Reklam

Zəngəzur yoluna çıxa bilməyən İran – Tehran "qırmızı xətti"ni aşağı sürüşdürəcək

Gündəm 7 Sentyabr 2024 00:12 Oxunub 868
Zəngəzur yoluna çıxa bilməyən İran – Tehran "qırmızı xətti"ni aşağı sürüşdürəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Qırmızı xətt" dövlətin marağıdır. Bütün dövlətlər də bunu qorumağa çalışır. Çünki o, xəttə qarşı hücum təhlükəsizliyin təhdidi, onun pozulması deməkdir. Bir qayda olaraq hər dövlət təhlükəsizliyini öz sərhədləri daxilində reallaşdırır, "qırmızı xətt"in aşılmasına imkan vermir.

Bəs bu xətt pozulanda nə olur? Müharibə, qarşıdurma və s. baş verir.

Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bəzi ölkələrdəki hakimiyyətlər, rejimlər öz "qırmızı xətti"ni başqa dövlətin ərazisində, onun maraqlarına qarşı cızır. Bu davranış necə adlanır? Başqasının daxili işinə qarışmaq, beynəlxalq hüququn və münasibətlərin pozulması olaraq qiymətləndirilir.

Regional qlobal təhlükəsizlik bir-biri ilə əlaqəlidir.

Ermənistanın baş naziri Nikol Paşinyanın "Azərbaycanla bütün mübahisəli mövzuları, o cümlədən kommunikasiya məsələsini birbaşa danışıqlar yolu ilə həll etməyə hazırıq" deməsi ilə yanaşı, həmin nəqliyyat marşrutlarının xarici təhlükəsizlik xidmətinin mühafizə edəcəyinə dair açıqlamasına ən çox qıcıqlanan İran hakimiyyətidir.

Məsələyə münasibət bildirən İranın xarici işlər naziri Abbas Əraqçi "X" səhifəsində bildirib ki, regional sülh, təhlükəsizlik və sabitlik təkcə prioritet deyil, həm də ölkəsinin milli təhlükəsizliyinin sütunlarındandır: "Regional sülh, təhlükəsizlik və sabitlik təkcə prioritet deyil, milli təhlükəsizliyimizin sütunlarıdır. Şimaldan, cənubdan, şərqdən və ya qərbdən qonşularımızın ərazi bütövlüyünə hər hansı təhdid və ya sərhədlərin yenidən cızılması qəbuledilməzdir. Bu, İranın "qırmızı xətti"dir".

Anti-Azərbaycan çıxışları ilə tanınan İslam Respublikasının Ermənistandakı səfiri Mehdi Sübhani nazirindən qabağa gedərək "region araqarışdırıcısı" rolunu yenə oynayıb. O, Azərbaycanı nəzərdə tutaraq Zəngəzur yolunun açılması barədə deyib: "Bəzilərinin Sünikdən (Zəngəzur mahalını nəzərdə tutur- red.) keçən qondarma dəhlizlə bağlı arzu və istəkləri reallaşmayacaq. Qonşularımızın ərazi bütövlüyü bizim qırmızı xəttimizdir".

Nazir Əraqçi və səfirinin nəzərinə çatdıraq ki, təhlükəsizlik bütün dövlətlər üçün "qırmızı xəttdir". Regional təhlükəsizliyin təhdid edilməsi bir sıra hallarda qlobal anlamda problem yaradır. Məsələn, İranın Livanda "Hizbullah"ın, Yəməndə husilərin, Əfqanıstan və Pakistanda "Fatimiyun", "Zenəybiyun", İraqda "Həşdi-Şəbi" kimi proksi qüvvələri təkcə bir ölkənin, regionun deyil, həm də qlobal təhlükəsizliyi təhdid edir. Yaxud qonşu ölkələrin təhlükəsizliyi və ərazisinin qayğısını çəkən Tehran hakimiyyəti İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) xarici ölkələrdə fəaliyyət göstərən Qüds qoşununu niyə saxlayır? "Qüds" qoşunu İraq və Suriyada bir qayda olaraq həmin ölkələrin daxili işinə müdaxilə edir. Husi, HƏMAS, Hizbullahın İsrailə qarşı müharibəsini əlaqələndirir.

Region ölkələrinin təhlükəsizliyi və ərazi bütövlüyünü düşünən Tehran hakimiyyəti dünyanın siyasi xəritəsindən İsraili silmək üçün HƏMAS-a, Hizbullaha, husilərə və başqalarına milyonlarla dollar maliyyə vəsaiti xərcləyir.

Azərbaycan torpaqları Ermənistanın işğalı altında olanda, deyəsən, Tehranın qələmi qırılmışdı və o, "qırmızı xətti"ni cıza bilmirdi. Həmin illərdə İran rəsmiləri İrəvanı işğalçı və təcavüzkar fəaliyyətinə görə bir dəfə də olsun qınamadı, "müsəlman torpağı olan Azərbaycanın ərazi bütövlüyü bizim "qırmızı xəttimiz"dir" demədi.

İndi özünü müsəlmanların, məzlumların hamisi sayan Tehran hakimiyyəti Azərbaycanın təhlükəsizliyini pozmaq məqsədi ilə burada "beşinci kolon" yaradır, Xomeyninin inqilab doktrinasının yayılması, özünə tərəfdar toplamaqla məşğul olurdu. Görünür, qonşuların təhlükəsizliyi və ərazi bütövlüyü İransayağı belə təmin edilir.

Ərazi bütövlüyündən danışarkən İran Birləşmiş Ərəb Əmirliyi ilə üç ada məsələsini niyə həll edə bilmir? Əmirlik üç adanı - Əbu Musa, Böyük Tomb və Kiçik Tombu öz ərazisi sayır. İran hakimiyyəti əsasən, BƏƏ vətəndaşları olan sakinləri hərbi polis qüvvələri ilə adadan qovub, çıxarıb.

İran hakimiyyəti Ermənistanı Suriya, İraq, Yəmən, Livan və Fələstin sayaraq onun daxili işinə qarışır. Öz ərazisində yol açmaq, bağlamaq hər ölkənin daxili işidir. Yaxud götürdüyü öhdəliyə əməl etmək beynəlxalq hüququn başlıca prinsiplərindəndir. Odur ki, Zəngəzur yolunun açılması ilə bağlı rəsmi İrəvanın beynəlxalq öhdəliyi var. Onu yerinə yetirməyə borcludur. Bu halda isə onun suverenliyi və ərazi bütövlüyü pozulmur. Əraqçinin və təmsil etdiyi hakimiyyətin narahatlığına Ermənistan XİN başçısının müavini Mnatsakan Safaryan "yolu xarici özəl şirkət qoruyacaq, bu, ölkəsinin suverenliyini pozmayacaq" deməklə cavab verib. Bu həm də Zəngəzur yolunun açılmasının Ermənistanın ərazi bütövlüyünün pozulmayacağı deməkdir.

Ötən gün Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası üzrə fəaliyyət göstərən işçi qrupun əsasnaməsi erməni parlamentində müzakirə edilmədən təsdiqlənib. Bu da hər iki ölkənin ərazi bütövlüklərinin qorunacağı istiqamətində atılan addımlardandır.

Odur ki, Əraqçinin və onun səfirinin açıqlamaları yersiz, qanunaziddir. Onların çıxışlarından az qala belə çıxır ki, Ermənistanın ərazisi və rəsmi İrəvanın atacağı addımlara dair məsələlər İranla müzakirə olunmalıdır. İddiası təmin olunmayacağı halda İran Ermənistanla müharibəyə başlayacaq? Yoxsa, yolun təhlükəsizliyini hücumla təhdid edəcək? Bunları etməyə İranın cəsarəti çatmaz. Çünki bu, başqa bir ölkənin daxili işinə qarışmaqdır. Zəngəzur yolu Tehranın Cənubi Qafqazda fəaliyyətinə məhdudiyyət qoyacaq. Regiondakı atlarını Rüstəm Zal (sasanilərin ərəblərlə döyüşdən qaçan pəhləvanı) kimi geri çapmalı olacaq.

Zəngəzur yolunun açılması, fəaliyyət göstərməsi, təhlükəsizliyi İranın deyil, Azərbaycan və Ermənistanın "qırmızı xətti"dir. Ona görə bu istiqamətdə İran cızını bir az aşağı sürüşdürməli olacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh