Zəfər yolunun başladığı müqəddəs gün - 27 Sentyabr
12 iyul 2020-ci il... Səhər saatları... Azərbaycanın sosial media seqmentində durğunluqdur...
Ölkə sərt karantin rejiminin psixoloji və mənəvi çətinliklərinə köklənib. Cəmiyyət hər gün koronavirusdan ölənlərin statistikasını izləyib, “inşallah, bəlkə bir neçə günə düzələr” ümidləri ilə televiziyalara zillənirdi. Bir neçə gün əvvəl karantin qaydalarının tələblərini pozan iaşə müəssisələrinin sahibləri saxlanılmışdı. Bu hadisədən bir neçə gün əvvəl Operativ Qərargahın brifinqində Azərbaycanda sərt karantin rejiminin bir ay daha uzadılıması barədə məlumat yayıldı. Əhalinin bütün diqqəti koronavirus səbəbilə ölən yaxınlarında, məşhurlarda idi. Sərt karantin dövrünə keçidin ilk aylarında mediada bir məlumat yayıldı: Ermənistan ordusu Bakı-Tbilisi-Ceyhan boru kəmərinin Tovuz rayonu yaxınlığından keçən hissəsində təxribata cəhd edib. Bu hadisə dövlət idarələrində ciddi siqnalın carçısı idi. Azərbaycana qarşı təhdid formalaşırdı.
12 iyul 2020-ci il... Saat 12:30... Ermənistanın “Telegram” kanalları Azərbaycan ordusunun Tovuz rayonu istiqamətində təxribatlara cəhd etməsi ilə bağlı yalan məlumatlar paylaşmağa başlayır. Bir neçə saat sonra artıq cəbhədən atışma xəbərləri gəlir. Axşam saatlarında ordumuzun 3 hərbçisinin şəhid olması ilə bağlı Müdafiə Nazirliyi rəsmi açıqlama verir.
13 iyulda Ermənistan artilleriyası toplarla Tovuzun Dondar Quşçu və Ağdam kəndlərini də atəşə tutmağa başladı. Döyüşlər daha da intensivləşir. Ermənistana məxsus sosial media subyektləri Azərbaycan Ordusunun çoxsaylı itkilərinin olması barədə saxta məlumatlar yayır. Həmin gün bir baş leytenant və 2 mayorumuzun şəhid olması ilə bağlı rəsmi açıqlama verilir.
14 iyul 2020-ci il... Günorta saatları... Azərbaycanın sosial media seqmenti dəhşətli xəbər yayır. Azərbaycan 1 nəfər general-mayor və polkovnik şəhid verib. Xəbər saytları Müdafiə Nazirliyinin yayılan məlumatı təsdiqləməsini gözləyir və hər kəs dörd gözlə gözləyir və... Bir neçə saat sonra nazirlik ölkəni silkələyən xəbəri təsdiqləyir... General-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev, eləcə də digər 5 hərbçimiz şəhid olub. Bu xəbər Azərbaycan xalqının, səbrini ürəyinə basdırıb torpaqlarının azadlığı uğrunda mübarizəyə qalxmaq əzmi ilə 30 ilə yaxın gözləməli olan toplumun, daha dəqiq desək, şirin pəncəsini düşməninin ağzının üstünə qoymaq vaxtının çatmasını işarə edirdi. Belə də oldu. Xalq ayağa qalxdı. Küçələrdə iki-iki, dörd-dörd toplaşaraq Milli Məclisin önünə toplanan camaat, artıq Şəhidlər Xiyabanının qarşısında minlərlə olmuşdu. Bu minlərin iki arzusu vardı. İntiqam və işğal altında qalan torpaqların azadlığı.
1 gün sonra dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək belə bir dövrdə birlik və bərabərlik nümayiş etdirdiklərinə görə Şəhidlər Xiyabanına toplaşan vətənpərvərlərə öz təşəkkürünü bildirdi. Prezidentin yürüşlə bağlı nitqindən:
“Bizim ordumuzun uğurlu əməliyyatı və əldə edilmiş nəticələr, hərbi qələbə, əlbəttə, təbii olaraq Azərbaycan ictimaiyyətində ruh yüksəkliyi yaratdı, xalqımızı coşdurdu. Bayaq dediyim kimi, mənə ünvanlanan məktublarda gördüyümüz işlərə tam dəstək ifadə olunur. Dünən bir qrup vətənpərvər insan bu işlərə öz münasibətini bildirmək, Azərbaycan Ordusuna və Ali Baş Komandan kimi mənə öz dəstəyini ifadə etmək üçün Şəhidlər xiyabanına üz tutdu. Mən bu vətənpərvər addımı alqışlayıram. Mənə verilən məlumata görə, bu insanlar uzun məsafəni piyada qət edib və Şəhidlər xiyabanına gedən müddət ərzində vətənpərvər şüarlar səsləndiriblər - mənim haqqımda, ordumuz haqqında, xalqımız haqqında, Qarabağ haqqında. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vura bilir. Bu, xalq-iqtidar birliyini göstərən daha bir mənzərə idi”.
Ölkə başçısının xalqa müraciətindən sonra bütün ölkənin sanki qulağı bir xəbəri eşitmək istəyirdi: Uzun illərdir işğal altında olan torpaqların azadlığı uğrunda döyüşlər başlayır. Doğrudur, Azərbaycan dövlətinin mövqeyi hər zaman torpaqlarımızın sülh şəraitində qaytarılması olub. Lakin Prezident İlham Əliyev bu mövzuda bütün çıxışlarında qeyd edib ki, Azərbaycan öz torpaqlarını azad etmək üçün hərb yoluna əl atmaq hüququna sahibdir.
Və həmin gün yetişdi. 27 sentyabr 2020-ci il... Azərbaycanı zəfərə aparan yolun başlanğıcı... Vətənin bütövlüyü uğrunda döyüşlər başladı. Xalq öz bütövlüyünü sübut etdi, döyüşlərin başlanması xəbərini eşidər-eşitməz, hər kəs əlinə 1 yeşik alma, 1 qutu corab, birdəfəlik istifadə edilən üzqərxan bağlamaları, 1 kaset su alıb cəbhəyə yollanan, üzərində “ADAMLAR” yazılı hərbi avtomobillərini arxasınca qaçdı. Əhali əlindəki bütün vasitələrlə orduya dayaq olmağa çalışırdı. Kimi həyətində bişirdiyi kababı çörəyin arasına doldurur, kimi kampaniyalar başladıb digər ərzaqla, kimi əsgərimizə güllə dəyməsin deyə təkər şinləri ilə təmin etməyə çalışır... Kiminin də duası Ordumuzla birgə addımlayırdı.
27 sentyabr Azərbaycanın ən yeni tarixinin ilk səhifəsi oldu. Ordumuzun, şəhid və qazilərimizin, xalqımızın yazdığı “Ən Yeni Tarix” kitabı – 27 sentyabrda bəzi istiqamətlərdə azad edilən kəndlərin xəbərləri ilə başladı. Zəfərə addım-addım yaxınlaşdığımız bu yolda şəhidlər verdik, bu yolda neçə-neçə ananın, atanın, bacının, qardaşın, oğulun, qızın gözü yaşlı qaldı. Bu yolda bu xalqın hər bir fərdini təxribata çəkmək cəhdləri oldu. Döyüşlərin ortasında ölkəmizin “Talış” bölgəsindəki əhaliyə qarşı fərqli, şimal bölgəsində yaşayanlara qarşı fərqli təxribatlara əl atan “sapı özümüzdən olan baltalar” sığındıqları düşmən ocağından çığırmağa başladı. Amma bu millət, bu xalq, o gün artıq “azərbaycanlı” sözünün nə demək olduğunu bilirdi. Onun qarşısına çıxan bütün düşmənləri bu ad önündə necə diz çökdürəcəyini öyrənmişdi.
Vətən müharibəsi bu millətə qoynundakı tanımadığımız, lakin ürəyindən qanı ilə bütün bədəninə Azərbaycan eşqi yayılan, bütün düşüncələri bu millətin, bu dövlətin birliyindən ibarət olan övladlarını da tanıtdı. Poladları, İlqarları, Cəbrayılları, Xudayarları öyrətdi bu müharibə bizə. Biz elə etməliyik ki, onların bizə öyrətdikləri bizdən sonra gələcək nəsillərə əvəzsiz miras kimi ötürülsün, unudulmasın.
Zəngilanın azad edilməsi zamanı rayonun Ağbənd qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olan və şəhid olmazdan 2 gün əvvəl döyüşlərdən çəkdiyi videosunda “Vətən yaxşıdır” mahnısını oxuması ilə tanıdığımız gizir Xudayar Yusifzadənin anası Radə Qurbanova Avtosfer.az-a müsahibə verərkən deyib ki, Azərbaycanın ərazi bütövlüyündə canından keçən şəhid oğullarımız özlərinin bu dövlətlə, bu xalqla bağlı arzularını şəhid olduqları torpaqlarda əkib qanları ilə suladılar.
“Bunun nəticəsidir ki, bu gün Azərbaycanın xəritəsi tamamlanıb. Torpaqlarımız tamamilə azaddır və bu torpaqlarda bu gün abadlıq, quruculuq işləri aparılır. Şəhid olan bütün övladlarımızın simasına diqqət etsək görərik ki, sanki bu igidlər eyni atanın, eyni ananın tərbiyəsini alıblar. Sanki Allah bu oğulları bir ailədə böyüdüb. Hamısı idman cüssəli, qeyrətli, tərbiyəli, ürəyində Vətən sevgisi, eyni zamanda yaraşıqlı... Sanki Allah öz əllərilə eyni vaxtda hamısına eyni xüsusiyyətləri ötürüb. Biz onların azad etdikləri torpaqları göz bəbəyimiz kimi qorumalıyıq. Bundan ötrü gəncliyin bu mövzuda inkişafı daim diqqətdə saxlanmalıdır. Dövlət bu istiqamətdə davamlı addımlar atır. Dövlət məktəblərində məhz şəhidlərlə, bu xalqın başına düşmənləri tərəfindən gətirilən faciələrlə bağlı vaxtaşırı tədbirlər keçirilir. Mən bu ənənənin özəl tipli təhsil müəssisələrində də davam etdirilməsini istəyərdim. Vətən müharibəsi şəhidlərinin əksəriyyəti uşaqlıq və yeniyetməlik dövründən valideynlərindən birini itirib. Evdə ya ata olub, ya ana olub, ya ev olub dolanışıq olmayıb. Bu oğullar bu şəraitdə böyüyüb. Lakin həmin igidlər bu qədər məhdudiyyətlər, itkiləri gözardı edib torpaq sevgisilə böyüyüb Vətənin zəfərini öz qanları ilə, qızıl hərflərlə yazdılar. Azərbaycanda dövlətin hərb sahəsinə və hərbçilərə diqqət və qayğısı göz önündədir. Lakin bəzən vətəndaşlar arasından kimlərinsə hərbçilərə, qazilərə, şəhid yaxınlarına etinasız yanaşmasını gördükdə təəssüflənirəm.
27 Sentyabr təkcə ordunun deyil, xalqın ordu ilə birgə addımlarının günüdür. Biz həmin gün necə Azərbaycanın ərazi bütövlüyü uğrunda birlik olmuşduqsa, şəhidləri anma günündə 10 il, 20 il, 100 il sonra da birlik olmalıyıq. Birlik olmalıyıq ki, bu vətən uğrunda canını ortaya qoyanların yadigarları, yaralı qalmış doğmalarının yaralarına birgə məlhəm olaq. Biz övladlarımızı elə ruhda böyütməliyik ki, onlar bu Vətənin oğlu olduqlarını, bu vətəni qorumalı olduqlarını heç vaxt unutmasınlar”.
Radə Qurbanova sonda vurğulayıb ki, bu igidlərin canlarında elə bir şücaət vardı ki, bu oğullar elə böyüklükdə vətənpərvər ruhda böyümüşdülər ki, canlarını verdilər, yaralandılar, amma geri çəkilmədilər, yaralı, şəhid yoldaşlarının düşmən əlinə keçməsinə icazə vermədilər.
Azərbaycan igidlər diyarıdır. Bu xalq hər zaman düşmənlərinə qarşı öz içindən qəhrəmanlar yetişdirməyi, Vətən eşqini qanında, canında el-el, oba-oba gəzdirməyi, məsuliyyət daşımağı bacarıb. Bu gün də bacarır. Sabah da Vətənin başı dara düşəndə, onun sorağına çatacaq Polad kimi, İlqar kimi komandirləri, 19 yaşında düşmən ordusunun yüksək çinli zabitini məhv edəcək gücdə Cəbrayılı, atasız böyüməyinə baxmayaraq gənclərə övladlıq nümunəsi ola biləcək Xudayarı, əlbət, olacaq.
Səfər Əlizadə