Zəngilan istiqamətində mövqelərimiz atəşə tutuldu: Hərbçimiz yaralandı - VİDEO

Gündəm 12 Fevral 2024 17:39 Oxunub 5644
Zəngilan istiqamətində mövqelərimiz atəşə tutuldu: Hərbçimiz yaralandı   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Xəlilzadə Pərviz Ağakişi oğlunun düşmən tərəfdən odlu silahdan açılmış atəş nəticəsində yaralanması barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub. Avtosfer.az xəbər verir ki, bu barədə Hərbi Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Xəbərə görə, daxil olmuş məlumat əsasında Qubadlı hərbi prokurorluğunun işçiləri tərəfindən izahatlar alınmış, Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları ilə birlikdə müvafiq zəruri tədbirlər görülüb, hadisə yerinə baxış keçirilmiş və digər hərəkətlər icra edilib.

Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib: "Hazırda istintaq davam etdirilir, qanunvericiliyin və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

Allahdan hərbçimizə şəfa diləyirik".

***

Ermənistan Zəngilan istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutub, bir hərbçi yaralanıb. Avtosfer.az xəbər verir ki, fevralın 12-də saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb.

Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb.

Hərbi qulluqçu helikopterlə ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilib.

Baş vermiş hadisə, o cümlədən qarşı tərəfdən atəşin aşılması anı videomüşahidə kameraları vasitəsilə qeydiyyata alınıb.

Hazırda əməliyyat şəraiti sabitdir və bölmələrimizin nəzarəti altındadır.

Ermənistan tərəfinin bu növbəti təxribatına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh