinə alıb qaçan yeniyetməni də. Baxmayaraq ki, avtomobil yolları haqqında qanunda aydın şəkildə göstərilir ki, ümumi istifadədə olan avtomobil yollarının hər iki tərəfində 30 metr məsafədə nəqliyyat vasitələrinin normal və təhlükəsizlik hərəkətinə mane olan ticarət və digər sahibkarlıq fəaliyyəti qadağandır, Kürdəmirdən Yevlaxa və ya əks istiqamətə gedərkən bunun tam əksini müşahidə etmək mümkündür. Görünür, nəzarət tədbirlərinin qanuna uyğun şəkildə aparılmaması belə halın hələ də davam etməsinə şərait yaradır.   

Ümumiləşdirərək qeyd etməyə dəyər ki, müasir tələblər səviyyəsində, təhlükəsiz və rahat hərəkət üçün şərait yaradılan yol bilərəkdən və ya diqqətsizlikdən sürücülər üçün süni maneələrin yaranmasına yol açır. Görünür, yol tam olaraq təhvil alınanadək belə mənzərə hökm sürəcək. Odur ki, magistralın adıçəkilən hissəsindəki çatışmazlıqlar səbəbindən baş verə biləcək xoşagəlməz hallardan, qəzalardan və yol polisinin cərimələrindən sığortalanmaq qalır sürücülərin öhdəsinə. Belə vəziyyətdən yararlanmağa çalışanlara insaf, çıxmağa çalışanlara səbr diləyi ilə...

ŞƏRH YAZ
Ad

E-mail

Şərh